Son xəbərlər

 

Bəlkə siz də fikir vermisiniz, Ramazan ayı gəlməzdən əvvəl Rəcəb və Şəban aylarında çoxlu imkanlar var ki, onların vasitəsi ilə Allahdan bağışlanmaq istəmək mümkündür.

 

Onsuz da Ramazan ayında Allahın rəhməti hamıya hansısa şəkildə şamil olacaqsa, bəs bu irəlicədən olan hazırlaşma nə üçündür?

 

Bir az öncə Rəcəb ayının duaları bizi bətninə aldı və bir qədər saflaşdırdı. Bu ayda tutduğumuz oruclar da bu işə vəsilə oldu.

Şəban ayı gəldi, həmin imkanlar getmədi. Yenə paklanmaq imkanları var. Çox uzağa getməyək, bu aya aid olan 2 zikrə nəzər salaq:

1. “Əstəğfirullahə və əs-əluhut təubəh”. (“Allahdan bagışlanmaq istəyirəm və Ona tərəf qayıdıram”).

2. “Lə iləhə illəllah və lə nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl muşrikun”. (“Allahdan başqa məbud yoxdur, müşrüklərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək ona ibadət edirik”

1-ci zikr ay ərzində hər gün 70 dəfə , digəri isə ay ərzində 1000 dəfə deyilməlidir.

 

Diqqətlə baxsaq, görərik ki, hər 2 zikr mənəvi saflaşmaya xidmət edir. Onu deyənin, zatən aid olduğu məkanla bağını bərpa edir və bu bağı möhkəmləndirir.

 

Bu ayda bu zikrlərlə yanaşı, oxunması tövsiyə olanuna “Şəbaniyyə” münacatı da var və Şəban ayında da oruc tutmağın fövqəladə əhəmiyyətli olması bildirilir.

 

İnsanın Allahla bir fitri bağlantısının olması heç kimdə şübhə doğurmur.

İnsan Allahdan gəlmiş, Allaha tərəf də qayıdacaqdır.

Amma bu 2 başlanğıc arasında insan harada olacaqdır?

Allahdan gələn insan, Ona tərəf dönə bilmək üçün bir daimi prosesə ehtiyac duymurmu?

Allah və insan arasında bir bağa və bu bağın daim və möhkəm olmasına ehtiyac yoxdurmu?

 

Əlbəttə ki, var.

Haradadır insan? Fitri olaraq o, yenə də Allahdadır. Başqa yerdə olması zatən mümkün deyil, çünki Allahdan kənar mövcudiyyət yoxdur və hər şey Allahla varlıq tapır.

 

Amma fitri bağ yetirmi?

Təəssüf ki, yox. Yetmir.

İnsan və Allah arasında bağın hər zaman möhkəmlənməyə ehtiyacı var.

 

İnsanın da bu prosesdə öz yeri var.

İnsan – o varlıqdır ki, iradə və ixtiyarla qüvvətləndirilmişdir. O, yalnız o halda bu prosesdə yer ala bilir ki, ona verilmiş ixtiyar nemətindən istifadə edir.

 

Əgər insan iradə və ixtiyarının əhəmiyyətini anlayıb, onu işə salarsa, bu prosesdə yer ala bilər.

 

Ona görə də deyə bilərik ki, Ramazan ayı öncəsi bizim üçün yaradılan imkanlar bir tərəfdən – İlahi qayğı və diqqətdir, digər tərəfdən isə bizim iradəmizi işə salıb-salmayacağımıza dair bir İlahi sınaq və ya imtahandır.

 

Bizdən gözlənilən çoxdurmu?

Xeyr.

Öz tutumumuza görə edəcəyimiz ən kiçik iradəvi hərəkətimiz belə, ibadətə hesablanır və ən əsası – bizim özümüzü qurmağımıza xidmət edir.

 

İstənilən sınaq ondan yaxşı çıxmaq üçün səy göstərənlərə mükafat vəd edir. Bu, təbii və məntiqlidir.

 

Ona görə Şəban ayında olan bəndəçilik fürsətələrini yetərincə dəyərləndirilməliyik, Ramazan ayının nemətlər süfrəsində “üzüağ, alnıaçıq” otura bilmək üçün indidən səy etməliyik.

 

Allah bizi mərhəməti və rəhməti ilə bağışlayacaq, amma biz də insan olaraq Ona olan sədaqətimzi və sevgimizi nümayiş etdirməliyik.

 

Allahdan Şəban ayının imkanlarından bəhrələnə bilmək üçün, hər birimizə İlahi yardımlar diləyirəm.

 

Ülviyyə Bədəl