Son xəbərlər

 


Ölüm – elə bir həqiqətdir ki, bəşər onun qarşısını almağa qadir deyildir. Ona görə də insanlar ölümdən həmişə qorxmuş və qorxmaqdadırlar.

 

Ölümdən qorxuya səbəb olan bəzi amillər ilə tanış olaq.

1. Bu qorxu insana təlqin edər ki, o, öləndən sonra yoxa çıxacaq və ondan heç bir əsər-əlamət qalmayacaqdır. Bu qorxunun mənşəyi – əqidə süstlüyüdür. Hər kim bu cür qorxuya qalib gəlmək istəyirsə, gərək əqidə və imanın gücləndirsin.

2. Belə təsəvvür edər ki, əgər ölərsə, onda nöqsanlar meydana gələr və əvvəlki halına qayıda bilməz. Halbuki, bu insan bilməlidir ki, ölüm, onun təkamülə çatması üçün bu dünyadan ayrılmasıdır. O zamana qədər ki, insan ölməz, naqis olar.

3. Qorxusu ondan olar ki, öləndən sonra bütün yaxınlarını itirəcək və onlarla rabitədə olmayacaqdır. Bu cür qorxunun əlacı – dünyanın fani olması barəsində təfəkkür etməkdədir. Bütün nəyi varsa, onların hamısını Allah ona vermişdir. İndi ki ölür, onları təzədən Allaha qaytarmış olur. Ona görə də buna görə qorxmaq lazım deyildir. Gün gələcək, yaxınlarını yenə görəcəkdir.

4. Düşmənlərinə görə qorxar ki, o, öləndən sonra onlar sevinəcəklər. Onların sevinib-sevinməməsinin nə təsiri?! Bütün bu qorxular – lənətlik şeytanın vəsvəsələridir.

5. Qorxusu ona görə olar ki, bütün ailəsi pərən-pərən düşər və düşmənləri onlara ziyan vurar. Öldüyü üçün onlara heç bir yardım edə bilməz. Bu da həmin şəxsin Allaha qarşı olan nadanlığından irəli gələr. Əgər Allaha inanırsa, belə bir qorxunu özünə necə yol verə bilər? Axı Allah daima Öz möminlərinin yanındadır və onları hər cür bəladan və düşməndən qoruyar. Ona görə də bu cür şeylərə görə qorxmaq lazım deyildir.

6. İlahi əzabdan qorxar. Allah Təala bu qorxunu mədh etmişdir. Çünki bəndə etdiyi günahlara görə Allahdan qorxar və bilməz ki, Allah onun günahını bağışlayıbdır, yoxsa yox. Ona görə əməllərinə diqqət edər, tövbəsini yubatmaz. (Həvzəh)

Ölüm – əslində bir körpüdür ki, bəndəni bir aləmdən başqa aləmə aparar və təkamül etməsinə səbəb olar. Bu fani dünyaya bağlanmaqdan qoruyar və diqqətini Allaha çevirər. Hər kim ölümdən qorxarsa, günahdan çəkinər və Allaha itaət edər. Ona görə də dinimiz bu cür qorxunu mədh edir və onu bəyənir. Çünki bəndənin tərəqqi etməsinə səbəb olar.