Son xəbərlər

 


Böyük bir qapı arxasında dayanmışıq… Başımız və çiyinlərimiz əyilmiş, qollarımız boşalmış, bədənimiz taqətdən düşmüş, qəlbimiz donmuş halda onu döymək istəyirik…
 
Əlimizə düyün vurub, qolumuzu birtəhər qaldlrıb bu hündür, ağ və işıq saçan qapını döymək istəyirik.
Bacarmırıq.
 
Düşüncəmizdə elə buradan demək istədiklərimiz dolaşır:
“Mən gəlmişəm bu qapıya, onu döyməyə, məni Zamanə Sahibim (ə.f) bura göndərib.
Rəcəb ayı olduğu üçün gəlmişəm.
Bu ayda doğulan Sənin Özünün seçdiyin kəslərin adını çəkirəm burada: Əli ibn Əbutalib (ə)Muhəmməd ibn Əli (ə) və Əli ibn Muhəmməd (ə) (Muhəmməd Baqir (ə) və Əliyyən-Nəqi (ə))
Onların adını çəkirəm ki, bu qapı üzümə açılsın.
Mənə yaxşılıq edəsən.
 
Ey, o kəs ki, yaxşılıq Ondan gözlənilər və Ondan (istəklər) istənilər!
Mənim halım hər kəsdən çox Sənə məlumdur.
 
Mən xətaları olan biriyəm.
Günahlarım əl-qolumu bağlayıb.
Günahlarım bəla və müsibətləri üzərimə yönəldib. Mənə hücuma keçib!
 
Buradan, bu qapı arxasından Sənə səslənirəm, Sənə yalvarıram: mənim peşmançılığımı dinlə!
Mənə, Sənə üz tutmağım səbəbi ilə, yaxşı bir əvəz ver!
Məni cəzalandırma! Məni Cəhənnəm atəşindən çıxart!
 
İstəklərimi dedim. Mövlam (ə.f) sınıq qəlblə bura gəlməyi, bu ayda Səndən istəməyi demişdi mənə.
Mən gəldim. İstədim. İndi isə gedim…
 
Amma… Getməzdən əvvəl yenə deyim…
Halım çox pisdir… Getməli olsam da, getmək istəmirəm…
 
Qəbul etdiyin bütün şərafətli yollar, Sənə yaxın edən bütün uca vasitələrlə Səni and verirəm ki, məni bu ayda geniş rəhmətinlə, saysız-hesabsız nemətlərinlə və mənə son mənzilimə daxil olanadək mənim üçün nəzərdə tutduğuna razı olan nəfslə məni əhatə edəsən.
 
Ülviyyə Bədəl