Son xəbərlər

 


İnsanı günahdan saxlayan məsələlərdən biri də İlahi əzab haqqında malik olduğu məlumatlardır. Qurani-Kərimin müxtəlif ayələrində cəhənnəm əhlinin çəkəcəyi əzablarla bağlı qeyd edilən məlumatlar, insanda nigarancılıq yaradır. Zatən Rəsulallahın (s) missiyası müjdə vermək və qorxutmaqdan ibarət olub. İmam Əli (ə) “Kumeyl” duasında İlahi əzablara işarə verərək qəflətdən ayılmağımızı istəyir:

 

 
“Ey mənim Allahım, Rəbbim, Mövlam! Hansı günahıma görə ağlayım-sızlayım, hansından Sənə pənah aparım? Düçar olduğum bəlanın əzab və şiddətindən, yoxsa uzun sürməsindən? Məni düşmənlərimin əzabına giriftar etsən, məni bəla əhlindən saysan, dostlarından və vəlilərindən ayırsan, aqibətim necə olar?”.
 
İlk olaraq Həzrət Əli (ə) mehribanlıqla Allaha, Ona olan bağlılığını, onun rububiyyətinə və himayəsi altında olmasına olan etiqadını bəyan edir. Daha sonra günahkar insanların dili ilə etdiyi günahların çoxluğunu etiraf etməklə, ağır yük altında olmasını etiraf edir. İmam (ə) bizə bildirmək istəyir ki, günahlar içində olan insan pərişan olmalı, ağlayıb-sızlamalıdır.
Eyni zamanda isə etdiyi günahlar onu ümidsizliyə salmamalı, yenə də asilik etdiyi Rəbbinə pənah aparmalıdır.
 
Bu dua, cəhənnəmdə başımıza gələ biləcək bütün müsibətlərin səbəbi olaraq özümüzü düçar etdiyimiz bəlaları göstərir. Daha sonra cəhənnəmdə verilən əzabların nəzərə çarpacaq cəhətlərini – şiddətini və uzun sürməsini bəyan edir. Biz dünyada Rəbbimizin nemət olaraq bəxş etdiyi Günəş şüalarının şiddətindən narahat oluruq. Halbuki, cəhənnəm əhlinin uzun sürən şiddətli əzabının qaynağı – İlahi qəzəbdir.
 
“Məni düşmənlərimin əzabına giriftar etsən..” cümləsi insanı çox narahat edir. Bir ömür Əhli-Beyt (ə) düşmənlərini özünə düşmən biləsən, yezid, müaviyə və bu kimi İlahi rəhmətdən uzaq olan zülm əhlini düşmən biləsən, amma sonda eyni məkanı paylaşasan... Allah, Allah!
 
Eyni zamanda İmam (э) bizə duanın müxtəlif yerlərində xatırlatdığı mövzunu bir daha yadımıza salır. Yəni, ibadət etməyimiz, İlahi mərifətə sahib olmağımız – İlahi əzabdan amanda qalmağımıza zəmanət vermir. Hər an şeytanın (lən) tələsinə düşüb, Allah düşmənləri ilə eyni aqibətə sahib ola bilərik.
 
“...məni bəla əhlindən saysan, dostlarından və vəlilərindən ayırsan, aqibətim necə olar?”. Qeyd edilən duada Əmirəlmöminin (ə) bizə bəyan edir ki, bəla əhlinin itirdiyi ən böyük nemətlərindən biri – İlahi dostlarla ünsiyyətdən məhrum olmaq və onlardan ayrı düşməkdir. İnsanın ən çox peşman olacağı mövzuların önündə zikr edilən bu mövzu, İmamın (ə) nəzərində narahat olmalı mövzularımızın da sırasında önəmli yer tutmalıdır. Çünki, bəzən duada İlahi əzabların içində məxsusən qeyd edilən bu bəyan, lazım olan həssaslıqla qəbul edilmir.
Allah Təala bizlərə dostlarının yanında yer versin!
 
Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu