Son xəbərlər

 


İnsanın şəxsiyyətinin formalaşması prosesinin baza hissəsi məhz uşaqlıq dövrünə təsadüf edir. Diqqət etsək, görərik ki, uşaqlıqda sevdirilən və ya nifrət etdirilən mövzuların əksəriyyəti bu gün də həyatımızda öz yerini qorumaqdadır. Bu baxımdan “uşaqdır” deyib, keçmək düzgün deyil.

 

Gərək uşaqlara mənəvi, ya maddi nələrin verildiyinə diqqət edək. Əks halda əti-qanı elə naqisliklərlə formalaşa bilər ki, böyüdükdə cəmiyyətin başağırısına çevrilməsi qaçılmaz olar.

 

Uşağa təqdim edilən qəhrəmanlara diqqət etmək lazımdır. Çünki hər bir şəxs qəhrəmanına oxşamağa çalışır.

Ölkədə bir neçə ildir ki, oktyabrın 31-də Avropanın məntiqi bəlli olmayan və bizim dəyərlərimizə tamamilə zidd olan “Hellouin” günü qeyd edilməyə başlayıb. Əslində çoxlu sayda müsbət dəyərlərə sahib bir millətin, “Cadugərlər günü” kimi qeyd edilən bir günə sahiblənməsi – əsil faciədir.

 

Amma bu, tam fərqli bir yazının predmetidir. Hazırda uşaqlara təqdim edilən bu günün nə qədər zərərli olması ilə bağlı mövzuya toxunmaq istəyirik. Uşaq nə qədər pak və gözəl dəyərlərlə böyüsə, cəmiyyət üçün bir o qədər gərəkli, faydalı insana çevrilə bilər.

 

Drakula, küpəgirən qarı, mumyalanmış cəsəd və s. kimi atributları, geyimləri olan gün, uşaqlara hansı müsbət dəyəri aşılaya bilər? Valideyn dükanda satılan yeməklərin keyfiyyətinə, faydalılığına bələd olmayana qədər onu alıb uşağına verməz. Amma necə olur ki, uşağın mənəvi kimliyinin qidası olan bu cür təqdimatlarda ehtiyat etmədən iştirak edir?

 

Doğrudanmı fikirlərşirik ki, uşaq tək maddi kimliyə sahib birisi kimi böyüsün və onun mənəvi kimliyi, hansı qəhrəmanları özünə örnək seçərək böyüməsi önəmli deyil?

Əgər kimsə bu cür fikirləşirsə, onda dəyərlərə qarşı məsxərə edən gəncliyin cəmiyyətdə formalaşmasına görə özünü günahsız bilməsin.

 

Allah Təala bizləri həqiqi qəhrəmanları tanıyıb, övladlarına tanıdanlardan qərar versin, inşəallah!

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu