Son xəbərlər

 

Söhbət açacağımız cinayət işində “həyatın dibi”ndə olanların yaşam tərzi - xəyanət, azyaşlıya qarşı əxlaqsızlıq, böhtan və s. bu kimi iddialar yer alır.

Kimin haqlı, kimin haqsız olduğunu ayırd etmək, doğurdan da, müşkül məsələdir. Nə azyaşlıya qarşı iyrənc hərəkətə cəhddə təqsirləndirilənə, nə ərini buna görə ittiham edənə, nə də “günahım yoxdur” deyib, fəryad qoparana haqq qazandırmaq olmur.

Bütün bu baş verənlərin fonunda isə qeyri-normal yaşayış tərzi sürənlər dayanır. Hansı ki, özləri ilə birgə 4 yaşlı körpəni də həmin bataqlığa sürükləyirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində 38 yaşlı Qobustan rayon sakini Dəyanət Comərdovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Dəyanət Comərdov ötən il iyunun 30-da gecə saatlarında Sumqayıt şəhərində kirayə yaşadığı mənzildə 4 yaşlı Cəmiləyə (ad dəyişdirilib - red.) qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunub.

İlk dəfə 16 yaşlı Zöhrəni qaçırdığına görə Dəyanət Comərdovun barəsində cinayət işi başlanılıb. Məhkəmə ona yüngül cəza təyin edib. Zöhrə ilə Sumqayıtdakı “Yaşıl dərə” deyilən ərazidə kirayə yaşayıblar. Birgə yaşadıqıarı dövrdə aralarında bir neçə dəfə narazılıq olub. Zöhrə atası evinə getsə də, hər dəfə əri onun arxasınca gələrək evə qaytarıb. Növbəti dəfə atasıgilə küsüb gedən Zöhrə əri ilə barışdıqdan sonra ögey bacısı Cəmiləni də özü ilə aparıb, uşaq bir neçə gün onlarda qalıb.

Ötən ilin iyununda rəfiqəsi ilə Sumqayıta gedən Zöhrəyə gecə saatlarında zəng vurub əri Dəyanətin balaca qızcığazı zorlamağa cəhd etdiyini, uşağı onun əlindən aldıqlarını xəbər veriblər. Zöhrə dərhal evə qayıdıb, Dəyanətin üz-gözünün şişdiyini şahidi olub. Ondan nə baş verdiyini soruşduqda isə Dəyanət “Məni Zaur şərləyib, heç nə etməmişəm” deyə cavab verib.

Təqsirləndirilən Dəyanət Comərdov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Zöhrə ilə 2015-ci ildə qeyri-rəsmi ailə qurduğunu, birgə nikahdan bir övladlarının olduğunu, arvadının yüngül həyat tərzi sürdüyünü deyib:

”Bir neçə dəfə onu oteldə tutmuşdum. Həmin gün Zöhrə qonşu qadınla birgə yenə də Sumqayıt yolundakı otelə getmişdi. Evdə iki yaşlı oğlumla birgə Zöhrənin azyaşlı ögey bacısı Cəmilə də vardı. Uşaqların hər ikisi də yatmışdılar. Zöhrəgilin gəlmədiyini görüb onun atasıgilə yollandım, qızının hərəkətləri barədə danışdım”.

D.Comərdovun ifadəsinə görə, qayınatası ilə birgə kirayə yaşadığı mənzilə qayıdanda polis əməkdaşları tərəfindən saxlanılıb: Mən Cəmiləyə qarşı əxlaqsızlıq etməmişəm. Bu böhtandır. Böhtanı da mənə qarşı qonşuluqda yaşayan Zaur adlı şəxs edib. Onun arvadımla yaxın münasibəti (Dəyanət həbs edildikdən sonra Zöhrə Zaurla bir yerdə yaşamağa başlayıb – red.) olub. Məhkəmədən barəmdə ədalətli qərar çıxarmasını xahiş edirəm”.

Məhkəmədə dindirilən 4 yaşlı qızcığaz Dəyanətin ona yemək, şirə aldığını, ona qarşı heç bir pis hərəkətə yol vermədiyini deyib: Zaur gəlib soka araq qatdı. Amma mən içmədim. Dəyanət mənə heç nə etməyib. Zaur edib. Həmin vaxt Zöhrə evdə yox idi. Polisdən qorxduğum üçün Dəyanətin adını çəkmişəm”.

Məsələnin ən ağrılı tərəfi odur ki, azyaşlı istintaqda tamam başqa cür ifadə verib. İfadəsində Dəyanətin “saqqallı kişi gələcək” deyə onu qorxutması, seksual xarakterli hərəkətlər etməsini göstərib: “Qonşu Zaur pəncərəni sındırdı, Dəyanəti vurdu, ağzı qanadı. Sonra bacım Zöhrə gəldi. Dəyanətdən başqa heç kim belə hərəkət etməyib”.

Məhkəmənin hökmü ilə Dəyanət Comərdov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Sozazadligi.org