Son xəbərlər

 


Avropa Şurası Parlament Assambleyası "Azərbaycanda siyasi məhbuslar" adlı qərəzli qətnaməni və AŞ Nazirlər Komitəsinə tövsiyəni səs çoxluğu ilə qəbul edib.

Təəssüf ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı bu qədər qərəzli mövqe nümayiş etdirməsi ilk dəfə deyil.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə əsasən, şübhəsiz ki, bu əvvəlcədən planlaşdırıldığından ermənipərəst deputatların üstünlük təşkil etdiyi AŞ PA bu dəfə də Azərbaycana qarşı qərəzli olduğunu nümayiş etdirdi: "Hətta inkişaf etmiş ölkələrdə siyasi gərginlik, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, kütləvi etiraz aksiyalarının baş verməsinə baxmayaraq, Azərbaycanda bu gün inkişaf, sabitlik hökm sürür, demokratik dəyərlərə mütənasib olaraq müsbət dəyişikliklər baş verir. Bütün bunları gözü götürməyən qüvvələr də elə insan hüquqları, demokratiya və siyasi məhbuslar kimi alətlərdən istifadə edərək ölkədə gedən demokratik proseslərə və təqdirəlayiq dəyişikliklərə kölgə salmaq istəyirlər.

Bir sıra sahələrdə olduğu kimi söz və mətbuat azadlığına münasibət də Azərbaycan Konstitusiyasında və qanunlarında təsbit olunmuş azadlıqlar kontekstində öz həllini tapır. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Hər kəsin bu və ya digər məsələ haqqında fikrini açıq söyləmək, özünü sərbəst şəkildə ifadə etmək azadlığı vardır. AŞ PA-nın sözügedən qətnaməsində bildirilir ki, guya mövcud hakimiyyət jurnalistləri evlə təmin etməklə, onları ələ alır və mətbuatı idarə edir. Halbuki bu gün Azərbaycanda ən çox mənzillə təmin olunan insanlar məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. O zaman haqlı olaraq belə bir sual ortaya çıxır: Niyə AŞ PA 20% torpağını işğal edən və Azərbaycanı məcburi köçkün problemi ilə üz-üzə qoyan Ermənistana qarşı heç bir sərt reaksiya göstərmir? Niyə AŞ PA-nın “ədalət prinsipi” burada yada düşmür?

Bundan əlavə AŞ PA təkid edir ki, jurnalistlərə qarşı istənilən sanksiyaların tətbiq edilməsi dayandırılsın. Bu, özü-özlüyündə əsassız tələbdir. Ümumiyyətlə, Azərbaycan demokratik prinsiplərlə idarə olunan cəmiyyət və dövlət qurmağa müvəffəq olmuşdur. İstər jurnalist, istərsə də qanunu pozan hər hansı bir şəxs konstitusiyada müəyyən olunmuş şəkildə öz cəzasını almalıdır. Unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir, belə dövlətlərdə də cinayətkar cəzasız qala bilməz. Əgər hər hansı bir şəxs bu və ya digər konkret cinayət əməlinə görə həbs olunursa, bu o demək deyil ki, həmin şəxsə siyasi məhbus donu geyindirməliyik. Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə həbs olunanlar var".

Ş.Həsənova vurğulayıb ki, bəzi anti-Azərbaycan təşkilatlar öz hesabat və qərarlarında real vəziyyətə, faktlara deyil, əsasən ölkədəki radikal müxalifətin mülahizələrinə əsaslanırlar: "Elə bu səbəbdəndir ki, AŞ PA rəhbərliyi belə qətnamələrin qəbul edilməsi zamanı Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət çevrələrindən yanlış və əsassız məlumatlar alır.

Mövcud qətnaməni qəbul edən AŞ PA unutmamalıdır ki, elə bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun suallarına cavab verən zaman haqlı olaraq vurğulayıb ki, “Bizdən idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur". Bunun mümkün olduğunu deyən Prezident əlavə etmişdir ki, “Azərbaycanda hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”.

Ölkədə gedən islahatları, bütün müsbət dəyişiklikləri özündə ehtiva edən bu açıqlamalardan sonra AŞ PA-nın mövcud qərəzli və ədalətsiz qərarı qəbul etməsi onun bir qurum kimi obyektivliyi barədə şübhə doğurur. Bu ədalətsizliyə sevinən anti-milli ünsürlər isə xalqı unudur. Onlar anlamalıdırlar ki, xalq ölkə başçısı cənab Prezident İlham Əliyevə inanır və onun yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir".