Son xəbərlər

 


Darıxan zaman ətrafımızda kimlərin olması, nələrin baş verməsi bizlərdə özünə maraq doğura bilmir.

 

Bəzən insanların əhatəsində olmağımıza baxmayaraq özümüzü çox tənha hiss edirik. Beynimizdə yaranan təlatümün, ürəyimizdə baş qaldıran sıxıntının mahiyyətini anlamırıq. Nə üçün, niyə?

 Nədən darıxmağımızın səbəbini heç cür tapa bilmirik. Hətta nə etmək isdədiyimiz belə cavabı mümkünsüz bir suala çevrilir. Əslində saniyələr ərzində milyon dəfə dəyişən, zamanla baş verənləri bir göz qırpımında bizə xatırladan düşüncələrimiz özümüzdən uzaq düşür. Düşüncələrimizlə bərabər özümüz özümüzdən uzaq düşürük. Nə baş verir o anda?

Necə dəyişə bilir məhz bu qədər düşüncələrimiz, fikir dünyamız?

Bəlkə dərin xəyallara dalırıq? -onu da bilmirik.

 Lakin zənnimcə özündən uzaq düşmüş birinin xəyala dalması mümkünsüzdür. Xəyallar düşüncələrimizin, beynimizin məhsuludur. Donmuş beynimiz düşünə bilmədiyi kimi xəyal qurmaq gücünü də itirir. Necə ki sıxıntımız olanda nəsə düşünə bilmirik. Beynimiz donmuş halda bizi bizdən alır. Əgər bizi bizdən alan xəyalımız deyilsə demək ki, beynimizi donduran başqa səbəbdir. Bəs bizi sakit dəniz dalğasına bənzədən bu sıxıntının səbəbi nədir?

 Dənizin dalğası dənizdən, onun sakit havadan aldığı ilhamdan xəbər verir.

  Bəs bizi darıxdıran səbəb nədir?

 Bəlkə şəhərin yorucu səs küyündən, bəlkə sabahımızı düşünmədən yaşamağımızdan, bəlkə reallıqları qəbul edə bilməməmizdən, bəlkə də özümüzə hörmətsizliyimizdən əmələ gəlir.  Bəlkə bircə dəfə bizə verilən yaşama şansına ehtinasızlığımızdan, bəlkə canı-qanı bizdən olan övladlarımıza qarşı məsuliyyətsizliyimizdən, bəlkə də başımızın tacı olacağı halda lazımsız kimi qocalar evinə atılan valideyinlərimizə qarşı yerinə yetirilməyən borcumuzdan. Bəlkə həyatımıza qarşı laqeyidliyimizdən, bəlkə günümüzdə baş verənlərə gözüaçıq baxma şansımız varkən korkoranə baxışlarımızdan, bəlkə də yaşamağın nə demək olduğunu düşünə bilməmək səbəbilə hər şeyə maraqsız yanaşmamızdan. Bəlkə mənəvi boşluğun hökm sürdüyü cəmiyyətimizdə kitab oxumağa olan ehtiyacımızdan, mənalı ömür üçün Tanrı tərəfindən bizə ərmağan edilən, yetərincə zövq ala bilmədiyimiz sonunda isə heç kimə qalmayanlara qarşı acgözlüyümüzdən, bəlkə də XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də cəhalətdən qurtula bilməməyimizdən xəbər verir bu sıxıntı. Bilmirəm yalnış düşünürəm, yalnış yerə yozuram, amma mahiyyətini anlamağa çalışdıqca içində daha çox itirəm bu sıxıntının, bu darıxmanın. Məni çox düşündürür bu darıxmalar, bu sıxıntılar. Bəs siz necə sıxıntınızın səbəbi barədə düşünmüsünüzmü?

P.S.  Zənnimcə düşünənlər çoxdur. Əsas olan tapdığımız səbəblə problemlərimizi həll edə bilmə bacarığımızdır. Özümüzü tanıma bacarığına sahib olmağımızdır.        

     Xatirə Tahirqızı

   Sozazadligi.org