Son xəbərlər

 


Müəllif: Eynulla Fətullayev

Sosial şəbəkələrdə Əli Kərimlinin mətbəx “revkom”unun (“inqilab komitəsi”, bolşeviklərə nəzərən-red.) iclasından ekstravaqant süjetlərin translasiyası davam edir. Sonuncu iclasda inqilab qaranquşları dünya neft bazarındakı situasiyanı müzakirə edirlər.

 

YAP-çı qızlıq familiyası Hacıyeva olan Gültəkin Hacıbəyli iclas iştirakçılarına elan edir: “Cənablar, sizlərə xoş xəbərim var! Mən sizi heyrətamiz xəbərlə təbrik etmək istəyirəm! Neftin qiyməti 14 dollara qədər düşüb”. Müxalifətçilərin bivec sifətlərində qəribə vulqar özündənrazı təbəssüm yaranır. Sanki müxalifətçilərə yaddan çıxmış Lenin meydanındakı milyonluq mitinq haqda xəbər çatdırıblar. Və ya utopik keçmişin unudulmuş qəhrəmanı Elçibəyin dirilməsini.

Lakin bizim bu İnessa Armand –Azərbaycanın solğun inqilab baharının anası özünəxas vulqar, yaramaz tonda neft lənəti haqda danışmaqda davam edir: “Mən Cəmil Həsənlidən təbrik gözləyirəm! Bizim unudulmaz sədrimizdən! (sədr axı formaldır, hamı bilir ki, “revkom”u Kərimli idarə edir) Neftin sonu gəlib çatdı”. Cəmil Həsənli-biabırçı ləhcəyə malik bu əyalət tarixçisi eynilə bu cür alçaqcasına və yaramazcasına madam Hacıyevanın vasvası-sarkastik tonunu dəstəkləyir: “Lütfən! Hələ təbrik üçün tezdir. Mən təbriki neft lap dibə enəndən sonra edəcəyəm. Bu hələ dib deyil”. Professorun dərin düşüncəsi onun tərəfdaşlarını vəcdə gətirir. “O hələ aşağı sürüşəcək, kövrəkdir”,-Qənimət Zahid Həsənlinin sözünə qüvvət verir...

Sual olunur-nəyə görə dünya neft bazarındakı böhran müxalifəti cuşa gətirir?! Bu nə mənasız sevincdir?

Hər şey olduqca banaldır və primitivlik dərəcəsində sadədir. Nəyə görəsə müxalifət özünü inandırıb ki, Azərbaycandakı siyasi stabilliyi dünya neft bazarındakı qiymətlər müəyyənləşdirir. Və azalan neft gəlirləri stabilizasiya fondundan büdcəyə transfertlərlə bağlı problemlər yaradacaq, bu da ölkədə sosial gərginliyə gətirib çıxaracaq. Ölkə üçün nə qədər pisdirsə müxalifət üçün o qədər yaxşıdır. “Revkom” bu yolla etiraz hərəkatını genişləndirmək və Azərbaycanda siyasi çaxnaşmalar yaratmaq niyyətindədir. Bütün ölkəyə münasibətdə açıq düşmən mövqenin nümayişidir. Şübhəsiz ki, belə düşmənçilik,- hansı ki, onların nəzərində bütün vasitələr vahid və qəddar hədəfə-arzu olunmayan hakimiyyəti devirməyə haqq qazandırır,- müxalifət düşərgəsinə şərəf gətirmir. Hərçənd biz nə haqda danışırıq?! Böyük bard öz mahnısında deyirdi-“təəssüf edirəm ki, şərəf sözü unudulub”. Vulqar sifətli yaramaz adamların alçaq sıralarında şərəf sözü çoxdan unudulub. Ancaq gəlin müxalifətin ucuzlaşan neft və onun sistem stabillyinə, siyasi praqmatizm baxımından indiki hakimiyyətin mövqeyinə təsiri barədə ümidlərinə nəzər yetirək.

Tutaq ki, Azərbaycan neftinin qiyməti koronarejimin kulminasiyası dövründəki Texas neftinin qiymətinin səviyyəsinə qədər endi. Tutaq ki, Azərbaycanın gəlirlərlə bağlı problemləri yarandı. Tutaq ki, ölkənin valyuta ehtiyatlarını xərcləmyə başladılar. Tutaq ki, biz iqtisadiyyatda mənfi tədiyyə balansı və büdcə kəsiri ilə üzləşdik, borca girdik...Doğrudanmı müxalifət bu alətlərin köməyinə ümid edir, obyektiv və təbii problemlər sayəsində ümumxalq üsyanına və dövlət çevrilişinin həyata keçirilməsinə nail olmaq istəyir?!

Əgər bu konsepsiyadan çıxış etsək, o zaman Əliyev hakimiyyəti hələ 2003-cü ildə dəyişməli idi. Neftin qiyməti 28 dollar olanda, üstəlik minimal dövlət büdcəsində və ölkədə çoxsaylı sosial problemlər mövcud olanda, Azərbaycan müxalifəti sistemli institusional siyasi qüvvəyə, xarici siyasi dəstəyə və maliyyə resurslarına malik olanda. Amma həlledici siyasi döyüş günündə müxalifət küçəyə 5 mindən çox adam çıxara bimədi. Eynilə bu cür siyasi iflas milli demokratları (Hakimiyyətin tərəfindən müxalifətə keçən Əli Kərimli və onun Xalq Cəbhəsi də daxil olmaqla) 2005-ci il permanent inqilabı dövründə də haqladı. Xatırladıram ki, bu böyük neft gəlirləri epoxasından və dövlətin strateji gəlirlərə malik olmasından əvvəlki vaxtlar idi. Müxalifətin Əliyev hakimiyyəti ilə qarşıdurmasının erkən vaxtları göstərdi ki, sosial problemlər və hətta iqtisadi çətinliklər ayrı-ayrı qrupların və hətta siniflərin sosial narazılıqlarının siyasi etiraz hərəkatına çevrilməsi demək deyil.

Az sonra, 2007-ci ilin qışında müxalifət yenə ölkədəki sosial problemlərdən istifadə etmək istədi, kommunal xidmətlərin qiymətlərinin artırılması üzərində parazitlik etdi. “Müsavat” qazın və suyun qiymətlərinin artmasına etiraz olaraq silsilə aksiyalar təşkil etməyə cəhd göstərdi. Yenə də iflas. Şəhərin kənarında-Ukrayna meydanında (sanki Ukrayna inqilabının yetişdiyini simvolizə edirdi) “Müsavat” özünün əzik-üzük bayraqları altına tərəfdaşlarının miskincəsinə azsaylı qrupunu toplaya bildi. Xalq yenə meydanlara çıxmadı.

İnsanlar neft gəlirlərinin dövlət büdcəsinin formalaşmasındakı rolunu dərk edərək neftin qiymətinin aşağı düşməsindən narahat ola bilərlər. Lakin bu narahatçılıq hakimiyyətə qarşı siyasi münasibətdə əksini tapmır. Və xüsusən də müxalifətə münasibətdə. Qoy lap hərdən müxalifət insanların eşitmək arzusunda olduqları şüarlar və dəyərləndirmələr irəli sürsün. Əgər dəyərləndirmələrdən danışsaq, son vaxtlar ən barışmaz və tənqidi səs elə Prezidentin öz səsidir. Ölkənin problemləri haqda İlham Əliyevdən kəskin, aktual və parlaq danışan yoxdur. Prezident ölkənin problemləri haqda açıq danışır-korrupsiya, ədalətsizlik, məmur sinfinin özbaşınalığı, vətəndaşların sosial haqlarının pozulması. İ.Əliyev tez-tez neft strategiyasından əl çəkməyə çağırır, öz hökumətinin bütün potensialını qeyri-neft sənayesinin inkişafına yönəldir.

Müxalifət dərk edir ki, Azərbaycan cəmiyyətinin böyük hissəsi üçün İlham Əliyevin alternativi yoxdur. Və həmin bu böyük hissə problemləri siyasi hakimiyyətin üzərinə yıxmır. Hətta ölkədə ən qeyri-məqbul sosial və siyasi situasiyada belə adamlar özlərində indiki prezidentin alternativini təsəvvür etmirlər. Və hakimiyyətin başlıca uğuru da bundadır.

Və əgər neftin qiymətinin müvəqqəti olaraq aşağı düşməsindən sevinib ümidlənən və siyasi müqavimətə çevrilə biləcək hipotetik sosial gərginliyin yaranmasını hesablayan müxalifətin məntiqindən çıxış etsək, o zaman nəyə görə gözlənilmədən ən firavan ərəb ölkəsi olan Liviyanı inqilab dalğası bürüdü? Və digər tərəfdən-nəyə görə həmin bu siyasi müqavimət ən kasıb və geridə qalmış ərəb ölkələrindən biri olan Mərakeşdə meydana çıxmadı?

Nəhayət, müxalifətdən olan kəmsavad diletantlar üçün ən bariz nümunə məğrur və məğlubedilməz Venesueladır. Sanksiyalar altında sıxılan və hətta müxalifətin liderini prezident kimi tanıyan Vaşinqtonun çox güclü təzyiqləri ilə qarşılaşan ölkədə əhalinin 90 faizdən çoxu aclıq çəkir, amma öz prezidentlərinin arxasındadır. Qüdrətli Qərb dünyası onun xoşuna gəlməyən siyasətçini ancaq o səbəbdən devirə bilmir ki, Maduronun arxasında xalqın böyük qismi, sadiq tərəfdaşları və ordu dayanır. Müasir dünya belə nümunələrlə doludur-Azadlıq adasından Çinə, İrandan İordaniyaya qədər...

Azərbaycan müxalifətçiləri birbaşa efirdə öz naşılıqlarını və siyasi prosesləri dərk etmədiklərini bariz şəkildə nümayiş etdirirlər. Azərbaycan hökumətinin rəqiblərinin bütün ideya-siyasi konsepsiyaı hipotetik olaraq siyasi etiraz hərəkatına çevrilə bilən kortəbii sosial etirazın meydana çıxması imkanları üzərində qurulub. Üstəlik müxalifət analitiklərinin təsəvvüründə Azərbaycan nəyə görəsə dünya və regional siyasi proseslərdən kənardadır. Və hakimiyyətə iddia edənlər ölkədəki situasiyanı qlobal siyasətdən ayrıca nəzərdən keçirirlər.

Tarixdə belə inqilablar baş verməyib. Müasir dünyada da inqilablar belə edilmir.