Son xəbərlər

 


Eynulla Fətullayev

İyrənc keçmiş haqqında yazmaq qorxunc dərəcədə çətindir. Ələlxüsus da, həmin keçmiş səni və ölkəni yoxa çıxmaq bilməyən kabusun qara kölgəsi kimi izləyirsə. Sən demə, Azərbaycanda “Qarabağ” adlı bir komitə yaradılıb.

 

Eyni adda komitə 30 il əvvəl Ermənistanda yenidənqurmanın erkən çağında ilk dəfə “Miatsum” şüarı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən saqqallı erməni qeyri-formalları və ictimai fəalları tərəfindən yaradılmışdı. Bizdə 30 il sonra ayılıblar. Ən paradoksal olanı isə odur ki, bu komitədə ümummilli məğlubiyyətimizdə və Qarabağın itirilməsində bilavasitə iştirak etmiş AXC hökumətinin artıq unudulmuş siyasətçiləri və üzvləri birləşiblər. İsgəndər Həmidov, Rəhim Qazıyev, Pənah Hüseynov və postsovetizmin erkən çağı ilə birlikdə dağılmış digər yararsız qalıqlar.

Azərbaycanlı kaputsinlər vadisinə geri dönməyə məni nə vadar etdi? Ölülərin və yaramazların arasında nə axtarıram? Öz motivimə hələ qayıdacağam.

Lakin indiyə kimi də mən Azərbaycanın siyasi fenomeninin tapmacasını aça bilmirəm. Rusiyada, Ermənistanda, Gürcüstanda, Moldovada... bir sözlə, MDB-nin bir çox ölkələrində siyasətçilər zamanlarının bitdiyini anlayırlar. Və çıxıb gedirlər. Ölkələrinə görə təəssüf və həyəcan hissi ilə, lakin ləyaqətlə. Misal üçün, mərhum Qaydarla ünsiyyətdə olmaq çox xoş idi. O, planetar miqyaslı insan və siyasətçi idi. Lakin məğlubiyyətdən sonra o, Rusiyanın intellektual elitasından olan çoxsaylı tərəfdarlarının müqavimətinə baxmayaraq, sadə olmayan qərar qəbul etdi və getdi. Arxasınca qapını da çırpmadı. 1990-cı illərin digər görkəmli siyasətçisi Ruslan Xasbulatov arxasınca qapını möhkəm çırpdı. Belarusun keçmiş və getmiş eks-prezidenti Şuşkeviçi də xatırlamaq olar... Yaxud da yolu daha gənc və passionar Paşinyana vermiş Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanı götürək. Mən şəxsən ünsiyyətdə olduğum siyasətçiləri xatırlayır və adlarını sadalayıram. İnanın ki, bu şəxsiyyətlərlə bizim tör-töküntü arasında keçilməz bir uçurum mövcuddur. Deyək ki, Pənah Hüseynovla Levon Ter-Petrosyanı nəhəng intellektual və mənəvi dərya ayırır... Bəlkə məğlubiyyətimizin də səbəbini elə burda axtarmaq lazımdır?

və bu möcüzə Azərbaycanın baş naziri idi

Bir vaxtlar Zərdüşt Əlizadə Pənah Hüseynova gözəl alleqoriya həsr etmişdi. Azərbaycanda milli-azadlıq hərəkatının məğlubiyyətinin mənbələri haqda düşünərək, Z.Əlizadə xalqın mayalandırdığı hərəkatı anasının bətnində olan uşaqla müqayisə etmişdi. Lakin düşük baş verdi. Və bu düşük Pənah Hüseynovu çox xatırladırdı... Budur, bu gün keçmiş baş nazir və dövlət katibi P.Hüseynov “Qarabağ” komitəsinə qaragüruhu və özünə oxşar nadanları toplayıb. Böyük əksəriyyət etibarilə bu nomenklatura SSRİ “KQB”sinin keçmiş agenturasıdır. Halbuki, müdriklərin deyiminə görə, keçmiş agentlər olmur. Özlərini Qarabağın xilaskarı elan etmiş fəallar arasında SSRİ “KQB”sinin keçmiş zabitlərinin çox tanış simaları da görünür. İndi Azərbaycanın siyasi zəmininin korşalmasının miqyaslarını anlayırsınızmı? Hərçənd, artıq nə zəmin var, nə də landşaft – yalnız dəvətikanı bitmiş sonsuz səhra mövcuddur...

Pənah Hüseynov aztirajlı nəşrlərdən birində böyük müsahibə ilə çıxış edib. Əlbəttə, mən Pənah Hüseynovun yalnız Dağlıq Qarabağın deyil, onun ətraf rayonlarının da təslim edilməsinə aparan yolu açmış Xalq Cəbhəsinin dövləti cinayətlərinə növbəti dəfə axmaqcasına bəraət qazandırmaq cəhdini diqqətdən kənarda qoymalı idim. Lakin AXC hökumətinin karikaturalar qəhrəmanı olan baş naziri P.Hüseynov, eyni zamanda digər müxalif siyasətçi Əli Kərimli məni ittiham edirlər ki, Azərbaycan qoşunlarının Şuşaya doğru hərəkətini dayandırmışam. “E.Fətullayevin Şuşa haqqında çıxışı yanlışdır. Əli Kərimlinin üstünə düşən Eynulla hakimiyyət qarşısında günahları və səhvləri barədə susur...” Bunun ardınca da təhrif olunmuş və məntiqi düşüncə ilə pis uyuşan axmaq söz yığını.

Bir daha oxucuların diqqətinə çatdırıram. Sosial şəbəkələrdəki qeydlərimdən birində mən Azərbaycanın Qarabağdakı əsas şəhərinin süqutunun 27-ci ildönümü ərəfəsində Şuşa ilə Qüds arasında paralel aparmışdım və xatırlatmışdım ki, bizim artıq gözləmək haqqımız yoxdur. Axı üstündən 30 il keçdikdən sonra ərəblər özlərinin çoxəsrlik tarixlərinin itirilməsi ilə barışıblar. Əlbəttə ki, bu, bir qəlb harayı və cəmiyyəti oyatmaq, onu Qarabağın və Şuşanın müvəqqəti də olsa itirilməsi faciəsini anlamağa və yenidən dərk etməyə səmimi çağırış istəyi idi...

Müxalifət nə edir? Əli Kərimli və həmin bu Pənah Hüseynov? İkiüzlü şəkildə bəyan edirlər ki, Eynulla Şuşanı təhvil verməyə çağırır və bu, jurnalistin deyil, bütün hakimiyyətin mövqeyidir. Mən Şuşanı unutmağa və təhvil verməyə harada çağırmışam? Hakimiyyətin bura nə dəxli? Siz bir diqqət yetirin, üstündən 30 il keçsə də, Qarabağı təhvil vermiş AXC liderləri Şuşanın lap elə adından yapışaraq, hakimiyyətə və özlərinin siyasi rəqiblərinə necə olur olsun, qara yaxmağa hazırdırlar. Başqa sözlə, 30 il əvvəl olduğu kimi, Şuşanın özünə tüpürüblər. Qarabağın özü kimi, Şuşa da onlara lazım deyil. Daxili siyasi didişmə və çarpışma üçün yeni cəhd. Lakin əgər 30 il əvvəl onlar şəhərin özü ilə alver edirdilərsə, indi Şuşanın xatirəsi ilə alver edirlər.

Axı şəhərə aparan yollar minalardan təmizlənmişdi, qalanın özü isə erməni qoşunlarına az qala müqavimətsiz təhvil verilmişdi və Pənah Hüseynovun müasirləri – Serj Sarkisyan və Bako Saakyan bu barədə məmnuniyyətlə danışırlar!!! Ermənilər özləri etiraf edirlər ki, Şuşanı və Qarabağı almaqda onlara Azərbaycanda xaos, qarışıqlıq, vətəndaş qarşıdurması yaratmış, fəaliyyətdə olan prezidenti devirmək üçün qoşunları Qarabağdan çıxarmış Xalq Cəbhəsi kömək etmişdi. Diqqətsiz oxucum olan Pənah Hüseynovun diqqətinə çatdırmaq istəyirəm ki (müsahibəsində etiraf edir ki, mənim hər sözümü diqqətlə izləyir), bu barədə mən 15 il əvvəl özümün “Qarabağ gündəlikləri”mdə yazmışdım və buna görə Pəhan Hüseynovun hazırda əməkdaşlıq etdiyi Azərbaycan hakimiyyəti tərəfindən günahsız olduğum halda mühakimə olunmuşdum. Bəli, mən onun hansı kabinetlərdə olduğunu, “Qarabağ”ın müdafiəsini imitasiya etmək xatirinə kimlərdən pul aldığını bilirəm...

Bəli, Pənah Hüseynov haqlıdır: mən yazmışam ki, Qarabağı Əli Kərimli Elçibəylə, İsa Qəmbərlə, İsgəndər Həmidovla və Pənah Hüseynovun özü ilə birlikdə təhvil verib.

İndi isə bütün bu qocalmış və əldən düşmüş tör-töküntü Şuşanı qaytarmaq üçün “Qarabağ” komitəsi yaradır. Özlərinin döyüşsüz təhvil verdikləri şəhəri.

Bu, məğlub AXC xadimlərinin – hakimiyyətin indiki muzdlu agenturasının çıxışlarına son replikadır. Bəlkə heç cavab verməyə dəyməzdi?! Xalq hərəkatının ədəbsizcəsinə eybəcər Pəhan Hüseynovu çox xatırlatdığı kiçik, əcaib düşüyünü dəfn etməyin vaxtı çoxdan çatıb...