Son xəbərlər

 


Eynulla Fətullayev

Proloq əvəzi

 

Bir neçə il əvvəl Fransada mənimlə fransalı media-biznesmen arasında kiçik bir sövdələşmə olmuşdu. Ödəmə zamanı məlum oldu ki, lazım olan məbləğdə pulum qalmayıb. İşin tərsliyindən debet  bank kartı ilə bağlı da problem yarandı. Mən Kanndan gəlmiş həmin biznesmenə 5 min avro borclu qaldım.

-Əgər siz mənə etibar etsəniz qayıdıb pulu Azərbaycandan göndərərəm.

-Azərbaycan,-fransız çoxmənalı tərzdə təkrarladı.

-Bəli, Bakıdan.

-Bəs bilirsinizmi ki, indi sizin birinci ledi, İlham Əliyevin xanımı bizim şəhərdə-Kannda Azərbaycan Mədəniyyəti Günləri keçirir?,-xaraktercə hər adama etibar etməyən fransız soruşdu.-Əgər siz Azərbaycandan, Əliyevlərin ölkəsindən gəlmisinizsə o zaman mən sizin sözlərinizə inanıram. Anlaşdıq!

 

Biz bir-birimizin əlini bərk-bərk sıxdıq, fransızın zəif ingilis dilində dediyi bu sözlər məndə ikiqat məsuliyyət yaratdı. Bakıya qayıdandan dərhal sonra ləngimədən Banka qaçdım və dərhal fransızın borcunu göndərdim.

  ***

Hər adama inanmayan fransızın sözlərində mənə toxunan o oldu ki, bizim kiçik, tamamilə yad və heç də sona qədər formalaşmamış ölkəmiz qərbin aparıcı ölkələrindən birində bu cür səmimi şəkildə qəbul edilirdi. Təəsüf ki, güclü erməni diasporundan fərqli olaraq azərbaycanlı mühacirələrin birinci dalğasının-Topçubaşovun, Ceyhun Hacıbəyovun, Şeyxülislamovun, Məhərrəmovun və Birinci Respublikanın Paris sülh konfransında iştirakları sayəsində bolşevik təqiblərinin küləyindən qıraqda qalan digər xadimlərinin varisləri öz milli kimliklərini itirdilər, fransızlaşdılar və öz xalqları ilə bağları, mental əlaqələri kəsdilər. Əgər həqiqətin gözünə dik baxsaq Azərbaycanın Fransada tanınmasında əvəzedilməz rolu Üçüncü Respublikanın banisi Heydər Əliyev və əlbətdə ki, onun varisi İlham Əliyev oynadılar. Və şübhsiz ki, Azərbaycanın Fransada vizit kartı Parisin siyasi bomondu tərəfindən sevilən  birinci ledi-Mehriban xanım oldu.

Əliyevlərin Parisdəki feyerik uğurları heyrətamizdir. Özünün mühakimə edin, prezidentin möhtəşəm xarici siyasət nailiyyətlərini necə qiymətləndirməmək olar! Elə bu günlərdə Fransanın Lion şəhəri 2017-ci və 2018-ci illərdə Desin-Şarpye və Sen-Etyen şəhərləri ilə Azərbaycanın erməni işğalı altında olan Şuşa və Xocavənd şəhərləri arasında imzalanmış dostluq haqda müqavilələləri ləğv etdi. Məhkəmənin qənaətinə görə, həmin razılaşmalar Fransa Konstitusiyasının ölkənin ərazi bütövlüyünü nizamlayan 73-cü maddəsinə və ölkənin digər qanunlarına ziddir.

Beləliklə, Fransa məhkəmələri indiyə qədər Fransanın şəhərləri ilə Ermənistanın Dağlıq Qarabağda yaratdığı oyuncaq rejimin rəhbərliyi arasında imzalanmış 9 belə razılaşmanı ləğv edib.

İlham Əliyev Türkiyə kimi güclü dövlətin edə bilmədiyini edib. Rəsmi Ankara Parislə hələ də soyuq müharibə içərisindədir. Və bunun da tamamilə arqumentləşdirilmiş və məntiqi izahı var, axı söhbət qüdrətli dünya erməniliyinin kök saldığı və uzun əsrlər boyu möhkəmləndiyi dövlətdən gedir.

Müxtəlif qiymətləndirmələrə əsasən Fransada milli kimliyini qoruyub saxlamış yarım milyondan çox etnik erməni yaşayır. Özü də erməni diasporu Fransada ticarət köşklərində təmsil olunmayıb, fransız siyasəti və maliyyə eltası ilə orqanik şəkildə bağlanıb. Axı Berlin konqresindən başlayaraq, XIX əsrin ortalarından etibarən məşhur “erməni məsələsi” Britaniya və Rusiya ilə yanaşı Avropanın axsağı-Osmanlı imperiyasının üzücü xəstəliyi ilə əlləşən Fransız imperiyasının siyasi gündəmində möhkəm kök salmışdı. Fransada ilk erməni qəzetləri XIX əsrin ortalarından nəşr olunmağa başlamışdı, fransız şüurunda erməni milli özünüdərkinin təsirləri isə öz başlanğıcını erməni Luiziyanlar sülaləsindən olan Kirp krallarının devrilməsindən götürür. Ermənilər Fransada hər yerdə və hər sahədə var-siyasətdə, parlamentdə, hökumətdə, banklarda, KİV-lərdə...

Məşhur erməni milyarderlər Gülbenkyan və Manukyan isə yüksək fransız aləmində ümumi ismlərə çevrildi

Erməni diasporunun ilkin olaraq fransız burjuaziyasına və aristokratiyasına, postmarksist dövründə isə siyasi və maliyyə elitasına nüfuzu erməni məsələsinin dəyişməz siyasi aktuallığına dəlalət edir. Qarabağın Azərbaycandan ayrılması təşəbbüsü ilk dəfə harada səslənmişdi? Fransız kommunistlərinin qədim nəşri “Humanite”də! Akademik Aqambekyanın müsahibəsini, onun ardınca fransız cəmiyyətinin birmənalı şəkildə ermənipərəst mövqeyini xatırlayırsınızmı?! Hansı ölkənin parlamenti “erməni soyqırımı”nın inkarına görə qeyri-adekvat cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edib? Fransa Böyük Məclisi!...Erməni diasporunun qeyri-məhdud təsir imkanları barədə bədnam siyahını sonsuzadək davam etdirmək olar.

Lakin Azərbaycandan Parisə ilk pəncərəni bütün dünyada tanınan sovet miqyaslı siyasətçi Heydər Əliyev açdı. Heydər Əliyevin böyük siyasi istedadı, diplomatiya sənəti, misilsiz şəxsi keyfiyyətləri və əlbətdə ki, şəxsiyyətinin fenomenal miqyası sayəsində Fransua Mitteran və Jak Şirak kimi böyük siyasətçilər yenicə müstəqillik qazanmış Azərbaycana diqqət yetirdilər.

Uzaq və tanış olmayan Azərbaycanın liderini Yelisey sarayında hansı fəxri mərasimlə qəbul edirdilər. Və bizim nəzərlərimizdə günü gündən, saatbasaat ölkə öz geosiyasi əhəmiyyətinə və müstəsna müstəqilliyinə qovuşdu.

Və Heydər Əliyevin varisi-yeni prezident İlham Əliyevi də Parisdə qolları geniş açaraq qarşıladılar. Prezident Avropa siyasətinin birinci skripkası Sarkozini Azərbaycanın ən yaxşı dostuna çevirdi. Daha sonra isə Əliyev və Makron bir-birlərini yarım sözdən anlamağa başladılar.

Damla daşda iz buraxır. Sözün hərfi mənasında Mehriban Əliyevanın parlamentlərarası əməkdaşlıq və mədəniyyətlər dialoqu çərçivəsində apardığı gündəlik sistemli və gərgin iş sayəsində proqressiv fransız elitasının qəlbinə və düşüncəsinə yol açıldı, günü gündən əsrlik stereotipləri sındıraraq və qüdrətli erməni sosial qrupunun siyasi təsir alətlərini məhdudlaşdırmaqla.

Nəticələr isə özünü çox gözlətmədi. Paşinyan və onun “inqilabçılar yığnağı” ötən ilin payızında Yerevanda Frankofoniya günləri zamanı Makronu hansı təntənə, özündənrazılıq və liberal rəqslərlə qarşılamışdı?!

Paris ayinə dəyər! Nəzakətli Avropa təbəssümü arxasında diasporal diqtənin altında qərar verən  fransız bələdiyyələrinin siyasi motivli hərəkətlərinə haqlı əminlik dayanır. Nəzakətli və zərif Avropa təbəssümü hələ o demək deyil ki, onun daşıyıcısı işğalçılıq siyasətini bölüşür və işğal zonasını müstəqil ərazi kimi qəbul edir. Axı damla da daşda iz buraxır!

Və Azərbaycan hakimiyyətinin gündəlik sistemli, gərgin işi oyuncaq rejimin haqsız olaraq tanınması ətrafında şübhə örtüyünü qaldırdı. Bu bütövlükdə dünya erməniliyinin və ayrıca olaraq Fransadakı erməni diasporunun  böyük məğlubiyyətidir. Son illərdə ilk dəfə olaraq erməni diplomatiyası, eləcə də diasporu Avropanın qəlbində öz mövqelərini itirərək ciddi zərbə alıb.

İşğalçı rejimin beynəlxalq miqyasda tanınmasına vurulan zərbə Azərbaycanın daxilində Paşinyanın qarabağlı səhra komandirlərinin militarist ritorikasını davam etdirən, hətta bir az da gücləndirən, Azərbaycanla qarşıdurmanı dərinləşdirmək kursu götürən hökumətinə asimmetrik cavab tələbi ilə artan tənqidi səslərə də gözəl cavabdır.

Fransa məhkəmələrinin Ermənistanın işğal zonasında qurduğu fantom rejimin legitimləşdirilməsi oyununu pozan hökmləri Paşinyanı istər-istəməz özünün  inqilab gurultusunu azaltmağa məcbur edəcək. Ermənilər dünya ictimaiyyətinə Bako Saakyanın oyuncaq rejimini və onun əldəqayırma hökumətini münaqişənin tərəfi kimi təqdim edə bilməyəcəklər. Bu dəfə oyun keçmədi...