Son xəbərlər



Ötən gün prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr edilmiş təntənəli mərasimdəki çıxışı zamanı “unudulmuş 90-ları” xatırladıb. Prezident bir daha cəmi 11 ay duruş gətirən və “surətçilərin” qarşısından qaçıb Heydər Əliyevə sığınan AXC-Müsavat hakimiyyətinin rəhbərliyində yer alan şəxslərin keyfiyyətlərindən, daha doğrusu necə keyfiyyətsiz olmalarından bəhs edib, indiki nəslin həmin günləri və həmin adamların əməllərini unutmamalı olduğunu deyib.

Həmin günləri isə hərdən xatırlamağa dəyər. Çünki bu adamların əksəriyyəti hələ də özlərini indiki hakimiyyətin alternativi, yaxud müxalifət hesab edirlər, rüsyavçı keçmişlərinə baxmayaraq hələ də siyasi səhnədən çəkilmirlər.

Prezident çıxışında adlar çəkməyib, amma AXC-Müsavat hakimiyyətində baş nazir, parlamentin spikeri, müdafiə naziri, daxili işlər naziri, xarici işlər naziri və baş prokuror kimi vəzifələri tutan şəxslərin barəsində koloritli ifadələrlə (hərəsi haqda təxminən bir abzats olmaqla) bəhs edib.

Məsələn, İlham Əliyev AXC-Müsavat hökumətinin baş nazirini, yəni həmin Pənah Hüseyni “otkat” sözünün Azərbaycan lüğətinə gətirən adam adlandırıb. Pənah Hüseyni, rayon tarix Fəlsəfə İnstitutunun bu keçmiş elmi işçisini adətən  “mövsümi ticarətlə”, yəni doğulduğu Sabirabad rayonunda yetişən qarpızları Bakının kolxoz bazarlarında satmaqla məşğul olmaqla tanıyırdılar. Və onun bu biznesi barədə ötən əsrin 90-cı illərinin əvvəllərində xalq arasında çoxsaylı lətifələr də yaranmışdı. Amma belə görünür ki, Pənah Hüseynin qabiliyyəti təkcə bununla bitməmişdi, o, tarixi təsadüf nəticəsində hakimiyyətdə ən yüksək postlardan birinə oturan kimi əsl korrupsionerə , “otkat” mexanizminin qurucusuna çevrilmişdi.

 

Bir çoxları deyə bilər ki, axı o dövrdə ölkəyə indiki kimi neft dollarları axıb gəlmirdi, iqtisadiyyat darmadağın, büdcə bomboş idi və dağılmış sovet iqtisadiyyatının xarabalıqları arasında Pənah Hüseyn nə oğurlaya , mənimsəyə bilərdi?

Lakin kim bunun əksini iddia edə bilər ki, əksər keçmiş sovet respublikalarında məhz təlatümlü 90-cı illərdə sonradan milyarder-oliqarxlara çevrilən zirəklər ilk iri kapitallarını sovet iqtisadiyyatının dağıdılması, talan edilməsi sayəsində qazanmışdılar? Azərbaycanda da belə idi-fəaliyyətini dayandırmış sənaye müəssislərinin qiymətli avadanlıqları, hər cür dəmir-polad konstruksiyalar, hətta tramvay relsəri metal tullantısı adı altında doğranaraq qonşu İrana satılırdı.

 

Bu, sanballı gəlir, təmiz valyuta  gətirən biznes idi və dayanmış sənaye müəssisələrinin əmlakını talamaq üçün onları “yararsız” kimi silməyin əvəzində baş nazirə, AXC-Müsavat hökumətinin digər məmurlarına “otkat” ödənirdi. Nəticədə cəmi bir neçə ay ərzində onlar öz güzəranlarını əməlli-başlı düzəldə bilmişdilər. Özlərinə Bakıda evlər, torpaq sahələri, avtomobillər alırdılar.

O cümlədən keçmiş “obexes”-çi İsgəndər Həmidov öz silahlıları ilə həmin metal biznesinə “krışalıq” edirdi. İndiki nəslə xatırlatmaq lazım gəlir ki, sovet dövründə Daxili İşlər Nazirliyinin dövlət əmlakının mənimsənilməsinə qarşı mübarizə şöbəsi, yəni xalq arasında “obexes” kimi tanınan şöbə sovet sistemində ən korrupsiyalaşmış struktur idi. Və general mundirini geyinib  AXC-Müsavat hökumətinin daxili işlər naziri postunu tutan kimi keçmiş “obexes”çinin qarşısında hüdudsuz imkanlar açıldı. Həmidovun rəhbərliyi altında DİN AXC-Müsavat hökumətinin ən korrupsiyalaşmış, talançılıqla məşğul olan strukturlarından birinə çevrildi. O, öz dəstəsi ilə indiki terminlərlə desək, həm reyderliklə məşğul olurdu, həm özünü toxunulmaz elan edərək barəsində ən cüzi tənqid səsləndirənləri belə şəxsən cəzalandırmaq ixtiyarına sahib olduğunu düşünürdü.

Prezidentin də çıxışında xatırlatdığı kimi, İsgəndər Həmidovun, daxili işlər naziri postunu tutan adamın onu tənqid edən jurnalistləri necə şəxsən cəzalandırmasına, AzTV-nin studiyasına canlı yayımda basqın etməsinə dair faktlar tarixin, üstəlik indi internetin yaddaşında var. Bu həmin İsgəndər Həmidovdur ki, “Ayna-Zerkalo” qəzetinin şöbə müdiri Canahgir Hüseynovu amansızcasına döymüşdü. Sosial-demokrat partiyasının sədri, “İstiqlal” qəzetinin redaktoru Zərdüşt Əlizadənin başını yarmışdı, onu maşının yük yerinə qoyaraq özbaşınalıqları ilə ad çıxarmış “bandotdel”ə aparmışdı. Yaxud İsgəndər Həmidovun qəzeti bürmələyib jurnalistin ağzına soxması kimi “şücaətləri” də yaddan çıxmayıb.

ANS kanalının arxivindən indi  YouTube-də yerləşdirilmiş maraqlı videokadrlara yəqin oxuculardan baxanları var. Bu həmin anlardır ki, İsgəndər Həmidov öz qoçuları ilə AzTV-nin studiyasına basqın edib. Basqından dəqiqələr sonra o zamankı AMİP sədri deyir: “Bu xarabada hökumət yoxdu. Nə prezidentləri bir “zibildir”, nə baş nazirləri...”

 

Jurnalistlər daxili işlər nazirinin özbaşınalıqlarını və özünün səviyyəsiz küçə qoçusu kimi aparmasını parlamentdə qaldırmağa nail olandan sonra İsgəndər Həmidov “Azadlıq” qəzetinin redaksiyasına yollanmışdı. Onun özbaşınalıqlarına etiraz edən jurnalistlərə belə demişdi:  “Döymüşəm, yaxşı eləmişəm! İndiyədək kimi döyürdüm. İndi istefa verəcəyəm, öldürəcəyəm!”

İsgəndər Həmidov Bakıda öz dəstəsi ilə qoçuluq, reketliklə məşğul olduğu bir vaxtda onun doğulduğu Kəlbəcər erməni mühasirəsinə düşmüşdü və işğal edilmək üzrəydi. Əlbətdə, bu “şanlı” general ara-sıra döyüş bölgəsinə də yollanırdı və belə gedişlərindən biri zamanı Bakıya telefonla təxminən belə məruzə etmişdi: “Erməniləri darmadağın etmişik, hamısı qaçır, bu saat yanımda bir maşın erməni meyiti var”. Və cəmi bir neçə gün sonra Kəlbəcər işğal edildi...

Yaxud həmin İsgəndər Həmidov Kəlbəcərin işğalı günlərində Ermənistana “nüvə bombası” atmaqla hədələmişdi. Və o, AXC-Müsavat hakimiyyətinin süqutu ərəfəsində biabırçı şəkildə istefa verdi. Təsadüfi deyil ki, onun adı həmin hakimiyyətin əsas qəbirqazanlarından biri kimi tarixə keçdi.

AXC-Müsavat hakimiyyətinin parlamentdə dediyi  “Şuşa getsə başıma güllə çaxaram” sözlərlə tanınan müdafiə naziri Rəhim Qazıyev də ondan geri qalan deyildi. Hərbdən heç bir anlayışı olmayan bu populist-avantüristin müdafiə naziri təyin edilməsi, özü də ermənilərin bir-birinin ardınca Qarabağda yaşayış məntəqələrini işğal etdiyi bir vaxtda, o vaxtkı hakimiyyətin ən gicbəsər addımlarından biri hesab edilə bilər. Bu adam Şuşanın satqınçılıq, xəyanət nəticəsində ermənilərə təslim edilməsinin əsas baiskarlarından biridir və vaxtilə Rəhim Qazıyevin üzərində qurulmuş məhkəmə prosesində bütün bu hadisələr, xəyanətlər barədə çoxsaylı faktlar, dəlillər açılmışdı. Nəticədə onu ən ağır cəzaya-güllələnməyə məhkum etmişdilər və həmin cəza ömürlük həbslə əvəz olundu.

Məhz Rəhim Qazıyevin Rusiya kəşfiyyat-hərbi dairələri ilə oyuna girib təmsil olunduğu hakimiyyəti devirmək və prezident postunu ələ keçirmək niyyətləri üzündən cəbhə boyu bir-birinin ardınca xəyanətlər baş verirdi. Nəticədə yeni formalaşan ordunun, könüllülərin düşməndən azad etdiyi yaşayış məntəqələri əldən verilirdi. Və Şuşa getdi, Rəhim Qazıyev isə başına vəd etdiyi gülləni vurmadı...

2004-cü ildə Qazıyev indiki prezident İlham Əliyevin humanizmi sayəsində azadlığa çıxdı və indi bu adam yenə ortalardadır, qocalıb əldən düşsə də yenə köhnə şakərindən əl çəkmir və öz aləmində “siyasi fəaliyyətlə” məşğul olmağa çalışır.

Prezident AXC-Müsavat hakimiyyətinin baş prokuroru olmuş İxtiyar Şirinov barədə də danışıb, yenə də ad çəkmədən. O da digərlərindən geri qalmayan komik personaj idi və 1993-cü ilin iyununda Gəncədə Surət Hüseynovun tələbi ilə öz prezidentinə-Elçibəyə qarşı həbs sanksiyasını imzalayacaq qədər iradəsizlik, biabırçılıq nümayiş etdirmişdi. Qiyamı yatırmağa , Surətin əllərini qandallayıb Bakıya gətirmək üçün gedən baş prokurorun özü ələ keçmişdi və həmin biabırçı sanksiyanı imzalamışdı.

AXC-Müsavat hakimiyyətinin daha bir qondarma “sərkərdəsi”, daxili qoşunların komandanı olan Fəhmin Hacıyev də o vaxt surətçilərə biabırçı şəkildə təslim olmuşdu və girovluqdan Gəncə çayının yatağı ilə qaçmaqla canını qurtarmışdı. Bu həmin Fəhmin Hacıyev idi ki, 1992-ci ilin mayında AXC-nin həyata keçirdiyi çevriliş zamanı qara “QAZ-24”-də parlamentə tərəf yürüş edən kütlənin önündə gedirdi.

Kütlə parlamentin binasına yaxınlaşanda o zamankı “Moskva” mehmanxanasının damından atəş açmağa başladılar. Və qarışıqlıq yaranmışdı və həmin hadisələrin canlı şahidlərinin də xatırladığı kimi, Fəhmin Hacıyev qorxusundan huşunu itirmişdi. Onu Fəxri Xiyabandakı məzarlardan birinin başdaşının arxasına çəkib üzünə su vurmaqla ayıltmaq mümkün olmuşdu...

Yaxud yenicə müstəqillik əldə etmiş ölkədə sovet diplomatiya məktəbinin azərbaycanlı yetirmələrindən kimisə deyil, heç bir xarici dildə danışa bilməyən və diplomatiya elminin əlifbasından belə xəbəri olmayan birinin-Tofiq Qasımovu xarici işlər naziri təyin edən hakimiyyətin ömrü 11 ay çəkibsə bunun özü də təəcüblü sayılmalıdır.

Keçmiş komsomol fəalı,, leninçi-komsomolçu və sonradan üzdə “elçibəyçi”, arxada “yurdçu” olan Əli Kərimlinin siyasi keçmişi barədə də təkzibedilməz faktlar yaxın tarixin yaddaşlarında qalır. Bu adamın xəyanət və satqınçılıq karyerası haqda dəfələrlə yazılıb, danışılıb.

Həmin Əli Kərimlinin ki, AXC-Müsavat hakimiyyətində dövlət katibi postunu tutan kimi prezident kürsüsünə göz dikmşdi! O dövrün siyasi burulğanlarının içərisində olanlar deyirlər ki, Kərimli Prezident Aparatında sürətlə özünə “yurdçulardan” ibarət fraksiya yaratmağa başlamışdı və öz tərəfdarları ilə xəlvəti yığıncaqlar keçirib Elçibəyin “bu gün- sabah” hakimiyyətdən gedəcəyini, nəticədə hakimiyyəti ələ almağa hazırlaşmağın lazım gəldiyini deyirdi.

Bu fraksiyaçılıq və flüger xisləti sonradan partiyaya çevrilən AXCP-də də davam etdi. Kərimli partiyanın yerli strukturlarında sürətlə öz adamlarını yerləşdirirdi.  “Yurdçular” masonsayağı gizli yığıncaqlar keçirərək Kərimlinin partiyada şəriksiz liderliyini təmin etmək planları qururdular. Bir çox hallarda AXCP-nin “islahatçı” qanada bağlı olan rayon təşkilatlarının rəhbərləri yerli icra hakimiyyətlərindən aylıq maaş da alırdılar. İndi hər gün pafosla söz və mətbuat azadlığından danışan Kərimli onun barəsində müxalif düşərgədə azacıq da olsa tənqidi danışanları, yazanları ya “Müsavatın agenti”, ya “qaragüruh qanadın nümayəndəsi” (Kərimlinin fraksiyası AXCP-dəki Elçibəy tərəfdarlarını məhz bu cür adlandırırdı) hesab edirdi...

“Unudulmuş 90-ların” bütün bu tragikomik personajları hələ də siyasi səhnədən çəkilmirsə bu o demək deyil ki, onlar dəyişiblər, yeni siyasi texnologiyaları mənimsəyiblər və ya öz savadlarını, qabiliyyətlərini artırıblar. Xeyr, onlar necə varsa elə də qalıblar , təqvim 2019-cu ili göstərsə də...

Siyasət şöbəsi