Son xəbərlər

 


Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının mühüm istiqamətlərindən biri kimi qeyri-neft sənayesi də inkişaf etməkdədir.

Son illərdə bu sektorda bir-birinin ardınca ixracyönümlü və xarici bazarlarda rəqabətədavamlı məhsulların istehsalı üçün yeni zavodlar açılır. Belə müəssisələrdən biri də ötən ilin noyabrında prezident İlham Əliyevin açılışını etdiyi, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan, “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodudur.

 Açılış mərasimində məlumat verilmişdi ki, zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac olunacaq. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisium, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Zavod 2016-cı ilin fevralında rezident kimi qeydiyyata alınıb. Layihənin əsas təyinatı metallurgiya sənayesində son məhsulun istehsalı üçün tələb olunan ferroərintilərin lazımi səviyyədə təmin edilməsi və həmin sənaye sahəsinin idxaldan asılılığının nisbətən aradan qaldırılmasıdır.

İlham Əliyev zavodun açılışında

Beləliklə, Azərbaycanda ilk ferroərintilər zavodunun açılışından bir il ötüb keçdi. Bəs hazırda müəssisə necə işləyir, istehsal olunan ferroərintilərin ixracı necə təşkil edilib, gələcək planlar nədən ibarətdir? Bu və digər suallara “Baku Non Ferrous and Foundry Company” MMC-nin direktoru Hənifə Hənifəzadə haqqin.az və virtualaz.org saytlarına müsahibəsində cavab verir:

-Əvvəlcə müəssisənin yerləşdiyi Sumqayıt Sənaye Parkı haqda. Əlvan metallar və ferroərintilər zavodunun bu parkın rezidenti olmasının hansı üstünlükləri var, park qeyri-neft sənayesinə  yatırım qoymaq istəyən investorlara hansı imkanlar yaradır?

- Bildiyiniz kimi prezident İlham Əliyevin  göstərişi ilə 2011-ci il dekabrın 21-də ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılıb.

Direktor Hənifə Hənifəzadə

Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Şirkətimiz də bu əlverişli şəraiti, parkın rezidenti olmağın üstünlüklərini və investorlara təqdim edilən güzəştləri nəzərə alaraq öz zavodunu Sumqayıt Kimya Sənaye Parkında qurub. Parkın digər rezidentləri kimi şirkətimiz də 7 il ərzində əmlak, torpaq və mənfəət vergilərindən, o cümlədən istehsal məqsədi ilə idxal etdiyi texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV, gömrük rüsumları ödəməkdən azaddır. Bütün bu güzəştlər və parkda yaradılan şərait qeyri-neft sənayesinə yatırım qoymaq istəyən investorlar üçün kifayət qədər əlverişli şərait yaradır.

 -Müəssisənin fəaliyyətə başlamasından bir il ötdü. Bu müddət ərzində hansı həcmdə məhsul istehsal edilib?  Zavodun  inkişaf planları və istehsal gücü haqda nə deyərdiniz?

-Bəli,  cənab prezident İlham Əliyev 2018-ci il noyabrın 16-da müəssisəmizin açılışını edib və bu günlərdə zavodumuzun açılışından bir il ötdü. Qürurla deyə bilərəm ki, əldə etdiyimiz nəticələrdən məmnunuq.

Müəssisəmiz, adından da göründüyü kimi, ferroərintilərin istehsalı üçün nəzərdə tutulub və 3 hissədən ibarət olacaqdır. Hal-hazırda 1-ci hissə tamamlanıb və istehsal müəssisəmizə 51 milyon dollar  vəsait qoyulub. Lakin layihə üç hissədən ibarətdir və müəssisənin üç hissəsinin tam hazır olub istismara verlməsi üçün cəmi 110 milyon dollar yatırım qoyulması nəzərdə tutulub.

 Ötən bir il əzində müəssisə 25 min ton FeSi (ferrosilisium) istehsal edib. Üç əlavə sobanın quraşdırılaması başa çatandan  sonra isə bu sobalarda FeXr (ferroxrom), FeMn( ferromanqan), FeSiMn (ferrosiliko manqan) istehsal olunacaq və illik istehsal həcmi 80 min ton təşkil edəcək.

-Azərbaycanda ferro ərintilər zavodu ilk dəfə açılır və bu baxımdan ad bir çoxlarına tanış gəlməyə bilər. Bəs ferroərinti nədir və onun qara metallurgiya  sənayesində hansı əhəmiyyəti var? Nəyə görə bu zavodun açılması Azərbaycanın metallurgiya sənayesi üçün mühüm hesab edilməlidir?

 -Dəmirin digər kimyəvi elementlərinin yaratdığı binar (ikili) birləşmələrinə ferro ərinti deyilir. Bu ferro ərintilər əsasən qara metallurgiya sahəsində polad və çuqun istehsalında istifadə olunur və həmin məmulatların müxtəlif mexaniki xassələrini əldə etmək məqsədi daşıyır. Ferro ərintilər zavodunun əhəmiyyətini vurğulamaq üçün təkcə bu faktı xatırlatmaq kifayət edər ki, bu qatqılarsız heç bir polad və çuqun istehsalını təsəvvür etmək mümkün deyil.

Adi poladlarda bunların miqdarı 0,3 faizdən çox olmamalıdır, Silisium və manqan elementi istisna olmaqla. Legirli və yüksək legirli poladlarda isə bunların miqdarı 0.5 faizdən yuxarı olur. Ferro ərintilərə misal olaraq Ferrosilisium (FeSi), Ferrosiliko manqan (FeSiMn), Ferromanqan (FeMn), Ferroxrom (FeXr), Ferro volfram, Ferro vannadium, Ferro molibden, Ferro kobalt və s.göstərmək olar. Bu ərintilər poladın tərkibində markalara müvafiq olaraq dəmirdən sonrakı həmin 2-ci elementi artırmaq məqsədi ilə verilir və poladların mexaniki xassələrini: axma həddi, möhkəmlik həddi, zərbə özlülüyü, korroziyaya davamlılıq, istiliyə davamlılıq, yüksək-mənfi tempraturda işləmək qabiliyyəti və s. xassələrini yaxşılaşdırır. 

 -Bəs zavodda ferror ərintilərin istehsalı hansı texnoloji ardıcıllıqla həyata keçirilir?

 -Zavodumuzda ferro ərintilərin istehsalı filiz bərpaedici elektrik qövslü sobalarda aparılır. Adından da göründüyü kimi burada xammal kimi həmin kimyəvi elementlərin filizləri dağ-mədənlərində təbiətdə yayıldığı formada xako-genidlər şəklində (oksid və ya sulfid birləşmələr şəklində) olan filizlərdən istifadə olunur. Konkret olaraq bizim müəssisənin istehsalatında dəmir filizi, kvarsit (silisium tərkibli), daş kömürdən istifadə edilir. 

-İstehsal edilən ferro ərintilərin ixracı ilə bağlı vəziyyət necədir? Zavodun məhsullarına xarici bazarlarda tələbat varmı?

 -Qeyd etməliyəm ki, zavodumuz müasir texnologiyalar əsasında dünya bazarında rəqabətədavamlı ferroərintilər istehsal edir. Nəticədə istehsal etdiyimiz məhsula tələbat var. Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən İstehsal olunan məhsullarımızın 95 faizi xarici ölkələrə ixrac olunur. Bu ölkələrə misal olaraq Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazxıstan, İtalya, Birləşmiş Ərəb Əmirlikləri, Makedoniya, Yaponiya, ABŞ, Kanada, Misiri göstərmək olar. Qalan hissəsi isə yerli şirkətlərdən Qafqazın ən böyük polad istehsalçısı olan “Baku Steel Company” MMC-yə satılır. 

 -Bəs mütəxəssislər sarıdan korluq çəkirsinizmi? Axı ferroərintilərin istehsalı Azərbaycan üçün yeni istehsal sahəsidir, nəticədə ölkədə bu sahədə təcrübəli mütəxəssislər  tapmaq çətinlik törətməliydi…

 -Zavodun rəsmi açılışı zamanı prezidentin də verdiyi tövsiyələrə əsasən yeni istehsal sahələrində peşəkar mütəxəssislərinin hazırlanması uğurla həyata keçirilir. Belə ki bir il ərzində şirkətimiz xaricdən 10 nəfərdən çox təcrübəli mütəxəssisləri yerli kadrların hazırlanması üçün bu işlərə cəlb edib. 

Sumqayıt Kimya Sənaye Parkı

Bu gün qürurla deyə bilərik ki Azərbaycanda ferroərintilətr istehsal edə biləcək yerli peşəkar mütəxəssislər formalaşıb.  Hal-hazırda şirkətimizdə 150 nəfər işçi heyəti çalışır, zavodun tikintisi tam bitdikdən sonra 600 nəfərdən çox işçi birbaşa istehsalda iş ilə təmin olunacaq. İşçilərin orta aylıq əmək haqqı isə 1175 manat təşkil edir.

Şirkətimiz adından deyə bilərəm ki, bu yeni istehsal sahəsi prezident İlham Əliyevin  qeyri-neft sektorunda apardığı uğurlu iqtisadi siyasətin bəhrəsidir. Bununla Azərbaycan ilk dəfə olaraq ferroərintilər istehsal edən azsaylı ölkələr sırasına daxil olub. Kollektivimiz adından cənab Prezidentə öz dərin minnətdarlığımızı bildiririk.

F.Məmmədov