Son xəbərlər

 

İranda yanvarın 8-də səhərə yaxın Tehran aerportundan Kiyevə uçmaq üçün havaya qalxan Ukrayna sərnişin təyyarəsinin raketə necə tuş gəldiyinə dair görüntülər yayılıb.

 

Həmin görüntülərin hadisə rayonunda yaşayan sakinlərdən biri tərəfindən çəkildiyi güman edilir. Kadrlara əsasən təyyarə olduğu təxmin edilən uçan obyektdə qəfil alovlanmadan yaranan parıltı görünür, bir neçə saniyə sonra partlayış səsi eşidilir. İşığın obyektivə səs siqnallarından daha tez çatdığı nəzərə alınarsa təxmin etmək olar ki, həmin partlayış səsi raketin təyyarəyə dəyməsindən yaranır.

 

Xatırladaq ki, “Boeing-737-800” tipli təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfər həlak olub. Onlardan 41-i İran, 43-ü Kanada vətəndaşlarıdır. Təyyarənin qəzaya uğraması İranın İraqdakı Amerika aviabazalarına raket zərbələri endirdiyi saatlara təsadüf edib. Əvvəlcə qəzanın texniki səbəblərdən baş verdiyi haqda veersiya irəli sürülüb, lakin daha sonra qalıqlar arasından Rusiya istehsalı olan və İran ordusunun silahlanmasında yer alan  “Tor-M2” zenit raketinin fraqmentləri aşkar edilib. Təyyarənin təsadüfən İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu daha sonra Pentaqon da təsdiq edib.

Ehtimal edilir ki, İnqilab Keşikçiləri Korpusunun general Qasım Süleymaninin qisasını almaq üçün Amerika bazalarına endirdiyi raket zərbələrinin ardınca İran Birləşmiş Ştatların mümkün cavab zərbələrinə hazırlıq üçün öz hava hücumundan müdafiə qüvvələrini işə salıb. Bu zaman iki “Tor” raketi buraxılıb və onlardan biri Ukrayna təyyarəsini vurub.

“The Drive” nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp İranın İraqa endirdiyi raket zərbələri zamanı Amerika hərbçilərinin həyatını qorumağa imkan verən, onları raket hücumu barədə xəbərdar edən sistem barədə danışarkən Space Based Infrared System (SBIRS) kosmik infraqırmızı müşahidə sistemini nəzərdə tuturdu. Bu, hələ soyuq müharibə dövründə yaradımış məxfi sistemdir və idarəetmə mərkəzi Merilend ştatında yerləşir. Amerika nəşri təxmin edir ki, Pentaqon məhz həmin sistemin köməyi ilə İranın “Tor” zenit-raket kompleksinin Ukrayna təyyarəsini vurmasını faktiki olaraq canlı izləyə bilib.

SBIRS sistemi nəhəng sayda kəşfiyyat məlumatları əsasında işləyir və raketlərin buraxılmasını, onların hədəfə dəyməsini qeydə alır.

Xatırladaq ki, Ukrayna mütəxəssisləri təyyarənin raketlə vurulması ehtimalını araşdırmaq üçün İrana ezam ediliblər. Qrupa 2014-cü ildə Donbas səmasında Rusiyanın “Buk” zenit-raket kompleksi ilə vurulan Malayziya təyyarəsinin fraqmentlərini araşdıran mütəxəssislər də daxildir.(Virtualaz.org)