Son xəbərlər

 


İşğal altındakı Kəlbəcərdə qanunsuz məskunlaşmış erməni fəal, politoloq Aleksandr Kənanyan Tərtərçayın üstündə daha bir Su Elektrik Stansiyasının tikilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

O, Tərtərçayın üstündə sayca dördüncü SES-in tikildiyini, nəticədə ətraf mühitə fəlakətli ölçülərdə ziyan dəydiyini bildirir.

Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, Kənanyan aclıq aksiyası barədə ötən gün yanvarın 21-də özünün “Facebook” səhifəsində bildirib. O, Kəlbəcər-Ağdərə regionunda çayların üstündə tikilən bütün kiçik SES-lərin ekoloji təhlükəsizliyini araşdırmağa çağırıb.

 

Kənanyan bildirir ki, hakimiyyət “energetikanın inkişafı” adı altında Qarabağın su şəbəkəsini dağıdır . “Yollar və mənzillər tikmək, məskunlaşmanı genişləndirmək, kiçik və orta biznesi dəstəkləmək, müdafiə və sosial layihələrə pul ayırmaq əvəzinə onlarla kiçik SES-lər tikir.

“Qarabağın əsas çayları artıq borularla axır. Yüzlərlə kvadratkilometr ərazi susuz qalıb. Kəlbəcər və Laçın rayonları bir neçə oliqarxın hərisliyinə görə normal inkişaf və məskunlaşma perspektivlərini itirib”,-“kəlbəcərli” Kənanyan deyir.

O, bildirir ki, Kəlbəcər ərazisində kiçik SES-lərin tikintisi korrupsiya ilə bağlıdır. Kənanyan ermənilərin “Karvaçar” adı verdikləri Kəlbəcərin “administrasiyasından” 24 saat ərzində Tərtərçayın üstündə bütün SES tikintilərini dayandırmağı, Dağlıq Qarabağın qondarma “hakimiyyətindən” isə bundan sonra Kəlbəcərdə hər hansı SES tikintisinə icazə verməməyi tələb edir.

Aleksandr Kənanyan müntəzəm olaraq özünün Facebook səhifəsində Tərtərçayın qurumasından, ətraf ərazilərin səhralaşmasından yazır. Bildirir ki, indi oliqarxlar çayın aşağı hissəsində, Kəlbəcər dərəsi istiqamətində tikinti aparır. Tikinti üçün ora ağır avadanlıqlar daşınır.

Xatırladaq ki, Dağlıq Qarabağdakı işğalçı rejim illərdir regionun iti axan dağ çayları üzərində çoxsaylı kiçik Su Elektrik Stansiyaları inşa edir. İşğalçılar bu stansiyalar hesabına elektrik enerjisi istehsalını o dərəcədə genişləndiriblər ki, artıq onu ixrac etməyə də hazırlaşırlar. Güman edilir ki, Dağlıq Qarabağda hasil edilən elektrik enerjisi Ermənistana, oradan isə İrana ötürülə bilər.

Virtualaz.org