Son xəbərlər

 


Milli Müdafiə Nazirliyi İdlibdə artilleriya atışları nəticəsində 5 əsgər və 3 mülki şəxsin şəhid olduğunu bildirib...

 

“Aydınlık” qəzeti, Türkiyə, 4 fevral 2020-ci il

Türk artilleriyası Suriyanın mövqelərini vurmağa başladığı zaman 76 Suriya əsgərinin zərərsizləşdirildiyi­ qeyd edilib.
İdlibdə nə baş verir?

İdlibdə gərginlik get-gedə yüksəlir. Gecə baş verən toqquşmalar zamanı 5 türk əsgəri və 3 mülki şəxs şəhid olub. Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada deyilir: “Bölgədə təyin olunan hədəflər dərhal atəşə tutularaq lazımi cavab verildi və hədəflər məhv edildi”.

Cavab atəşi nəticəsində 76 Suriya əsgərinin zərərsizləşdirildiyi­ açıqlanıb.

Ərdoğandan Rusiyaya “yolumuzu kəsməyin” cavabı

Prezident Rəcəb Teyyub Ərdoğan Kiyevdə Ukrayna Prezidenti Zelenski ilə birgə keçirdiyi mətbuat konfransı zamanı İdlibdəki proseslərdən bəhs edib.

Ərdoğan deyib:

“Təəssüf ki, bu səhər İdlibdəki rejim qüvvələri yenidən hücuma keçib və 5 əsgər, 3 mülki şəxs şəhid olub. İstər hava, istərsə də quru olmaqla onlara hər yerdən lazımi cavabları veririk və verməyə davam edəcəyik. Xahiş edirəm ki, Astana və Soçi Sazişləri çərçivəsində hər kəs öz öhdəliklərini bilsin və biz də bu çərçivədə işimizi davam etdirək”.

Ərdoğan çıxışı zamanı Rusiyaya da öz sözünü deyib: “Buradakı həmsöhbətimiz siz deyilsiniz, tamamilə rejimdir. Ona görə də bizə müdaxilə etməyin. Çünki biz burada şəhid verərkən, bu hadisələrə səssiz qalmağımız mümkün deyil”.

Türk təyyarələri sərhədi keçməyib

Ərdoğanın sözlərindən sonra hücum barədə Rusiyadan da açıqlama gəlib. “Reuters”in verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi mühüm bir iddia irəli sürüb. Türkiyənin İdlibdəki əməliyyatları səbəbiylə Rusiyaya xəbərdarlıq vermədiyi irəli sürülüb və Suriya qüvvələrinin bu səbəblə Türk əsgərlərini hədəf aldığı qeyd edilib. Digər tərəfdən, nazirliyin açıqlamasında türk müharibə təyyarələrinin Suriya sərhədini pozmadığı vurğulanıb.

Bəs İdlibdə nə baş verir?

İdlib Suriyada radikal terrorçuların yerləşdirildiyi son bölgədir. Əvvəllər Suriya ordusundan qaçan bir çox silahlı dəstə İdlibə yerləşib və orada yaşamağa çalışıb. Bu qrupların ən böyüyü olan Heyəti- Təhrir Dəməşq isə hakimiyyəti digər qruplardan alaraq İdlibin 90%-nə nəzarət etməyə başlayıb. İndi isə Suriya qüvvələri bölgədəki bütün terror ünsürlərinə son qoymaq üçün böyük bir hərəkat keçirir. Xan Şeyxundan sonra kritik M4 və M5 magistral yollarının kəsişməsində yerləşən Saraqib bölgəsində də nəzarət ələ keçirilib.

M4 və M5 magistral yolları niyə əhəmiyyətlidir?

Hələb və Laziqiyyəni birləşdirən M4 yolu ilə Hələb və Həma üzərindən Dəməşqi birləşdirən M5 magistral yolu önəmli bir təchizat nöqtəsidir. Soçi Sazişində də bu yollara nəzarət edilməsi tələb edilib və həmin yollar uzun müddətdir Heyəti-Təhrir Dəməşqdə əsgərləri tərəfindən kəsilib. İndi Suriya Ordusu Saraqibə girərək bu yolların kəsişdiyi nöqtəyə çatıb. Beləliklə, zaman keçdikcə Dəməşqin nəfəs borusu yenidən açıla bilər.

Ankaranı köç məsələsi narahat edir

Türkiyə hər nə qədər Suriya ordusunun irəliləməsinə bu günə qədər ciddi şəkildə etiraz etməsə də, Türkiyənin dəstəklədiyi qruplar Suriyaya qarşı qərəz yaradır. Buna baxmayaraq, iki ölkə üz-üzə gəlməməyə çalışırlar. Türkiyə Suriyanın bu əməliyyatlarının yeni bir köç dalğasına səbəb olacağından narahat olur. Əhalisi 3,5 milyon olan şəhər Türkiyə sərhəddindən sadəcə 130 kilometr uzaqlıqda yerləşir. Prezident Ərdoğan da hazırda 1 milyon insanın Türkiyə sərhədinə gəldiyini bildirib. Ancaq İdlib Sazişi ilə qərarlaşdırıldığı kimi silahların toplanması və M4-M5 avtomobil yollarının yenidən açılması baş tutmadıqda Suriya və Rusiya bu işi öz bildikləri kimi görürlər.

İdlib əməkdaşlığı

Prezident Rəcəb Teyyub Ərdoğanın Soçidə keçirilən İdlib zirvə görüşündə imzaladığı Silahsız Zona Sazişinin maddələrinə görə, Türkiyə və Rusiya istənilən halda Suriyadakı terrorçuluqla mübarizə mövzusunda qətiyyət göstərirlər. Razılaşma şərtləri aşağıdakı kimidir:

1. İdlib gərginliyinin azalma bölgəsi qorunacaq. Türkiyənin müşahidə nöqtələri gücləndiriləcək.

2. Rusiya Federasiyası İdlibdə hərbi əməliyyatların və hücumların qarşısını almaq üçün lazımi tədbirlər görəcək və mövcud status qorunacaq.

3. Silahsızlaşdırma zonası yaradılacaq və bölgə 15-20 km olacaq.

4. Silahsızlaşdırma zonasının sərhədləri sahədəki işlərlə müəyyənləşdiriləcək.

5. Bütün radikal terrorçu qruplar 15 oktyabradək silahsız zonadan çıxarılacaq.

6. Ağır silahlar, o cümlədən döyüşən tərəflərə aid bütün tanklar, çox lüləli raket atıcıları, top və minaatanlar 10 oktyabrda İdlibdəki silahsız bölgədən çıxarılacaq.

7. Silahsızlaşdırma zonalarındakı yoxlamalar Türkiyə və Rusiya əsgərləri tərəfindən aparılacaq. Pilotsuz uçuş aparatları ilə havadan da yoxlama aparılacaq.

8. İlin sonunadək M4 - M5 avtomobil yolunun təhlükəsizliyi təmin ediləcək və nəqliyyatın hərəkəti üçün açılacaq.

9. İdlibdə davamlı atəşkəs rejiminin təmin edilməsi üçün effektiv tədbirlər görüləcək. İran, Türkiyə və Rusiya ortaq koordinasiya mərkəzi yaradacaq.

10. Tərəflər hər cür vəziyyətdə Suriyada terrorizmlə mübarizəyə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Xronologiya: Vəziyyət necə bu həddə çatdı?

- Türkiyə sərhədinə yaxın məsafədəki İdlibin böyük bir hissəsi Heyəti Təhrir Dəməşq (HTD) təşkilatının idarəsindədir.

Qazaxıstanın paytaxtı Nur Sultanda 23-24 yanvar 2017-ci ildə Türkiyə və Rusiya liderliyində atəşkəs elan edilib.

- Türkiyə, Rusiya və İranın iştirak etdiyi 4-5 May 2017-ci il tarixində Astana toplantısında, İdlib vilayəti və qonşu vilayətlərin (Laziqiyyə, Həma və Hələb) bəzi bölgələri, Humusun şimalı, paytaxt Dəməşqdəki Şərqi Quta ilə ölkənin cənub bölgələri (Dəra və Quneytra əyalətləri) 4 ədəd gərginliyi azaltma bölgəsi yaradılıb.

- Terrorçular atəşkəs rejiminə əməl etmədikləri üçün Suriya ordusu İdlibdən başqa digər bölgələri də geri alıb.

- Türkiyə, Rusiya və İran arasında 2018-ci ildə bağlanmış müqavilə ilə İdlib vətəndaşların zərər görməməsi və mülayim müxalif qruplarla terrorçuların ayrılması üçün silahsız bölgələr yaradılıb və bu bölgələrə müşahidə nöqtələri qurulub. Burada mülayim müxaliflərlə terrorçuları ayırmaq vəzifəsi Türkiyəyə verilmişdi. Bu çərçivədə Türkiyə, İdlibdə 12 müşahidə nöqtəsi qurub.

- Lakin terrorçularla “mülayim müxalifləri” ayırd edə bilməyib və atəşkəs imkanından istifadə edən HTD Azad Suriya Ordusu kimi “müxalif müxalifləri” ləğv edərək İdlibdəki mövqeyini möhkəmləndirib.

- Bu tarixdən sonra Suriyanın terrorçulara qarşı başlatdığı hər əməliyyat Türkiyənin təkidi ilə ləğv edilib.

- Son atəşkəs davam edərkən, 2019-cu ilin noyabr ayında Rusiya Xarici iİşlər naziri Sergey Lavrov: “İdlib terror yuvasına çevrilib. Təəssüf ki, bölgədəki türk həmkarlarımız terror əməllərinə başlamamış silahlı müxalifləri Əl-Nüsrənin terrorçularından ayırmaq vəzifəsini hələ yerinə yetirməyiblər”.

- 2019-cu ilin dekabrında Suriya ordusu Rusiyanın hava dəstəyi ilə geniş İdlib əməliyyatına başlayıb.

- Yanvarın 13-də Liviya yönümlü danışıqlar üçün türk heyəti Moskvada olub. Liviya xaricində MİT prezidenti Hakan Fidanla bağlı gündəm Suriya idi. Hakan Fidan Suriya Milli Təhlükəsizlik Bürosunun rəhbəri Əli Məmluq ilə görüşüb.

- 19 yanvardakı Berlin zirvəsindən qayıdarkən təyyarədə bir jurnalistin: “İdlibdə baş verən böhran Türkiyə ilə Rusiya arasında bir problem yarada bilər mi?”, sualına Ərdoğan belə cavab verib: “Strateji əlaqələr aramızdakı münasibətləri çox daha güclü bir səviyyəyə daşıyır. Burada hər hansı bir problemlə qarşılaşacağımızı düşünmürəm”.

- Yanvarın 29-da Suriya ordusu İdlibin ən böyük rayonu olan Maarət əl-Numanı terrorçulardan təmizləyib. Beləliklə, Suriya ordusu üçün kritik olan Hələbi Laziqiyyə ilə birləşdirən M4 və Dəməşqə qədər uzanan M5 magistral yollarının kəsişməsində yerləşən Saraqib rayonunun yolu açılmış oldu.

- Yanvarın 29-da Ərdoğan: “Astana prosesi deyə bir şey qalmadı”, deyib.

- 30 Yanvarda ABŞ-ın Suriya üzrə Xüsusi Nümayəndəsi Ceyms Cefri: “Bildiyiniz kimi, Türkiyənin İdlibdə ciddi sayda əsgərləri var. Türk əsgərləri bizim NATO müttəfiqimizdir. Onlara heç bir şey olmayacağına əmin olmaq istəyirik. Türkiyəyə kömək edəcəyik”, deyib.

- 30 Yanvarda Türkiyə Saraqib rayonunun şərqi başda olmaqla, müşahidə nöqtələrinə davamlı hərbi dəstək göndərməyə başlayıb.

- Yanvarın 30-da yeni adıyla “Suriya Milli Ordusu” olan ASO Suriya Ordusuna müharibə elan edib.

31 yanvar və 1 fevral tarixlərində Fərat Qalxanı bölgəsi olan Əl Babda yerləşən Azad Suriya Ordusu (ASO) Suriya ordusunun nəzarət etdiyi bölgəyə hücum edib.

- Fevralın 1-dən 2-nə keçən gecə Rusiya qırıcı təyyarələri fevralın Bab rayonunun ərazisindəki üç nöqtəni hədəf alıb. Bombalar köhnə bir tərəvəz satışı yerinə, Şeyx Duşi məscidinə və daha əvvəl Türkiyə tərəfindən bərpa edilmiş Ulu Məsciddən 2 küçə aşağıya atılıb.

- 2 Fevralda Ukraynanın Türkiyə səfiri Andrey Sibiqa Türkiyənin Ukrayna Ordusunun ehtiyacları üçün 200 milyon tl-lik maliyyə yardımı edəcəyini elan edib.

Müdafiə Nazirliyi fevralın 2-dən 3-nə keçən gecə “Suriya rejimi qüvvələri” tərəfindən atəş açılması nəticəsində 5 əsgərin və 3 mülki şəxsin şəhid olduğunu elan edib.

Orijinal

Tərcümə PİA.az-ındır.