Son xəbərlər

 


Ötən axşam Suriyanın şimalında Türkiyə ordusunun mövqelərinə Rusiya aviasiyası tərəfindən endirilən və azı 33 hərbçinin həlak olması ilə nəticələnən güclü hava zərbələrinin ardınca ABŞ Ankaranı S-400 zenit-raket komplekslərindən imtina etməyə çağırıb.

 

Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Beyli Hatçison bəyan edib.

Hatçison Vaşinqtonun Ankaranın keçmişdə və gələcəkdəki müttəfiqi olaraq qaldığını bildirib. Və ümid edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan indi kimin daha etibarlı müttəfiq olduğunu, kimin olmadığını başa düşür. “Onlar görürlər ki, Rusiya nədir. Onlar görürlər ki, Rusiya indi nələr edir. Əgər onlar Türkiyə qoşunlarına hücum edirlərsə deməli Türkiyə ilə Rusiya arasında baş verən bütün qalanların üstündən xətt çəkilir”,-diplomat deyib.

 

Bundan əvvəl Dövlət Departamenti Suriyadakı vəziyyətlə bağlı bəyanatla çıxış edərək Türkiyəyə dəstək ifadə edib, Əsəd rejimi qüvvələrinin hücumlarının dərhal dayandırılmasına çağırıb. Habelə bildirilib ki, Birləşmiş Ştatlar bu böhranda Ankaraya dəstək üçün ən yaxşı variantları axtarır.

Türkiyə hakim partiyası bəyan edir ki, dünən İdlibdə baş verənlər NATO-ya hücum kimi qiymətləndirilməlidir. AKP-nin sözçüsü Ömer Çelik bəyan edib ki, Türkiyə tərəfi bu gün fevralın 28-də NATO ilə məsləhətləşmələrə başlayacaq. “Türkiyəyə edilən hücum NATO-ya hücumdur. Biz gözləyirik ki, İdlib üzərində uçuşa qadağan zonasının yaradılması üçün müəyyən addımlar atılacaq”,-o bildirib.

Xatırladaq ki, Türkiyə ordusu Rusiya aviasiyasının zərbələrinin ardınca Suriya ordusuna qarşı hücuma başlayıb. M5 şossesində Suriya ordusunun konvoyunun məhv edildiyi bildirilir.(Virtualaz.org)