Son xəbərlər

 


Təəssüf ki, bu 2 super güclə oyun oynamağın sonu budur. Oyunun sonunda ikiqat mühasirə və təslimiyyət olacaq...

 

 

Cahit Armağan DİLEK

“Yeniçağ” qəzeti, Türkiyə

Türkiyənin daxildəki və xaricdəki gündəmi yandırıcı və öldürücüdür. Ərdoğan Suriya ordusunun Suriya torpağı olan İdlib sərhədlərindən çıxmasını tələb edir və lazım gələrsə, zorla çıxarılacağını bildirir. Hətta fevral ayının sonuna qədər vaxt verilib. Sabah da son gündür.

Ancaq sahədəki hərbi vəziyyəti nəzərə aldıqda bu, çox da mümkün deyil. Başqa sözlə, prezident Ərdoğan Suriya ordusunun İdlibdən çıxarılması üçün əməliyyat əmri verə bilməyəcək. Təbii ki, bu, mənim düşüncəmdir. Amma prosesin içindəki xaricilər bunu daha dəqiq şəkildə ifadə edirlər: Xeyr, baş tutmayacaq.

Suriya ordusunun keçirdiyi əməliyyata və hazırkı prosesə baxdıqda da görünür ki, Suriya İdlibdə yerləşən və Soçi razılaşmasında silah və terrorçulardan azad edilmiş 15-20 km genişliyindəki tampon bölgənin nəzarətini ələ keçirir. Bu ərazi Türkiyənin öz vəzifəsini yerinə yetirə bilmədiyi bölgədir.

Dünən cənubda yerləşən 10 nömrəli müşahidə məntəqəsi Suriya ordusu tərəfindən mühasirəyə alınıb. Suriya ordusunun indi şimal-qərbə doğru yönələrək 11 və 12 nömrəli müşahidə nöqtələrinin yerləşdiyi ərazini də nəzarət altına alacağını deyə bilərik.

Bu vəziyyətdə mümkün atəşkəs xətti, görünür, Soçi razılaşmasındakı tampon bölgəsinin daxili sərhədinə çevriləcək. Bu xətlə Türkiyə sərhədi arasında yerləşən bölgə də Türkiyənin nəzarətində müvəqqəti etibarlı bölgə olacaq.

Əslində, ruslar bu xəritəni 2 həftə əvvəl Türkiyədə keçirilən görüşlərdə irəli sürmüşdülər. Amma Türkiyə bunu qəbul etməmişdi.

Lakin şəhidlər verildiyi üçün sonda rusların xəritəsini qəbul etməli oldular. Çünki Suriya ordusuna qarşı hərtərəfli əməliyyata başlamaq üçün İdlibdəki qoşunların hava təhlükəsizliyini təmin etmək, yəni hava məkanına nəzarət etmək lazımdır. Bu məsələdəki çatışmazlığı da şəxsən Ərdoğan bildirib.

İdlibdəki problem isə Suriya ordusuna qarşı əməliyyata başlamaq üçün hava məkanından istifadə edilə bilməməsi ilə bağlı imiş.

Suriyaya fevralın sonuna qədər vaxt vermədən və ordunu quruya çəkmədən əvvəl plan hazırlamalı idilər.

Hava məkanından istifadə etmədən, təkcə qurudan hərəkət etmək mümkün deyilmi? Əmr verilsə əlbəttə, mümkündür. Amma bundan doğan zərəri düşünmək belə istəmirəm. Ancaq şəhidlər təpəsi boş qalmasın deyə əməliyyat əmri vermək vicdansızlıqdan başqa bir şey deyil. Belə bir əmr ancaq Türkiyəyə ağır şərtlər qəbul etdirməyə hazırlanan ABŞ-ın ssenarisinə xidmət edir.

Məhz bu mühitdə Ərdoğan hava məkanı üçün mütləq bir həll yolu tapacağını demişdi. Lakin hava məkanı ilə bağlı problemin Rusiya üzərindən həll edilə bilməyəcəyi aydın məsələdir.

Rusiyanın İdlib hava sahəsini türk müharibə təyyarələri üçün açması Suriya ordusunu uğursuzluğa tərk etdiyini və özlərini qoruması üçün dəvət etdiyi Dəməşq rəhbərliyini satdığını göstərir. Bununla, Türkiyənin İdlibdə terrorçulara dəstək verməsi düşüncəsindən də daşınmalı olacaqlar ki, bu da mümkün deyil.

Bəs onda çarə nədir? Böyük ehtimalla, çarə ABŞ-dır. Çünki Ərdoğan Trampa dəstək verəcəyini vəd etmişdi. Amma hələ belə bir şey görməmişik və yenidən danışaqlarını deyiblər.

Bəs ABŞ bu dəstəyi verəcəkmi? Görünən odur ki, ABŞ ağır şərtlər altında Türkiyənin İdlibdə təhlükəsizliklə bağlı ehtiyaclarına uyğun olmayan bir dəstək verməyə hazırlaşır.

2 gün əvvəl Pentaqonun yüksək səlahiyyətli nümayəndəsi ABŞ rəhbərliyinin nəşr orqanı sayılan və yalnız ərəbcə nəşrlər edən “Al Hurra” saytına verdiyi açıqlamada İdlib bölgəsində davam edən qarşıdurmada Patriot raket müdafiə batareyaları ikili problem yaradacağına görə bunların Türkiyəyə kömək üçün göndərilməsinin çox uzaq bir ehtimalın olduğunu qeyd edib.

Pentaqon rəsmisinin sözlərinə görə, Ankara Rusiyanın etibarsız bir ortaq olduğunu hiss etməyə başladığı üçün həm də yaxın zamanda Moskva ilə bağlanan S-400 raket sistemi müqaviləsinin təsirli olmadığını da başa düşəcək.

Əslində o belə deməyə çalışır: ABŞ və NATO Suriyadakı qarşıdurmada iştirak etməyəcək. Orada Türkiyə hərbi qüvvələrinə edilən hücumlar NATO-nun 5 və 6-cı maddələrinə uyğun deyil. Əgər Patriot kimi sistemlər göndərilsə, təkcə Türkiyə torpaqlarına qarşı ediləcək hücumlarda istifadə olunar (yəni İdlibdəki hücumların qarşısını almaq üçün istifadə edilməz).

Patriotun verilməsi (satılması) şərti də S400-lərdən imtina etdiyini açıqlamaqdan keçir. Qəti şəkildə deyə bilərəm ki, açıqlanmayan başqa şərtlər də olacaq. Bu vəziyyətdə çatdırılma şərtlərindən ibarət bir siyahı da olacaq.

ABŞ hələ də Türkiyəni İdlibdə döyüşməyə təhrik edən açıqlamalar verir. Sanki, Türkiyəni qeyd etdiyim ağır şərtləri qəbul edəcək bir mühitə sürükləməyə çalışır. Görünən odur ki, Tramp dəstək verərək Ərdoğanın ordunu sahəyə aparmasına səbəb olub və indi də onu tək buraxıb. Beləcə, Rusiyanın Türkiyəni pis vəziyyətdə qoyduğu məlum olur.

Putin də Ərdoğanın ABŞ-a yaxınlaşdığını, lakin pis vəziyyətdə qalacağını və İdlibdə Rusiya xəritəsini qəbul etməkdən başqa çarəsi qalmadığını görür. Putinin şərtləri də ABŞ-ın şərtlərindən daha yüngül olmayacaq.

Bənzər vəziyyət Liviyada da mövcuddur. Təəssüf ki, bu 2 super güclə oyun oynamağın sonu budur. Oyunun sonunda ikiqat mühasirə və təslimiyyət olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.