Son xəbərlər

 


Redaksiyadan

Bu gün Gürcüstan-Azərbaycan sərhədində gürcü fəallar tərəfindən planlaşdırılan təxribat barədə artıq DSX tərəfindən xəbərdarlıq yayılıb.

Virtualaz.org xəbər verir ki, qonşu ölkədə “Qarecoba” bayramı qeyd olunur və bu çərçivədə bir qrup fəallar, dindarlar iki ölkə sərhədindəki “Keşikçidağ” məbədinə yürüş etməyi planlaşdırır. DXS iki ölkə sərhədindəki istənilən təxribatın qarşısının sərt şəkildə alınacağı haqda xəbərdarlıq edib. Gürcüstan KİV-ləri xəbər verir ki, bu yürüşün təşkilatçılarından olan “Güc birlikdədir” hərəkatının lideri David Katsarvara ötən gün bu ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O bildirib ki, DTX-da “David Qareci” məsələsi barədə söhbət aparılıb, amma detalları açıqlamamaq barədə iltizam verib.

Habelə xəbərlərə görə, mayın 30-da Gürcstan DTX Kvemo Kartli və Kaxeti bölgələrində etnik azərbaycanlılarla gürcülər arasında münaqişə qızışdırmaq istəyən bir qrup şəxslə bağlı təhqiqata başlayıb.

 

Bir sözlə, Gürcüstanda Azərbaycanla münasibətləri gərginləşdirmək istəyən təxribatçı qruplar yenidən fəallaşıb. Hansı ki, Gürcüstan DTX belə qüvvələr haqda 2020-ci ilin aprelində yaydığı hesabatda bəyan etmişdi. Hesabatda deyilirdi ki, “David Qareci” kompleksi ətrafındakı situasiyadan istifadə edərək Gürücstanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək istəyən, eləcə də Gürcüstanda antiqərb əhval-ruhiyyəsini qızışdıran, dezinformasiya ilə məşğul olan qruplar var. Və bunlar ölkənin milli təhlükəsizliyi üçün təhdiddir.

Gürcüstan xüsusi xidmət orqanlarının bu həyacanlı hesabatı əsassız deyil. Bəlli olduğu kimi 2019-cu ilin əvvəllərindən başlayaraq bu ölkədə bəzi qüvvələr Azərbaycanla münasibətləri gərginləşdirmək üçün məqsədyönlü şəkildə işləyirlər. Bu qüvvələr təkcə monastr məsələsi ilə bağlı spekulyasiya eləmirlər, onlar hətta Gürcüstanın enerji təhlükəsizliyinin qarantı və ölkə iqtisadiyyatının bərpası üçün aparıcı rol oynayan SOCAR-a da həmlə edirlər. SOCAR abbreviaturası qədim gürcü dövləti Sakartvelonun adı ilə oxşardır və bədnamlar bundan istifadə edərək gürcü ictimai rəyinə xoşagəlməz təbliğat şüarı buraxıblar-“SOCARtvelo”. Və onlar Azərbaycan dövlətini iqtisadi ekspansiyada günahlandırırlar.

Daha bir təxribat isə 2019-cu ilin əvvəllərində  Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etmiş Mixail Avaqyan adlı erməniyə Gürcüstanın ermənilər yaşayan bölgəsində heykəl qoyulması olmuşdu.  Və bunun ardınca qəfildən “Keşikçidağ” məbədi ətrafında 90-cı illərin əvvəllərindən unudulmuş məsələ gündəmə gəldi. Ötən il Gürcüstandakı həmin qüvvələrin bu məbədlə bağlı hansı təxribatlar törətdiyi məlumdur.

İndi həmin qüvvələr yenidən fəallaşıb və 2020-ci il mayın 2-də Gürcüstan leyboristlər partiyasının gənclər təşkilatının üzvləri Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısında aksiya keçiriblər. Və ekstremisst şüarlar səsləndiiblər. Məsələn, “Ruslar kimi olmayın” və ya “David Qareci-Gürcüstandır”.  Təşkilatın rəhbəri Mixail Kumsişvili Azərbaycan hakimiyyətini “David Qareci mədəbi ətrafında işləri dayandırmağa və dost münasibətlər fonunda Gürcüstanın ərazi bütövlüyünü tanımağa” çağırıb.

Əslində isə bu xoşagəlməz kampaniyada gürcü leyboristləri ancaq oyunçu qismində çıxış edirdilər. Yada salaq ki, ötən ilki hadisələrdə də məhz leyboristlərin lideri Şalva Natelaşvili səhnəyə çıxmışdı. Onun Azərbaycana qarşı təhqiramiz şüarlar qışqırması, ölkəmizi “işğalçı” adlandırmsı qulaqlardan silinməyib. İndi isə Kumsuşvilini dövrəyə buraxıblar.

Lakin leyboristlər bu işdə tək deyil. Mayın 29-da gürcü kilsəsinə yaxınlığı ilə bilinən “Obyektiv” telekanalının efirində jurnalist və ictimai xadim, azərbaycanlılara qarşı pis münasibəti ilə tanınan  Nikoloz Mdjavanadze gözlənilmədən Azərbaycandakı gürcülərin hüquqları barədə danışdı. İddia etdi ki, “öz tarixi torpaqlarında yaşayan” gürcülər heç ibadət də edə bilmirlər. Bundan bir neçə ay əvvəl isə həmin Mdjavanadze Azərbaycan səfirliyi qarşısında “David Qareci monastrının Azərbaycan işğalından azad edilməsi” tələbi ilə piket keçirmişdi.

Mdjavanelidze çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların Heydər Əliyevə və Nəriman Nərimonava heykəl qoyduqlarını Gürcüstanın geniş ürəkli olmasının nümunəsi kimi təqdim edib. O, SOCAR-dan da yan keçməyib və iddia edib ki, şirkət Gürcüstanı işğal etməyə çalışır, daha çox adamı ələ almaq istəyir. Azərbaycana və azərbaycanlılara çoxillik nifrət hissi Mdjavanadzeni Gürcüstanın vahid düşməni obrazını yaratmağa sövq edir. Heç demə Gürcüstanın bütün bəlalarının səbəbkarı bu düşmən imiş!...

Mdjavanadze və onun kimilərin məqsədi regionda iki təbii müttəfiq, müstəqillik qazanandan bəri regionda gedən geosiyasi proseslərdən asılı olmayaraq müttəfiqliyini qoruyub saxlayan Gürcüstanla Azərbaycan arasında münasibətləri nə yolla olursa olsun, korlamaqdır. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan Gürcüstanın xarici siyasi və streteji layihələrdə yerini nəzərə alaraq 90-cı illərdən bəri Tbilisinin qarşısında dayanan problemlərin və maneələrin aradan qaldırılmasına çalışıb. Azərbaycan gürcü dövlətçiliyinin yenidən doğulması və möhkəmlənməsi, bu ölkənin siyasi müstəqilliyinin və iqtisadi suverenliyinin təmin olunması üçün əlindən gələni edib. “İnsanlar sonradan öyrənəcəklər ki, Heydər Əliyev fenomeni Qafqazın müstəqilliyi və azadlığı üçün nə dərəcədə mühüm rol oynadı”,-bu təsadüfi seçilmiş fraza deyil, görkəmli gürcü siyasətçisi Eduard Şevardnadzenin dedikləridir.

Bəs gürcü inqilabının qaranquşu Mixail Saakaşvilinin dediklərini necə yaddan çıxarasan? “Gürcüstanın müttəfiqləri çox olub, amma çətin gündə heç biri onu Azərbaycan qədər güclü dəstəkləməyib”,-Saakaşvili 2013-cü ildə Bakıya səfəri zamanı belə demişdi.

Gürcüstanın ən çətin məqamlarında Azərbaycan onun yanında olub. Həm də 2006-cı ilin yanvarında Rusiya-Gürcüstan qaz kəmərində və yüksək gərginlikli elektrik xətlərində terror törədiləndə. Yalnız Azərbaycanın sayəsində Gürcüstan iqtisadi kollapsdan qaça bildi. Və 2008-ci ildə Gürcüstan Rusiya ilə müharibəyə görə dərin iqtisadi böhrana düçar olanda. Axı elə indi də Gürcüstan Azərbaycanın sayəsində Şərqi Avropada energetika təhlükəsizliyini təmin edə bilən nadir ölkələrdən biridir.

Azərbaycan özünün xarici siyasət konsepsiyasından çıxış edərək Gürcüstanla münasibətləri qurub, üçüncü ölkələrin bu münasibətlər formatına müdaxiləsini məhdudlaşdırıb. Məhz Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investorlarından biridir. Gürcü kilsəsinin tarixi, əxlaqi, milli dəyərlərdəki rolunu nəzərə alaraq onu pulsuz qazla təmin edir.

Azərbaycan dünya şahmat taxtasında həmişə Gürcüstanın ərazi bütövlüyünə dəstək verib, Gürcüstandakı etnik azərbaycanlılar isə heç vaxt heç bir formada separatçılığa meyl etməyən yeganə etnik qrupdur. Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən müharibələrdə nə az, nə çox. 520 azərbaycanlı həyatını qurban verib. Azərbaycanlılardan fərqli olaraq Abxaziya müharibəsində ermənilər abxazların tərəfində döyüşüb və gürcü xalqı Baqramyan adına batalyonun gürcülərə qarşı qəddarlıqlarını yaddan çıxarmayıb. Elə bu gün də ermənilər Gürcüstanda separatçılıq meyllərindən əl çəkməyib, üstəlik gürcü kilsəsinə, musiqisinə, mətbəxinə də iddia edir.

Bütün bunları nəzərə alaraq iki ölkə münasibətlərinə qarşı yönəlmiş istənilən təxribat iki xalqa qarşı yönəlmiş düşməncəsinə hərəkət kimi qiymətləndirilməli, qarşısı birgə alınmalıdır. Hərdən iki qardaş arasında da mübahisə, inciklik, qarşılıqlı iradlar olur. Buna baxmayaraq bütün anlaşılmazlıqlar və narazılıqlar qarşılıqlı hörmətə əsaslanan dialoq əsasında həll edilməlidir, iki xalqın milli hisslərini zədələmədən...