Son xəbərlər

 

“Son dövrdə mühacirətdə fəaliyyət göstərən bir sıra müxalif yönlü jurnalistin internet kanalları vasitəsilə yayımladıqları veriliş və müzakirələrdə ölkə rəhbərliyinin ünvanına etik hədləri aşan üslubda səsləndirdikləri ittiham və böhtanlar Azərbaycan cəmiyyətinin əksər üzvləri kimi məni də dərindən narahat edir”.

 

Bu açıqlama ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib. O, bildirib ki, xüsusilə də həmin şəxslərin istefaya göndərilmiş, yaxud başqa vəzifəyə təyin olunmuş şəxslər üzərindən həyata keçirməyə çalışdıqları manipulyasiya cəhdləri təəssüf doğurur.

“Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir. Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir.

Mən bu cür mübarizə yolunu seçənləri bir daha öz fəaliyyətlərini nəzərdən keçirməyə, cəmiyyətimizin və dövlətimizin həyati mənafelərini nəzərə almağa çağırıram. Onlar nəzərə almalıdırlar ki, xaricdən səsləndirdikləri radikal ifadələr Azərbaycanda müvafiq kəskin reaksiyaya səbəb olacaqdır.

Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz.

Öz çıxışlarında tənqid ədəbini asanlıqla tapdalayanlar unutmamalıdırlar ki, Prezident dövlətin rəhbəri, ölkənin suverenliyinin rəmzidir. Danılmaz həqiqətdir ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük tərəqqi yolu qət etmiş, onun beynəlxalq nüfuzu güclənmişdir. Bu hər bir azərbaycanlıda haqlı qürur hissi doğurur. Xaricdə Azərbaycan dövlətinin xoşagəlməz şəkildə təqdimatı özünü azərbaycanlı hesab edən heç kəsə başucalığı gətirə bilməz. Hal-hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəldilməlidir. Tariximiz də onu göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə biz böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq. Keçmişin faciələrindən ibrət almaq və ölkə başçısının ətrafında sıx birləşmək bizim Vətən qarşısındakı borcumuz və mənəvi məsuliyyətimizdir!”.