Son xəbərlər

 


Çinin koronavirusun geniş yayıldığı Hubey əyalətində Uhan şəhərinin ardınca daha doqquz şəhərdə nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb.

 

Beləliklə, nəqliyyatın fəaliyyətinin dayandırıldığı şəhərlərin sayı Uhan, Çibi, Eçjou, Xuanqan, Syantao, Çjiszyan, Syanszyan, Xuanşi, Enşi və Syannin də daxil olmaqla 10-a çatıb.

Uhan şəhərində ən ciddi karantin mövcuddur. Bu şəhərdə yerli vaxtla saat 10:00-da avtobusların, bərələrin, metronun, su nəqliyyatının hərəkəti dayandırılıb. Həmçinin aeroportda uçuşlar da ləğv edilib, şəhər və ölkə hakimiyyəti ora getməməyi və xüsusi səbəb olmadan şəhərdən çıxmamağı tövsiyə edib.

Eçjou şəhərində də dəmiryolunun hərəkəti dayandırılıb. Syantao hakimiyyəti bütün avtobusların və su nəqliyyatının hərəkətinə fasilə verib.

"Report" bildirir ki, son məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 849 nəfərə çatıb. Qeyd edilir ki, xəstəlikdən ölənlərin sayı da artıb. Ölkə ərazisində artıq 26 nəfər bu virusun qurbanı olub.