Son xəbərlər

 


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen fevralın 9-da İranın kosmosa süni peyk çıxarmaq cəhdinin uğursuzluqla nəticələnməsində Vaşinqtonun əlinin olub-olmadığı haqda sualı şərh etməyib.

 

 Atlantik Şurasında çıxışı zamanı Trampın müşavirinə İranın kosmik raketinin nəzərdə tutulan orbitə çatmadan partlamasının ABŞ-ın sabotajı ola biləcəyi haqda sual verilib. Habelə ondan soruşublar ki, Tehran nüvə məsələsində qırmızı xətti nə zaman keçə bilər və ABŞ-ın buna cavabı necə olacaq.

“Bu iki gözəl suala mən cavab vermək istəmirəm. Biz ümumiyyətlə belə proqramları (sabotaj) şərh etmirik, ümumiyyətlə belə proqramların mövcudluğu haqda danışmırıq”,-müşavir deyib.

İkinci suala cavabında isə ABŞ prezidentinin müşaviri belə cavab verib ki, onlar İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər.

 

İran fevralın 9-da kosmosa “Zəfər” peykini buraxıb. Lakin “Simurq” daşıyıcı raketi peyki nəzərdə tutulan orbitə çıxara bilməyib. İran Müdafiə Nazirliyi bildirib ki, daşıyıcı raket nəzərdə tutulan sürəti yığa bilməyib və uğursuzluğa baxmayaraq kosmosa süni peykin çıxarılması üçün yeni cəhd ediləcək. İranın bundan əvvəl kosmosa süni peyk çıxarmaq cəhdi iki dəfə uğursuz olub.

ABŞ dövlət katibi Mayk Pompeo İranın kosmosa süni peyk çıxarmaq üçün istifadə etdiyi ballistik raketlərin regionda təhlükəsizliyi təhdid etdiyini bildirib.

“İran rejimi peykin buraxılmasından özünün ballistik raket yaratmaq imkanlarını genişləndirmək üçün istifadə edir və bu da ona öz rəqiblərini, regional təhlükəsizliyi təhdid etməyə imkan verə bilər”,-dövlət katibi bildirib. Pompeo əlavə edib ki, “terrorçuluğun sponsoruna” ballistik raketlər işləyib hazırlamaq və sınaqdan keçirmək imkanı yaratmaq olmaz.(Virtualaz.org)