Son xəbərlər

 


Bu gün prezidentin sərəncamları ilə yerləri dəyişdirilən Masallı və Ağcabədi rayon icra hakimiyyətləri başçıları Rahil Hüseynov və Şahin Məmmədov hər ikisi Bərdə rayonunda anadan olublar.

 

Belə ki, Rahil Hüseynov 1953-cü ildə Bərdənin Gülgəzli kəndində anadan olub, yəni hazırda 66 yaşı var. İxtisasca jurnalistidir, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Amma 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsinin məzunu kimi ikinci diplom da alıb.

Əmək fəaliyyətinə Bərdədə nəşr edilən “Kommunizm yolu” qəzetinin korrektoru kimi başlayıb, bu qəzetdə şöbə müdiri vəzifəsinə qədər qalxıb. Ötən əsrin 80-ci illərində isə komsomol işinə keçib, Azərbaycan Leninçi Komsomolçu Gənclər İttifaqı (LGKİ) Mərkəzi Komitəsində təlimatçı işləyib. 1988-1990-cu illərdə isə Bərdədə komsomol rəhbəri olub. Daha sonra rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, icra hakimiyyəti başçısının müavini, vergi müfəttişliyinin rəhbəri kimi vəzifələr tutub.

Rahil Hüseynov

Rahil Hüseynov 12.1992-09.1996-cı illərdə Bərdə rayonu İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 10.1996-12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 12.1998-06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi işləyib.

09.2003-01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri olub. 02.2006- 02.2007-ci illərdə “Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, 02.2007- 07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru vəzifələrini tutub.

 07.2007-09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi olub. 09.2007-03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri işləyib. 03.2009-08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 08.2010-04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. 2012-ci ilin aprelində Masallı rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdi.

Rahil Hüseynovu Masallının icra hakimiyyəti başçısı vəzifəsində əvəzləyən Şahin Məmmədov isə 1959-cu ildə Bərdə şəhərində anadan olub. Bioqrafiyasında yazılır ki, əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə o vaxtkı Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib.

Şahin Məmmədov

Şahin Məmmədov da keçmiş komsomolçudur.  1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib işləyib. 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb.

2004-cü ildə Samux rayon icra hakimiyyətinin başçısı, 2005-ci ilin dekabrında isə Ağcabədi başçısı təyin olunmuşdu. Və 14 ildir həmin vəzifədə işləyirdi.

*   *   *13:48

Bu gün prezident İlham Əliyev Masallı rayonunun İcra Hakimiyyətinin başçısı Rafil İsrafil oğlu Hüseynovun vəzifəsindən azad edilməsi haqda sərəncam verib. Prezidentin digər sərəncamı ilə o, Ağcabədi rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezident bundan əvvəl başqa sərəncamla Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Kərim oğlu Məmmədovun vəzifəsindən azad edib. İlham Əliyev Şahin Məmmədovun Masallı rayon İcra Hakimiyyətinin başçısı təyin olunması haqda sərəncam verib.