Son xəbərlər

 


Bu günlərdə Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri proqramında iştirak etmiş erməni jurnalist, “Mediamax” agentliyinin baş redaktoru David Alaverdiyan öz yol qeydlərini dərc edib.

 

Xatırladaq ki, noyabrın 17-dən 21-nədək üç erməni jurnalisti Bakıda, Qubada və Gəncədə olub, üç azərbaycanlı jurnalist isə Yerevana, Dilicana, Şuşa və Xankəndinə baş çəkib. Bu proqramda iştirak edən erməni jurnalistlər öz təəsüratlarını və reportajlarını dərc etsələr də azərbaycanlı jurnalistlər hələ susmaqda davam edir.

David Alaverdiyan yazır ki, Bakıda erməni jurnalistləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Azərbaycanlı jurnalistlər isə Yerevanda XİN rəsmiləri ilə görüşüb.

“ATƏT sədrinin şəxsi köməkçisinin ofisi istisna olmaqla heç bir beynəlxalq struktur, səfirlik və ya vasitəçilər bu danışıqlarda iştirak etməyib. Bu da o deməkdir ki, onların heç biri həmin proqramla bağlı “xal qazana” bilməyəcək. “Güzgü” proqramı zamanı əsas diqqət kameralarsız, qeyri-formal şəraitdə QHT-lər və jurnalistlərlə görüşə ayrılıb. Ola bilsin ki, təkcə bu proqramın müstəsna olduğunu deməyə əsas verir, amma mən qeyd edərdim ki, uğur əldə olunsa azərbaycanlı və erməni jurnalistlər yaxın gələcəkdə də bir-birlərinə baş çəkə bilərlər. Bütün məsələ bundadır ki, tərəflərdən hər biri, o cümlədən Minsk Qrupunun həmsədrləri proqramı uğurlu hesab etsinlər”,-L.Alaverdiyan yazır.

Erməni jurnalist bildirir ki, onların təhlükəsizliyini Bakıda DTX-nin 12 əməkdaşı təmin edirdi, insanların çox olduğu yerlərdə isə mühafizəçilərin sayı onlarla olurdu. “Ola bilsin ki, bizim üçümüzün həyatı və sağlamlığı üçün ciddi təhdid olub, mən bilmirəm, amma çoxsaylı cangüdənlərin əhatəsində olmaq kifayət qədər qeyri-adi idi, bunun özü də ətrafdakıların diqqətini cəlb edirdi”,-Alaverdiyan bildirir.

O, əlavə edir ki, Azərbaycan tərəfdən səfəri XİN yox, Prezident Administrasiyası təşkil etmişdi. Bu da yəqin bütün həmsöhbətlərin onlara məsuliyyətlə yanaşmasının səbəblərindən biri idi. “Və müvafiq olaraq biz bundan çox məmnun idik”,-Alaverdiyan yazır.

Onun bildirdiyinə görə, bir çoxları ilk dəfə erməniləri gördüklərini deyirdilər. “Mən bu görüşlər və səfərlər haqda növbəti köşə yazılarımda bəhs edəcəyəm, amma bu gün daha çox mənə aid olan və məni Bakıya getməyə sövq edən səbəblər haqda bəhs edəcəyəm. Dəvəti alan kimi bir saniyə də olsun tərəddüd etmədim və dərhal müsbət cavab verdim, baxmayaraq ki, təfərrüatları bilmirdim. Fikrimcə istənilən peşəkar jurnalist belə edərdi. Reallığı öz gözləri ilə görmək, mənbədən informasiya almaq, müxtəlif adamlarla ünsiyyətdə olmaq, reallığı dərk eləmək-bütün bunlar jurnalist üçün əvəzsizdir”,-Alaverdiyan bildirir.

O, Bakıya səfəri zamanı bir çox digər suallarla yanaşı iki suala da cavab axtarmağa çalışdığını deyir: Azərbaycan sülhə, yoxsa müharibəyə hazırlaşır? Və ikincisi, azərbaycanlılar Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün hansı güzəştlərə hazırdır? Mən birinci suala cavab ala bilmədim, amma belə görünür ki, sadə azərbaycanlılar da ermənilər kimi müharibə istəmir və gec-tez məsələnin dinc yolla nizamlanacağına ümid edir”,-Alaverdiyanın təəsüratları belədir.

Erməni redaktor qeyd edir ki, Bakıda və digər iri şəhərlərdə həyat kifayət qədər aktivdir, insanlar daimi gəlirlərindən və əmlaklarından məhrum olmaq istəmirlər. Digər tərəfdən Azərbaycanın hərbi və patriotik ritorkası o qədər güclüdür ki, ictimaiyyət daim yaxınlaşan müharibə haqda düşünür.

“Təəsüf ki, biz küçədə sadə insanlarla danışa bilmədik, lakin digər tərəfdən bizim təmaslarımız göstərdi ki, aqressiya və ermənilərə nifrət səviyyəsi hələ kritik nöqtəyə çatmayıb. Kompromislərə hazırlıq məsələsinə gəldikdə, bizim sevinməyə hələlik əsasımız yoxdur. Dağlıq Qarabağın müstəqilliyi ideyası jurnalistlər, dövlət sektorunun nümayəndələri və məmurlar tərəfindən de-yure olaraq qəti rədd edilir.  Biz soruşanda ki, bəs onlar hansı kompromislərə hazırdır, onlar Azərbaycan daxilində “ən geniş muxtariyyət”, öz polisini və təhlükəsizlik qüvvələrini saxlamaq imkanı, iri investisiyalar və sosial proqramlar, hətta yolların asfaltlanmasını və əsaslı tikinti vəd edirdilər.

Alaverdiyan daha sonra yazır: “Sonda mən bütün pessimistlərə cavab vermək istəyirəm ki, onlar belə səfərləri şübhə altına alırlar. Biz jurnalistlər dövlət məmurları deyilik, yaxud siyasi və ictimai xadim deyilik. Bizim işimiz suallar vermək və ictimaiyyəti məlumatlandırmaqdır. Jurnalistlər etibarlı informasiya, mövqe və şərhlər almaq imkanından məhrum edilməli deyil. Haradakı həqiqət yoxdur, orada yalan, miflər və manipulyasiya üçün münbit imkan var. Bəli,mən başqa erməni jurnalistlərinə də Azərbaycana səfər etmək imkanı verilməsinə tərəfdaram.  Habelə onun tərəfdarıyam ki, azərbaycanlı jurnalistlər də Ermənistana, xüsusən də Dağlıq Qarabağa səfər etsinlər”.(Virtualaz.org)