Son xəbərlər

 


Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

 

Bu dəfəki mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov iştirak edir. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilir.

21 iyundan 2 həftə ərzində ciddi karantin rejimi tətbiq olunacaq

SMS xəbərdarlıq və xüsusi icazə şəklində evdən çıxmaq mümkün olacaq.

21 iyun saat 00:00-dan 5 iyul saat 6:00-dək ciddi karartin rejimi tətbiq olunacaq

Leyla Abdullayeva deyib ki, Bakı, Sumqayıt, Cəlilabad, Abşeron, Gəncə şəhərləri üzrə ciddi karantin rejimi tətbiq ediləcək.

Metro işləyəcək

Bildirilib ki, Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək.

L.Abdullayeva məlumat verib ki, bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq.

Bərbərxana və gözəllik salonları bağlanacaq

Bunu da Abdullayeva bildirib. Əlavə edib ki, otellərin fəaliyyəti, beynəlxalq səfərlər, yas mərasimləri, tədbirlər, təhsil müəssisələrində fəaliyyət qadağası qüvvədə qalır.

65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmur. Lakin tövsiyə olunur ki, mümkün qədər evdə qalsınlar. Sabah bunlar barədə ətraflı məlumat veriləcək.

Açıq havada idman yarışlarının keçirilməsinə qadağa qoyulub

Abdullayeva brifinqdə məlumat verib.

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.

5 min aktiv xəstə var

Bayramlı isə bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar icra olunan testlərin sayı 400 mindən çoxdur.

Hazırda 5 000 nəfərə yaxın aktiv xəstə var. 157 nəfər reanimasiya şöbəsində müalicə alır, 30 nəfəri süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir.

Sərt karantin vacibdir

Bayramlı bildirib ki, yenidən sərtləşmə qərarı verilməsinə səbəb ölkədəki epidemioloji vəziyyətdir. Yoluxmalar artır və ölkədə situasiya ürəkaçan deyil.

Qərarlar çox ciddi statistik rəqəmlər əsasında aparılan geniş təhlillər nəticəsində verilib. Həftəsonu tətbiq edilən məhdudiyyətlər imkan verdi ki, uzun müddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq. Bu məhdudiyyətlər aprel ayında tətbiq edilən məhdudiyyətlərə bənzərdir.

Dünya ölkələrində koronavirusa yoluxmalar artır

Bayramlı deyib ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil.

"Bizim A, B və C variantlarımız var. Son iki həftədə tətbiq olunan məhdudiyətlərin nəticə verməsinə gəldikdə, bu addımlar xarici ölkələrin təcrübəsinə əsasən atılıb. Bu, bizə uzunmüddətli məhdudiyyətlərin tətbiqinə vaxt qazanmağa imkan verdi”.

O əlavə edib ki, məhdudiyyətlər aprel ayında tətbiq olunan məhdudiyyətlərə bənzəyir. Aprel ayında səhiyyə strukturları xəstəliklə mübarizəyə tam hazır deyildi. Doğrudur, yetərincə çarpayı sayı vardı. Lakin xəstəliyin nə dərəcə artması, əlavə çarpayı sayına ehtiyac olması, laboratoriya, avadanlıq təminatları həyata keçirildi. Xəstələrin 15 faizi adətən, reanimasiya üçün nəzərdə tutulur.

R. Bayramlının sözlərinə görə, xəstəxanaların oksigen sistemləri, generatorlar bu qədər xəstəyə hesablanmayıb. Xəstəxanaların bir qismində generatorlar deyil, oksigen balonları istifadə olunurdu. Bununla əlaqədar generatorlar alınıb. Modul tipli xəstəxanalar yaradılıb, 7 minə qədər çarpayı hazırlanıb, ancaq bu gün 5 minə qədər xəstə var, virusa yoluxma sürətlə baş verir. Yeni yoluxanlarla sağalanlar arasında fərq artır, tibb müəssisələrinin üzərinə böyük yük düşür.

Azərbaycanda ölüm faizi aşağıdır

Bayramlı söyləyib ki, dünya ölkələrində koronavirusa yoluxanlar arasında 4-18 faiz ölüm var. Azərbaycanda isə ölüm faizi daha aşağıdır. Bu, səhiyyə sisteminin hazırlığı ilə bağlıdır. Almaniya, İtaliya kimi ölkələrdə yenidən yoluxma artır. Türkiyədə bir sıra şəhərlərdə belə maskanın tətbiqi tələbi qoyulub. Çində yenidən sərt tədbirlər tətbiq olunur. Azərbaycan dövlətinin siyasətinin mərkəzində insanlarımızın sağlamlığı dayanır. Xəstəliyin qarşısının alınması peyvənd və dərmanın tapılması ilə mümkün olacaq. Bu gün də bunlar yoxdur. İndiyə qədər 10-a yaxın mərkəzdə ciddi tədqiqatlar aparılır, iki mərkəzin tədqiqatı üçüncü mərhələyə keçib. Ancaq peyvənd tapılsa da, ola bilər ki, hər il virusun yeni ştamplarına görə yeni peyvəndlərə ehtiyac olacaq. Bir ehtimal da var ki, virus mutasiya olunsun və həyatımızdan itsin. Ancaq bu, o qədər də real deyil.

Təhlükə ciddidir

TƏBİB sədri bildirib ki, təhlükə çox ciddidir. Əgər xəstəlik dalğavarı deyil, yüksələn xətlə inkişaf edərsə, səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz, ölümlər daha çox olar.

Yas yerlərində yoluxanlar çoxdur

Bayramlı bildirib ki, qaydalara əməl etmək baxımından aparılan müşahidələr göstərir ki, vəziyyət heç də ürəkaçan deyil. Hələ də qaydalara əməl etməyən vətəndaşlarımız var. Küçələrdə hələ də simptomları olmayan və zəif olan vətəndaşlar gəzir. Onlar maskasız gəzdikdə başqa insanları da yoluxdururlar. Hələ də yas yerlərinə kütləvi toplaşanlar var. Yas yerlərində kütləvi yoluxmalar haqqında ciddi epidemioloji nəticələr müşahidə edilir. İctimai nəqliyyatda qoruyucu vasitələrin, maskanın istifadə olunmaması ilə bağlı kifayət qədər yoluxma halı mövcuddur.

Ülviyyə Xudiyeva