Son xəbərlər

 


Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Bakı ilə Brüssel arasında ikitərəfli ticarət-strateji tərəfdaşlıq razılaşmasına dair danışıqların necə getdiyinə dair “Euractiv.com” portalının redaktoru Georgi Qotevə müsahibə verib.

 

 Bu günlərdə həmin sayt Avropa Komissiyasındakı mənbəyə istinadən danışıqların dalana dirəndiyini, əsas problemin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük  marağının olmaması, habelə azad bazar iqtisadiyyatı prinsiplərini qəbul etmək istəməməsi barədə olduğunu yazmışdı.

 

-Bayramlar başa çatdı və Brüsseldə , ola bilsin həm də Bakıda siyasi mövsüm artıq başlayıb. İkitərəfli gündəmdə yeni nə var?

-Doğrudan da siyasi mövsüm başlayıb, lakin bizim üçün Azərbaycanda yay fasiləsi doğrudan da çox qısa oldu. Xatırlayırsınızsa Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri iyulun ortalarında baş tutdu, habelə bizim ikitərəfli razılaşmaya dair son danışıqlar raundu da yayın ortalarında oldu. İndi bizdə proses sürətlə davam edəcək. Sentyabrın 10-da, 11-də və 12-də razılaşmanın ticarət və instusional aspektləri ilə bağlı üç videokonfrans olacaq. Mən hesab edirəm ki, bu Azərbaycan tərəfinin danışıqlara məqsədyönlü yanaşmasını göstərən ən yaxşı illüstrasiyadır.

İkitərəfli münasibtətlər inkişaf edir, güclənir. Biz TAP qaz kəmərinin başa çatdırılması üzərində çox fəal işləyirik və hesab edirik ki, Azərbaycan qazı 2020-ci ildə Avropa bazarına çıxacaq. Bu Azərbaycanın ümumi yanaşmasıdır: biz çox möhkəm iqtisadi baza yaradılması üzərində işləyirik və siyasi danışıqlar, siyasi dialoqumuz , əlbətdə, həm də ikitərəfli münasibətlərimiz bu baza üzərində dayanır.

-Siyasi razılaşma barədə danışarkən onu Yunkerin komissiyasının səlahiyyət müddəti başa çatana qədər yekunlaşdırmaq mümkün olacaqmı?

-Bizim əvvəldən heç bir vaxt məhdudiyyətimiz olmayıb. Bu, danışıqların başlıca məqsədi deyildi. Azərbaycan tərəfi üçün ideya bundan ibarətdir ki, Aİ-dən olan dostlarımızla  hər iki tərəf üçün faydalı olan hərtərəfli, əhatəli, strateji yönümlü razılaşma əldə edək. Beləliklə, Azərbaycan Aİ ilə ikitərəfli razılaşmaya dair öz layihəsini təqdim edən birinci tərəf oldu. Danışıqlara başlayandan sonra Aİ tərəfi bir çox dəyişikliklər etdi. Yəni biz təkcə öz təklifimiz üzərində deyil, Aİ-nin təklifləri üzərində də işlədik. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinə əsasən Brüssel həmişə öz razılaşma layihələrini hazırlayıb təqdim edib və heç vaxt bunun əksi olmayıb. Biz bu məsələdə birinci olduq. Bir qayda olaraq çox qısa müddətdə, təxminən iki il ərzində qarşılıqlı məqbul formula tapa bildik. Bu çox ciddi nailiyyətdir. Və biz heç vaxt müddətin azlığından şikayət etməmişik. Aİ tərəfi danışıqları indiki komissiyanın səlahiyyət müddəti başa çatana qədər yekunlaşdırmağı təklif edib. Bu pis olmazdı, amma öz-özlüyündə bizim qarşımızda məqsəd kimi dayanmır.

-Komissiyanın məmurları deyirlər ki, hədəfə çatmaq olar, amma bəzi məhək daşları var, xüsusən də ticarətdə. O cümlədən Azərbaycanın ÜTT-in üzvü olmaması məsələsində...

-Azərbaycan ÜTT-yə üzv olmaq üçün danışıqlar aparır. Lakin üzvlük barədə qərar qəbul etməzdən əvvəl biz dünyada ticarət münasibətlərində, o cümlədən ÜTT çərçivəsində, nə baş verdiyini dəqiqləşdirməliyik.

 -Biz ikitərəfli danışıqları müzakirə etdik. Lakin şaiyələr gəzir ki, üçüncü tərəf də buna müdaxilə edir, bu haqda nə deyərdiniz?

 -Aİ regionun bəzi ölkələri ilə müqavilələr imzalayıb, amma Azərbaycanla hələ imzalamayıb. Bu binanı pəncərələrdən başlayıb tikməyə oxşayır, giriş qapısı olmadan. Siz regionda Azərbaycanın iştirakı olmayan hansısa nəqliyyat, energetika və istənilən digər layihənin reallaşmasını görmüşünüz?

Azərbaycan Aİ üçün təkcə ikitərəfli səviyyədə deyil, həm də regional səviyyədə mühüm rol oynaya bilər. Biz ötən il Aİ-dən olan tərəfdaşlarımızın təşəbbüsü ilə təhlükəsizlik və nəqliyyat məsələlərinə dair iki dialoq başlatmışıq. Və mən hesab edirəm ki, bu bizim münasibətlərimizin çox mühüm aspektləridir.

-Siz əsasən bunu demək istəyirsiniz ki, ölkəniz ikitərəfli münasibətlər üçün bileti alıb, amma qatarda başqaları gedir?

-Xeyr, mən sadəcə olaraq sizin bu günlərdə yaydığınız məqaləni xatırladıram. Orada siz Komissiyanın məmuruna isinad edib yazırsınız ki, Azərbaycan razılaşma imzalamaq istəyir, amma “qiymət ödəmək” istəmir. Yeri gəlmişkən siz məmurun adını açıqlamırsınız. Amma biz adımızı gizlətmirik və aydın şəkildə deyirik: Azərbaycanda Aİ üçün ödənilməli olan hesab yoxdur. Lakin mən düşünmürəm ki, “qiymət ödəmək” kimi frazalar danışıqlarda kompleks həll üçün ən yaxşı vasitədir.

-Ermənistanla danışıqlarda irəliləyiş varmı?

-Təəsüf ki, biz erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa pozitiv səylərini görmürük. Erməni məmurlarının son provokativ bəyanatları situasiyanı daha da mürəkkəbləşdirib. Bu habelə onu göstərir ki, indiki Ermənistan hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaq yolunu davam etdirir. Lakin biz siyasi həll tapmaq ümidlərini itirmirik.(Virtualaz.org)