Son xəbərlər

 


“Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

 

 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildiririk ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Səhiyyə Nazirliyi də  “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub: "Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

**02:32

 

“Binə” ticarət mərkəzində baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyanın miqdarı və yanğının baş vermə səbəbi dəqiq bilinmir: “Araşdırma aparıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda yanğının qarşısı alınıb və ərazidə soyutma işləri aparılır”.

**02:08

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, FHN-in aidiyyəti qurumlarının rəhbərləri və Qaradağ Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov yanğının baş verdiyi  “Binə” ticarət mərkəzinə gəliblər.

Onlara mövcud vəziyyətlə bağlı məlumat verilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranmış qısaqapanmadır.

**01:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org bildirir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

 Əlavə məlumat veriləcək.(Virtualaz.org)