Son xəbərlər

 


Orta məktəblərdə summativ qiymətləndirmənin aparılmasının hansı müsbət və mənfi tərəfləri var?..

 

Təhsil eksperti: “Təhsil Nazirliyi Kollegiyasının verdiyi qərara əsasən, diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq”.

“Summativ qiymətləndirmə yeni təhsil sisteminin tətbiqindən sonra meydana çıxmış yoxlama, ölçmə prosedurudur”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı prosedurda edilən dəyişikliyi PİA.az-a şərh edərkən qeyd edib.

Orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı prosedur dəyişib. Yəni Təhsil Nazirliyinin Kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nda dəyişiklik edib. Qaydanın adı dəyişdirilib və “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” olub.

İndiyə qədər diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Bundan sonra isə diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq. Başqa sözlə, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılacaq.

Bu dəyişiklik barədə nə demək olar? Ümumiyyətlə orta məktəblərdə summativ qiymətləndirmənin aparılmasının hansı müsbət və mənfi tərəfləri var?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Mövcud dəyişikliyə qədər olan hissədə motivasiya zamanı bəzi şagirdlər incik düşür, dərsə qarşı marağı azalırdı, bu da öz növbəsində prosesin mənfi tərəfini üzə çıxarırdı”.

Digər qərara əsasən, artıq şagirdlər və ya onların valideynləri nəticələrdən narazı qalarlarsa, onların yenidən baxılma üçün müraciət edə bilməsinin olduğunu vurğulayan təhsil eksperti bildirib ki, bu zaman ortada düzgün qiymətləndirməmə faktoru olarsa, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparıla və nəticələrə dəyişiklik edilə bilər:

Təhsil Nazirliyi Kollegiyasının verdiyi qərara əsasən, diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq. Belə ki, bu vaxta qədər şagirdlərin bilik və bacarıqları ilə yanaşı onların maraq və motivasiyaları da qiymətləndirilirdisə, bundan sonra təkcə qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılacaq. Yəni daha maraq və motivasiya üzrə qiymətləndirmə olmayacaq.

Summativ qiymətləndirmə yeni təhsil sisteminin tətbiqindən sonra meydana çıxmış yoxlama, ölçmə prosedurudur. Burada şagirdlərin mövzuları hansı səviyyədə öyrəndikləri, eləcə də öyrəndiklərinin tətbiqi və s. əsas yoxlanılır. Doğrudur ki, bu bir qədər də olsa şagirdləri daha çox dərsə meyilləndirir, onların təhsilyönümlü axtarışda olmalarına rəvac verir. Amma nəzərə alsaq ki, mövcud dəyişikliyə qədər olan hissədə motivasiya zamanı bəzi şagirdlər incik düşür, dərsə qarşı marağı azalırdı, bu da öz növbəsində prosesin mənfi tərəfini üzə çıxarırdı. Bunun fərqində olan Təhsil Nazirliyi Kollegiyası da məhz bu səbəbdən maraq və motivasiya üzrə qiymətləndirmə prosesinin ləğvini lüzum gördü.

Elçin Əfəndi: “Bu vaxta qədər şagirdlərin bilik və bacarıqları ilə yanaşı onların maraq və motivasiyaları da qiymətləndirilirdisə, bundan sonra təkcə qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılacaq”.

Bundan əlavə digər qərara əsasən, artıq şagirdlər və ya onların valideynləri nəticələrdən narazı qalarlarsa, onlar yenidən baxılma üçün müraciət edə bilərlər. Bu zaman ortada düzgün qiymətləndirməmə faktoru olarsa, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparıla və nəticələrə dəyişiklik edilə bilər. Həmçinin qiymətləndirmənin nəticələri ləğv edilə və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil edilə bilər.

Nəzərinizə çatdırım ki, bütün bu qaydalar fevral ayının 14-dən etibarən artıq qüvvədədir”.

Nərminə UMUDLU