Son xəbərlər

 


Bu gün Azərbaycanda Od çərşənbəsidir.

 

İlin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.

Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.

Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib.

Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.

Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər.

Belə bir inanc formalaşıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasalar, təbiət də bir o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Məlumat üçün bildirək ki, martın 10-u Yel çərşənbəsi, martın 17-də isə Novruzun ilaxır - Torpaq çərşənbəsi qeyd ediləcək.

Onu da qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramıdır.