Son xəbərlər

 


Asif Verdiyev: “Yağışlar hələ 2 gün davam edəcək”

 

Payızın ilk günlərində qeydə alınan yağıntılar Azərbaycanın çaylarında sululuq səviyyəsini artırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artması müşahidə olunub: “Sentyabrın 7-də isə yağan intensiv yağış nəticəsində Gorançaydan qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 60-180 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 160-260 faizini təşkil edir”.

 

Azərbaycandan keçən tranzit çaylarda da sululuq yüksəlib. Belə ki, sentyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 107 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 85 m3/s olmaqla, ongünlük normadan az olub.

 

Sentyabrın 9-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55,0 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

 

Sentyabrın 9-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 40 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 54 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

 

Sentyabrın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 356 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 9-da isə 339 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 8 sm artaraq 151 sm qeydə alınıb. 2018-ci il sentyabrın 9-da isə bu rəqəm 191 sm təşkil edib. Salyanda suyun səviyyəsi 8 sm artıb və 151 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 133 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 65 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 9-da isə 32 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 11 sm azalaraq 169 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 9-da 182 sm qeydə alınıb.

 

Nazirliyin sentyabr ayı üzrə açıqladığı hava proqnozuna görə, ay ərzində yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın , bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur. Proqnoza əsasən ayın ikinci ongünlüyündə də birincidə olduğu kimi, qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək.

 

Xatırladaq ki, Azərbaycanda böyük daşqınlar axırıncı dəfə 2010-cu ilin mayında Kür çayında qeydə alınıb. Aran zonasını əhatə edən genişmiqyaslı daşqın zamanı Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu əraziləri suyun altında qalıb. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıdıb, Bayramlı qəsəbəsini basıb. Ümumilikdə 50 min hektara yaxın ərazini su basıb, 20 mindən çox ev suyun altında qalıb. Bu zaman 300-dən çox ev tamamən dağılıb, insan tələfatı qeydə alınmayıb.

 

Payızın intensiv yağıntılarla başlaması çaylarda sululuğun artmasına, daşqın təhlükəsinin yaranmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, il ərzində Azərbaycan çaylarında yaz və payız daşqınları müşahidə olunur: “Yaz dövründə bu, əsasən dağlara yağan qarın əriməsi, güclü yağışlar nəticəsində baş verir. Payız dövründə isə mövsümi yağışlar daşqınlara səbəb olur. Əsasən də Lənkəran-Astara çaylarında yüksək sululuq müşahidə olunur. Məsələn, sentyabrın ötən günlərində ölkə ərazisində yağan güclü yağışlar nəticəsində çayların əksəriyyətində suyun səviyyəsində artım müşahidə olunub. Ən çox artım da məhz Lənkəran-Astara bölgəsindəki Lənkərançay, Viləşçay və Bəşəriçayda qeydə alınıb - 40-60 santimetrlik artım qeydə alınıb. Bu artım indiki dövr və bu bölgə üçün xarakterikdir. Adətən bu bölgədə ən çox yağıntı sentyabr-noyabr aylarında qeydə alınır. Bu zaman qeyd olunan çaylarda qısamüddətli daşqınlar da qeydə alına bilir”.

 

A.Verdiyev bildirir ki, payız mövsümündə daşqın ehtimalı Şimal-Qərb bölgəsində də yaranır: “Böyük Qafqazın Cənub yamacı çayları - Şəki, Oğuz, Qəbələ və İsmayıllı ərazisindəki çaylarda da bu mövsümdə sululuğun artması xarakterikdir. Bu cür yağıntılı hava şəraiti yaxın 2 gün ərzində də davam edəcək. Buna görə də həm Şimal-Qərb, həm də Lənkəran-Astara bölgəsində çaylarda sululuğun artması davam edəcək”.