Son xəbərlər

 


Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib

Bəzi məktəblər hər il eyni problemlərlə üzləşdiyinə baxmayaraq, problemlərinin köklü həlli ilə bağlı məsələyə sistemli yanaşmırlar.

Nazir müavininin sözlərinə görə, bu, daha çox hər il məsələyə yenidən qayıtmaq, problemi kökündən deyil, sanki üzərindən keçməklə həll etmək niyyəti daşıyır.

Nazir müavini hesab edir ki, bu mənada rayon təhsil şöbələri ilə Təhsil Nazirliyi arasında əməkdaşlığın olması labüddür.

M.Vəliyeva əlavə edib ki, növbəti dərs ilində məktəblərdəki müxtəlif istiqamətlər, məsələn, təhsildən yayınan şagirdlərin təhsilə cəlb olunması, məktəb-valideyn əməkdaşlığı, məktəbdə qabaqcıl təcrübənin yayılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması kimi vacib məsələlərin həllində nazirlik tərəfindən rayon təhsil şöbələrinə müvafiq dəstəyin göstərilməsi və bu sahədə müəyyən bir sistemin yaradılmasına kömək edilməsi qarşıda duran məqsədlərdəndir.

Nazirlik rəsmisi digər problemə də toxunaraq qeyd edib ki, ötən il məktəblərdə yeni məktəbdaxili qiymətləndirmə qaydaları təsdiq edilib və bu gün məktəblər qiymətləndirmədə həmin qaydalara istinad edirlər:

"Amma təəssüf ki, biz hələ də qiymətləndirmənin texniki və təşkilati tərəflərindən danışırıq. Bunun şagirdin ümumi formalaşmasına, təhsilinə, gələcəyinə təsiri baxımından, məzmun tərəfi üzərində çox ciddi dayanmamışıq. Düşünürəm ki, bu, ən ciddi problemlərdən biridir. Bəlkə də bu gün məktəbdaxili qiymətləndirmədəki subyektivliyin, narazılığın başlıca səbəblərindən biri budur".