Son xəbərlər

 


Asiya İnkişaf Bankı (AİB) Naxçıvan Muxtar Respublikasında (NAR) suvarma sisteminin inkişafı üçün Azərbaycana 85 milyon dollar həcmində kredit verməyi planlaşdırır.

 

Bu barədə “İnterfaks-Azərbaycan” xəbər verir.

"Bu layihə üçün 85 milyon dollar kredit ayırmağa hazırıq. Bundan əlavə, bank bu layihə çərçivəsində 1,2 milyon dollar həcmində texniki yardım göstərməyi planlaşdırır", - AİB-dən agentliyə bildirilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, layihə Naxşıvanda təxminən 23,23 min hektar əraziyə xidmət edən suvarma və drenaj şəbəkələrinin bərpası və modernləşdirilməsinə dəstək olacaq.

Layihə eyni zamanda, su istifadəçiləri assosiasiyalarına dəstək də daxil olmaqla, suvarma idarəetmə üçün institusional potensialın gücləndirilməsinə kömək edəcək. Ümumilikdə, layihə iki əlamətdar nəticəni əhatə edəcək: suvarma infrastrukturunun yaxşılaşdırılması və Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi (DMSTK) və su istifadəçiləri assosiasiyalarının (SUA) suvarma və layihələrin idarə edilməsi sahəsində potensialının artırılması.

AİB-in hesablamalarına görə, kənd təsərrüfatı məhsuldarlığının yaxşılaşdırılması aqrobiznes sektorunun inkişafı üçün vacibdir və məşğulluq və gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması üçün birbaşa yoldur.

"Bu fürsətləri reallaşdırmaq üçün bir sıra problemləri aradan qaldırmaq lazımdır: suvarma infrastrukturunu yaxşılaşdırmaq, yeni texnologiyaların tətbiqi, maliyyəyə və zəruri logistikaya çıxışın yaxşılaşdırılması, habelə yüksək keyfiyyətli infrastrukturun inkişafı",- bankdan deyilib.

Eyni zamanda agentliyin həmsöhbəti əlavə edib ki, bu layihə üçün kreditin təsdiqlənməsi 2021-ci ildə planlaşdırılır.

Azərbaycan 1999-cu ildən bəri AİB-nin üzvüdür. Əməkdaşlıq müddətində bank respublikaya 4 milyard ABŞ dollarından çox məbləğində kredit verib. Azərbaycanın 2020-2022-ci illər üçün iş planına əsasən, AİB üç layihə üçün ölkəyə 295 milyon dollar məbləğində kredit verməyi planlaşdırır.