Son xəbərlər

 


Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 4-cü Ticarət Məclisi keçirilib...

"APA-Economics"in məlumatına görə, BƏƏ-nin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nin İqtisadiyyat naziri Sultan Bin Səid Al Mənsuri, səfirliyin və digər qurumların təmsilçiləri, həmçinin hər iki tərəfdən biznes nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edərkən nazir M. Cabbarov Ticarət Məclisini ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platforma olduğunu bildirib. O qeyd edib ki, noyabrın 13-də Bakıda Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək. Nazir həmçinin Azərbaycanın investisiya mühiti, biznes üçün yaradılan şərait, logistika mərkəzləri, sənaye zonaları, investisiya təşviqi mexanizmi barədə qonaqlara ətraflı məlumat verib, ölkədə sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Nazir əlavə edib ki, Azərbaycan BƏƏ-yə 350 milyon dollar, BƏƏ isə Azərbaycana 2 milyard dollar dəyərində investisiya qoyub ki, bunun 900 milyon dolları qeyri-neft sahəsinə ayrılıb.