Son xəbərlər

 


Azərbaycan Prezidenti İlham Əliyev Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin başa çatması ilə əlaqədar təşkil olunacaq rəsmi mərasimdə iştirak edəcək.

 

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“TANAP bizim ən əhəmiyyətli layihələrimizdən biridir. Biz noyabrın 30-da bu layihənin başa çatması ilə əlaqədar rəsmi mərasim keçirməyi planlaşdırırıq. Mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin iştirakı planlaşdırılır”, - deyə o qeyd edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Bu il boru kəməri ilə 1,8 milyard kubmetrədək qaz nəq olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.(Virtualaz.org )