Son xəbərlər

 


Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri təsdiq edib...

 

Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda, idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Qeyd edək ki, Mərkəzi Bankın sözügedən qərarı 28 noyabr 2016-cı ildə qəbul olunub. Qaydalara əsasən alınan mallara görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən ən geci 2 il müddətində (Xatırladaq ki, əvvəllər malların idxalı ilə bağlı müddət 180 gün idi. 26 fevral 2018-ci il tarixdə qaydalara edilən dəyişiklikdən sonra müddət 180 gündən 270 günə qədər uzadılmışdı - red.) malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.

İqtisadçı-ekspert Anar Bayramovun sözlərinə görə, həm alqı-satqı müqaviləsində, həm də gömrük bəyannamələrində avans ödənişlər barədə mütləq qeydlər olmalıdır: “Göstərilən müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Mərkəzi Banka (əvvəllər isə Maliyyə Bazarlarına Nəzarət Palatasına - red.) təqdim edir. Məsələn, ”A" MMC 5 iyun 2019-cu ildə malların ölkəyə idxalı ilə bağlı xarici kontragentə 20.000 dollar məbləğində avans ödəyib. Amma 2 ilədək vaxt keçməsinə baxmayaraq, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməyib. Həmin müddət ərzində mallar idxal olunmur və ya xidmətlər göstərilmir. Bu zaman “A” MMC avans məbləği geri qaytarmazsa, ona Mərkəzi Bank tərəfindən maliyyə sanksiyası tətbiq olunur. Mərkəzi Bank İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini əsas tutaraq, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal olunmadıqda, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxsləri inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə etmək hüququna malikdir".

Onu da bildirək ki, bu qərar Azərbaycandan kənara valyuta axınının qarşısını almağa yönəlmişdi. Qərarın qəbulundan ötən müddət ərzində keçmiş Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən çoxlu sayda fiziki və hüquqi şəxslərin barəsində inzibati cərimə qərarı qəbul olunmuşdu. İndi qərarın tələbinin yumşaldılmasını Mərkəzi Bank çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi ilə izah edir. Belə ki, AMB-nin sədr müavini Alim Quliyevin sözlərinə görə, hazırda Azərbaycanın tədiyyə balansı kifayət qədər profisitlidir: “İdxala, valyuta rejiminə nəzarətlə bağlı ciddi islahatlar aparılıb. Odur ki, belə bir qərar qəbul olundu. Bu gün hər bir vətəndaş 10 min ABŞ dollarına qədər vəsaiti ölkədən rahat çıxara bilər. Odur ki, valyuta rejimi həmin məbləğdən çox olan əməliyyatlara tətbiq olunur”, - deyə o, qeyd edib.

Bundan başqa, AMB rəsmisi bildirir ki, 2019-cu ildə banklar valyuta rejimi ilə bağlı tənzimləyici quruma 13 minə yaxın müraciət ünvanlayıb: “Bunlardan 8 mini məhkəməyə göndərilib və 5 minə yaxını ilə bağlı inzibati cəza (cərimə) tətbiq edilib”.

Azərbaycan Sahibkarlar Konfederasiyası Mərkəzi Bankın qərardakı dəyişikliyini müsbət addım kimi qiymətləndirir. ASK baş katib əvəzi Kristina Məmmədovanın sözlərinə görə, bu qaydalar sahibkarların idxal əməliyyatlarında ciddi çətinliklər yaratmışdı: “Azərbaycan Sahibkarlar Konfederasiyasının təklifi ilə 180 gün 270 günə qaldırıldı, lakin ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, eləcə də müasir texnologiyaların tətbiqi ilə bağlı çağırışlar idxalın 270 günə reallaşdırılması ilə bağlı çətinliklər yaradırdı. Bu qaydaların pozulmasından irəli gələn 12 min iş vardı və həmin işlərdən 6 minə qədəri hazırda məhkəmədə baxılır. Bu Azərbaycan Sahibkarlar Konfederasiyasının sahibkarların hüquqlarının müdafiəsi və biznesin inkişafı naminə daha bir uğurudur və konstruktiv əməkdaşlığa, ölkə sahibkarlarının probleminə yanaşma tərzinə görə Mərkəzi Banka, Maliyyə Sabitliyi Şurasına təşəkkür edirik”.

K.Məmmədova bildirib ki, AMB sədri Elman Rüstəmovun və ASK-nın prezidenti Məmməd Musayevin birgə təşəbbüsləri nəticəsində bu il yanvarın 10-da Mərkəzi Bankda sahibkarlar, bank rəhbərləri və Mərkəzi Bank aparatının iştirakı ilə geniş iclas keçirilib. İclasın nəticəsində işçi qrup yaradılıb. İşçi qrupun gərgin əməyinin nəticəsində məhz bugünkü müsbət nəticələr əldə olunub: “Bizim üçün çox sevindirici haldır ki, bu məsələ müsbət həll olundu. Bu, o deməkdir ki, artıq 6 minə yaxın məhkəmə işinə xitam veriləcək”.

 

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, əslində bütün dünyada alınan mallara görə ödənilən vəsaitlərin qaytarılması müddəti iki sahibkar arasında bağlanmış müqavilə əsasında müəyyənləşir: “Yəni hansısa dövlət qurumunun sahibkarın əvəzində müddət müəyyənləşdirməsi praktikasına rast gəlmək mümkün deyil. Azərbaycana gəlincə, ölkədə çirkli pullarına yuyulmasına qarşı mübarizəyə dair qanunvericilik var və banklar ona əməl etməyə borcludur. Yəni tutalım ki, sən xaricdən paltar, çanta alırsan və müqavilədə yazılıb ki, mal pul ödənəndən bir il sonra gələcək. Bu halda bankda mütləq şübhə oyanmalıdır ki, geniş tələbat malları niyə ödənişdən bir il sonra gəlməlidir ki? Bu şübhə əsasında da bank Maliyyə Monitorinqi Mərkəzinə müraciət etməlidir”.

Ekspert bildirir ki, qərardakı müddətin az qoyulması çoxsaylı sahibkarlara problemlər yaradırdı: “Elə məhsullar var ki, müqavilə bağlandıqdan sonra onların istehsalı bir-iki il vaxt aparır. Bu halda alıcı sahibkar ciddi problemlərlə üzləşirdi, hətta xırda bir məbləğə görə cərimə olunurdu. Bu məsələ üzrə şikayətlərin sayı hədsiz çox idi. Buna görə də müddətin 2 ilə qaldırılması müsbət addımdır. Bu, çoxlu sayda sahibkarın problemini aradan qaldıracaq. O ki qaldı çirkli pulların yuyulmasına qarşı mübarizəyə, bu sahədə qanunvericiliyin tələblərinə tam riayət olunarsa, hər hansı problem yaranmaz. Və qaydaları sərtləşdirməklə ölkədən kənara pul axınının qarşısını almaq mümkün deyil”.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, vacib bir məqama diqqət yetirmək lazımdır: “İqtisadiyyatda şəffaflıq olmayanda, kapital həmişə qaçmağa kanal axtaranda, ticarət kreditləri və avansları kapitalın ölkədən qaçışının əsas formalarından birinə çevrilir. Bu özünü 2 formada göstərir: əvvəlcədən ödəniş, lakin idxal edilməmiş mal (xidmət, iş) və həm də ticarət kreditləri və avanslar əsasında ixrac edilmiş, lakin sonradan ödənişi ölkəyə qayıtmayan vəsaitlər formasında. Ölkəyə böyük neft pullarının daxil olduğu son 15 ilin statistikasına baxdıqda, ticarət kreditləri və avanslarının Azərbaycandan kapital qaçışının əsas mənbələrindən birinə çevrilməsini iddia etmək üçün arqumentlər var. Xüsusilə də 2011-ci ildən başlayaraq bu əməliyyatlar inanılmaz dərəcədə geniş miqyas alıb. Məsələn, 2011-cu ildə ticarət kreditləri və acanslar üzrə aktivərin saldosu 2 milyard 480 milyon dolllar təşkil etdiyi halda, 2012-2016-cı illərdə orta illik həcmi 4.5 milyard dollar təşkil edib. Yalnız 2017-ci ildə kapital hərəkətinə inzibati müdaxilələr nəticəsində son 3 ildə həmin göstərici 3 milyard dollardan aşağı endi. 2019-cu ilin 9 ayında isə son dərəcə kəskin azalma var - aktivlərin saldosu əvvəlki ilə nisbətən 3.5 dəfə aşağı düşüb”.

Ekspertin sözlərinə görə, tədiyə balansının ticarət kreditləri və avanslar üzrə defisiti 2010-cu ildə cəmi 948 milyon dollar təşkil etdiyi halda, devalvasiya öncəsi (2013-2014-cü illər) və devalvasiyanın baş verdiyi illərdə (2015-2016-cı illər) defisin həcmi 4-5 dəfəyə yaxın böyüyüb və 4-4.7 milyard dollar intervalında dəyişmişdi: “Amma 2019-cu ilin 3 rübündə son 10 ilin ən aşağı səviyyəsinə enib - 504 milyon dollar. Bu prosesə ictimai və media nəzarətinin təmin edilməsi üçün vacib amil tədiyə balansı ilə bağlı informasiya açıqlığının detallı olmasıdır. Məsələn, Mərkəzi Bank ticarət kreditləri və avanslar üzrə aktivlərin həcmini göstərir, lakin bunun hansı hissəsinin idxal əməliyyatları çərçivəsində malların (xidmət və işin) dəyərindən, hansı hissəsinin eyni üsulla ixraca görə ölkəyə qayıtmalı olan pulun həcmindən ibarət olduğu bllinmir”. (pravda.az)