Son xəbərlər

 


Bir çox mütəxəssislər neft qiymətlərinin aşağı düşməsini Rusiya, Səudiyyə Ərəbistanı və “şistçilər” (qeyri-konvensional karbohidrogen (xüsusən, ABŞ-dan şist nefti) istehsalçıları) arasındakı neft müharibələrinin nəticəsi adlandırıblar...

 

Martın 9-na olan məlumata görə, “Brent” markalı neftin fyuçers qiyməti bir barrel üçün 32 dollara düşüb. Xatırladaq ki, martın 6-da “OPEC+” toplantısının iştirakçıları bir qərara gələ bilməyib. Moskva 2020-ci ilin ikinci rübündə neft hasilatını daha da azaltmaq təklifini dəstəkləməyib.

Azərbaycan 2020-ci il büdcəsində neftin qiymətini bir barrel üçün 55 dollar səviyyəsində təyin edib. Ancaq əvvəllər də vurğulandığı kimi, ölkəmiz bir barrel üçün 40-45 dollar qiymətində tədiyyə balansı qorumaq iqtidarındadır. Üstəlik, iqtisadiyyat 30 dollardan aşağı qiymətə sığortalanıb. Buna baxmayaraq, büdcə gəlirlərinin 57% -i (13 milyard 947 milyon manat) neft gəlirindən asılıdır.

Azərbaycan kimi neft və qaz hasil edən Rusiya və Qazaxıstanda da vəziyyət oxşardır. Qonşu Qazaxıstanda neft bazarındakı cari hadisələr barədə nə düşünürlər?

Media.Az qazaxıstanlı iqtisadçı Arman Bayqanovun bu məsələyə münasibətini öyrənib.

- Neftin qiyməti niyə bu qədər kəskin düşüb? Nə baş verir?

- Mən “neft müharibəsi” olduğunu deməzdim. Qlobal iqtisadiyyatda formalaşan reallıqları başa düşmək lazımdır. “OPEC+”da həyata keçirilməyə çalışılan neft hasilatının azalması istənilən halda qiymətə müvəqqəti təsir göstərəcəkdi. Koronavirusun yayılması amili var ki, bu da enerji istehlakının kəskin azalmasına səbəb oldu. Eyni zamanda, məsələn, Liviyada neft hasilatının kəskin şəkildə aşağı düşdüyünü görürük, lakin bu amil də neftin qiymətini saxlamağa kömək etmədi.

Beləliklə, “OPEC+” çərçivəsində razılıq da heç bir şəkildə kömək etməzdi. Neft ehtiyatları artır, heç bir razılaşmaya gəlməyən amerikalı “şistçilər” neft hasilatını artırmağa davam edirlər. Hazırda onların sutkalıq hasilatı 13 milyon 100 min barrel təşkil edir.

OPEC-in Vyanadakı iclasında məlum oldu ki, hasilatın azaldılmasının mənası itir, çünki qlobal maliyyə böhranı başlayır və bu təkcə koronavirus (COVID-19) səbəbindən deyil. Yaponiyanın ÜDM-i haqqında keçən ilin dördüncü rübünün yeni açıqlanan məlumatlarına diqqət yetirin; o zaman COVID-19 haqqında az adamın məlumatlı olmasına baxmayaraq, göstəricilər artıq pis idi. “OPEC+” sazişinin süqutunun ardınca birjalar da çöküb. İndi ən güclülər yaşaya bilər, vəziyyət "domino prinsipi" ilə inkişaf edir. OPEC-in özünü buraxmasını da gözləmək olar, çünki “OPEC+” olmadan bu təşkilat az nüfuz imkanlarına malikdir.

OPEC ölkələri neft bazarında tənzimləmə gücünü itirdilər. Təşkilatın dünya neft istehsalındakı xüsusi çəkisi ilbəil azalmaqdadır. İndi bu artıq 30%-dən aşağıdır, halbuki əvvəllər həmin rəqəm 35-40%-ə çatırdı. Əlbəttə ki, hasilatı özlərinin zərərinə azaltmayacaqlar. Baxın, OPEC-ə daxil olmayan Braziliya və Norveç neft hasilatını kəskin şəkildə artırdı. Beləliklə, RusiyaQazaxıstan, Azərbaycan və digər dövlətlər olmadan təşkilatın özü artıq xüsusi rol oynamayacaq.

Yaxın aylarda bir barrel neftin qiyməti 30 dollardan aşağı düşə də bilər, 40 dollara çata da bilər.

Hər halda, bu “şistçilərin” kütləvi iflasına səbəb olacaq, çünki şist nefti istehsal etmək daha baha başa gəlir. “Qara qızıl”ın qiyməti nə qədər aşağı düşsə, gələcəkdə də o qədər artacaq.

Qiymətlərin aşağı olması isə uzun çəkmir: iki-üç, bəlkə də altı ay. Lakin neft sənayesinə investisiya qoyuluşu dayandırılacaq. Bu, neft hasilatının daha da azalmasına təsir edəcək. Ancaq sonra görünməmiş artım başlayacaq: güman edirəm ki, bir barrel üçün ən azı 70-80 dollara qədər.

Azərbaycan “neft iynəsindən” qurtulmağa çalışır və bu alınır. İndi müxtəlif hesablamalara görə, enerji gəlirləri təqribən 57% təşkil edir...

- ...Qazaxıstanda vəziyyət təxminən eynidir - 50-60%. Rusiyada bu daha azdır - təxminən 40%.

- Ancaq “OPEC+” sazişinin uzadılmamasının faydalı olduğunu düşünürsünüz. Nəyə görə belə hesab edirsiniz?

- Neft hasilatını azaltmaqla ölkələrimiz bazarları itirir, halbuki sazişdə iştirak etməyən digər ölkələr hasilatın həcmini artırmaqda davam edirlər. Bu bizə əl vermir. Ən əsası isə haqqında danışdığım "şistçilərdir". Neftin qiymətinin aşağı olması bu şirkətlərin iflasına səbəb olacaq.

- Xülasə etsək, “OPEC+”dan şüurlu şəkildə imtina etmək ən geci altı aydan sonra neftin qiymətinin artması ilə nəticələnəcək?

- Bəli, məhz belədir.

- Səhv etmirəmsə, 2014-2015-ci illərdə neftin qiymətinin düşməsi amerikalı “şistçilər”in iflasına səbəb olmuşdu. Bundan sonra “qara qızıl”ın qiyməti kəskin artmışdı...

Bəli, oxşar hadisədir. İndi vəziyyət koronavirus səbəbindən daha da ağırdır. Ancaq paralellər aparmaq olar. Lakin onu demək istəyirəm ki, ölkələrimiz hər zaman qeyri-neft istehsalının inkişafı ilə məşğul olmalıdır. Külək elektrik stansiyaları, Günəş enerjisi. Bu çox-çox vacibdir. Neftdə əbədi üzmək olmaz, bu heç mümkün də deyil.