Son xəbərlər

 

Dünyanın bir çox ölkəsində olduğu kimi, son zamanlar Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır

Rəsmi dilerlər tərəfindən sıfırdan ölkəyə gətirilən avtomobillər olsa da, üstünlüyü Gürcüstandan idxal olunan ikinci əl hibrid mühərrikli avtomobillər təşkil edir.

Hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir.

Bəs görəsən bu avtomobillərin təmiri, ehtiyyat hissələri ilə bağlı Azərbaycanda vəziyyət necədir?

PİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan 106.3 FM radiosunda yayımlanan "Masterclass" verilişinin aparıcısı Raqif Raufoğlu da bildirib ki, doğrudan da son zamanlar hibrid avtomobillərin axını həddindən çoxdur.

“Sadəcə məsələ ondadır ki, bizdə hələ ehtiyat hissələri bazarı və usta aləmi buna hazır deyil. Rəsmi servislərdən biri-ikisi hibrid avtomobil gətirir və ona da cavabdeh olurlar. Bu gün bazarda olan hibridlərin 90 faizdən çoxu Gürcüstandan gətirilənlərdi. Gürcüstana da əsasən Amerikadan gətirilir. Hətta Avropa bazarından da “Renault Megane” avtomobilləri də gətirilir”.

Raqif Raufoğlu deyir ki, sırf hibridin təmiri ilə bağlı Azərbaycanda müəyyən problemlər olur:

“Arxayınlığımız odur ki, həmin avtomobillərin Gürcüstanda ehtiyyat hissələri bazarı var, lazım olsa oradan alıb dəyişmək sərf eləyir. Onsuz da hibridlə bağlı böyük bir təmir tələbi yoxdur. Həmin avtomobillərin akumliyatorları 5-6 il və daha uzun davam edir, benzin sistemi, daxili yanma mühərriki digər maşınlarla eynidir. Ona görə heç bir qorxu yoxdur, qiymətləri də münasibdir”.

R.Raufoğlu bildirib ki, bir il sonranı görmək istəyən ustalar varsa, onlar hibrid avtomobillərin təmiri üzrə mütləq özlərinə sərmayə yatırmağa başlamalıdırlar, kurslara getməlidirlər:

“Gürcüstanda, Ukraynada və Avropa ölkələrində bu avtomobillərin təmiri ilə bağlı ustalar kifayət qədər inkişaf edib. Azərbaycanlı ustalar da gedib öyrənsələr, yaxşı olar”.