Son xəbərlər

 


Ümumilikdə bankların vəziyyəti 2016-2017-ci illərlə müqayisədə yaxşılaşıb.

 

 Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Samir Əliyev bankların vəziyyətinin sağlamlaşdırılması barədə danışarkən deyib. O, Prezidentin sərəncamından sonra banklara dəstək göstərildiyini bildirib:

 “Son dövrlər banklarda mübadilə sabitləşib, Prezidentin problemli kreditlərlə bağlı sərəncamından sonra banklara dəstək göstərilib. Mərkəzi Bank il ərzində banklara 60-80 milyon manat dəstək verir. Amma buna baxmayaraq, banklarla bağlı müəyyən problemlər hələ də qalmaqdadır. Düzdür, hazırda bankların vəziyyəti kritik həddə deyil. Bir neçə bank var ki, onların vəziyyəti tam yaxşılaşıb. Bəzi banklar depoziti yığsa da, kredit verilməsini reallaşdıra bilmir. Gələcəkdə bu depozitlərin geri qaytarılması ilə bağlı problemlər ola bilər. Bu baxımdan hələlik bank sektorunun böhrandan çıxdığını demək tezdir”.

 S.Əliyevin sözlərinə görə, hazırda bir neçə bankın vəziyyəti narahatlıq doğurur:

 “Rəqabət baxımından ad çəkmək doğru deyil. Amma ümumilikdə bu məsələ ilə bağlı bankları 3 qrupa bölmək olar: Birinci qrupa problemləri aradan qaldırılan bankları aid etmək olar. İkinci qrup banklarda problemlər qalsa da, vəziyyət kritik həddə deyil, yəni həll edilə bilər.

 Üçüncü qrup banklarda isə kritik hədd mövcuddur, amma fəaliyyət göstərir. Düşünürəm ki, dövlət bu bankları bağlamamalıdır.

 

Bu gün əmanətlərin sığortalanması mexanizmi işləyir. Əhali qoyduğu əmanətləri geri ala biləcək, amma kiçik şirkətlərin depozitləri olduğu üçün burada sərt addım atmamaq lazımdır”.

 

Ekspert vəziyyəti ağır olan bankların müflis elan edilməsinin əslində, rəqabətə mənfi təsir göstərdiyini deyib:

 

“Ötən dövrlərdə 30 faiz bank sıradan çıxdı. Bu, çox böyük göstəricidir. Hansısa bankın bağlanması əhalinin bank sektoruna olan inamının itməsinə səbəb olur. Bu da bank sektorunda təmərküzləşməni gücləndirir. Əhali tanınmış, güclü banklara əmanət qoyur ki, problem olmasın. Ona görə də bankların bağlanması çıxış yolu deyil. Sektorda iştirakçıların sayının az olması rəqabəti pozur. Fikrimcə, bankların gücləndirilməsi prioritet məsələdir. Müflisləşmə son variant olmalıdır. Buna qədər isə potensial tədbirlər görülməli, boşluqlar aradan qaldırılmalıdır”.