Son xəbərlər

 


“Boşanmalar həmişə olub və bunun obyektiv, subyektiv səbəbləri var. Ancaq indi vurğuladığınız kimi, boşanmalar kütləvi hal alıb və bu, məni çox narahat edir. Bununla bağlı öz subyektiv fikrimi açıqlamaq istəyirəm”...

 

Bunu YAP-ın Xətai rayon təşkilatının sədri, yazıçı Hüseynbala Mirələmov Musavat.com-a müsahibəsində deyib. Onun fikrincə bunun kökü ailə tərbiyəsindədir, məktəbdədir, ümumiyyətlə, uşaqların formalaşmasındadır. Ailə və məktəb uşaqları, gəncləri elə formalaşdırmalıdırlar ki, onlar təvazökar olsunlar, bir-birinə cins fərqi qoyulmasın, dostlar kimi yetişsinlər, birinin sözü o birinə acıq gəlməsin, biri digərinə yuxarıdan aşağı baxmasın.

“Valideyn də, məktəb də elə tərbiyə verməlidir ki, uşaqlar ailələrinin sosial vəziyyətinin necə olmasından asılı olmayaraq, bir – birilərinə səmimi və dostcasına yanaşsınlar. Bir də burada əsas məsələnin ailədə, anadan asılı olduğunu düşünürəm.

Analar həm oğlan, həm də qız övladlarına elə tərbiyə verməlidir ki, onlar gələcəkdə ailədə birgəyaşayışa, qarşılıqlı hörmət və anlaşmaya hazır olsunlar. Ailə üzvlərinin bir-birinə olan qarşılıqlı hörməti ən vacib amildir. Bir dəfə Şeyx Şamildən soruşurlar ki, necə oldu ki, sən hər yerdə belə hörmət qazandın? Cavab verir ki, mən otağa girəndə qadınım hörmət əlaməti olaraq ayağa dururdu, sonra övladlarım analarının ayağa qalxdıqlarını görüb onlar da eyni cür davrandılar. Daha sonra qonşu uşaqları gördü ki, ailəm, övladlarım məni görəndə ayağa dururlar, onlar da məni görəndə oturduqları yerdən ayağa qalxırdılar. Beləliklə, hörmət formalaşdı.