Son xəbərlər

 


Politoloq Zərdüşt Əlizadə teleqraf.com saytına müsahibəsində Türkiyənin Liviyaya ordu yeritməsi ilə bağlı qərarını şərh edib...

Sozazadligi.org müsahibəni təqdim edir:

– Zərdüşt bəy, Türkiyə Liviyaya ordu göndərməyə başlayıb. Bu dünya ölkələri tərəfindən birmənalı qarşılanmır. Bu faktı necə qiymətləndirirsiniz?

– Hələlik Türkiyə Liviyaya ordu yeritməyib. Sadəcə olaraq, Liviya Milli Barış Hökumətinin ordusu üçün təlimatçıları göndərib. Amma Türkiyə parlamenti qərar verib ki, Liviyaya ordu göndərilə bilər. Bu onu göstərir ki, cənab Ərdoğan dünya siyasətində o qədər də dərin siyasətçi deyil. Yəni savadlı insandır, amma dərinlik yoxdur. Diqqət edin, “Ərəb baharı” başlayandan Türkiyə böyük səhvlər buraxıb. Liviyada türk biznesi ildə 10 milyardlarla qazanc götürürdü. Müəmmar Qəddafinin Türkiyəyə münasibəti isti idi. Qərb dünyası Qəddafini devirmək mövqeyini ortaya qoyanda cənab Ərdoğan ortaya çıxdı və başladı ki, qardaşım Qəddafi, hakimiyyətdən get, niyə yapışmısan bu iqtidardan. Liviyanı dağıtdılar, Qəddafi demişkən, Avropanın qapısını sındırdılar. Və Afrikadakı qara camaat tökülüşüb Avropaya axın etdi. Liviyada vahid dövlət qrafiki dağıldı və Türkiyə də neçə illərdir ki, Liviyadan bir qara qəpik də qazanmır. Hər halda bu dərin siyasətin nəticəsi ola bilməz.

Sonra türklər Suriyadan yaxşı qazanırdı. İnternetdə də var ki, Ərdoğanla Bəşər Əsəd və xanımları masa arxasında əyləşərək şirin söhbət edirlər. Yəni iki dövlət başçısı arasında yaxın və dost münasibətlər var idi. Türk biznesi də Suriyadan nəhəng gəlir götürürdü. Qərb Əsədi devirmək istəyəndə cənab Ərdoğan yenə ortaya düşdü ki, qardaşım Bəşər Əsəd, get hakimiyyətdən. Prezident Ərdoğan hamıya məsləhət görürdü ki, hakimiyyətdən get, amma özü getmək haqqında düşünmürdü.

Nəhayət, Prezident Ərdoğan özü bildirib ki, Liviyada Vaqner özəl şirkətinin hərbçiləri var və onlar döyüşürlər. Həqiqətən də Liviyada rusların 2 minlik xüsusi təlim keçən döyüşçüləri var. Rusiya da general Haftara stavka edir. İndi sən təzədən istəyirsən ki, rus qoşunları ilə döyüş təmasına daxil olasan. Əgər döyüş təmasına daxil olacaqsan, bilməlisən ki, həm rusları öldürəcəksən, həm də ruslar səni öldürəcək.

– Demək istəyirsiniz ki, Türkiyə Liviyaya ordu göndərməklə riskə girir?

– Məsələ təkcə rusların muzdlu döyüşçülərindən getmir. Liviya ordusu 10 ildir təlim keçir. Haftar özü Qəddafinin generallarından biri olub. Qəddafinin özünün peşəkar ordusu var idi, sadəcə NATO ordusuna qarşı duraa bilməzdi, amma ənənəvi döyüş qabiliyyətinə malik idi. Bu ordunun müəyyən hissəsi hazırda Haftarın ətrafında cəmləşib. Üstəlik uzun illərdir ki, Liviyada vətəndaş müharibəsi gedir, burada hər cür silahlı dəstələr mövcuddur. Başı ağrımayan Türkiyə öz ordusu ilə bu dəlixanaya daxil olacaq. Bu, sənə lazımdır?

– Bu, baş versə nə olacaq?

– İtkilər olacaq. Hesab edirəm ki, hər hansı qələbədən söhbət gedə bilməz.

– Yəni Türk ordusu Haftarın qoşunları ilə üz-üzə gəlib onu məğlub edə bilməz?

– Liviyada daxili vətəndaş müharibəsi 8 ildir davam edir. Burada ən müxtəlif silahlı dəstələr var. Yüzlərlə qəbilələr var. Yəni düşündüyünüz kimi, sadə məsələ deyil. NATO qüvvələri Liviyanı vurdu və düşündü ki, məsələ bitib. Baxın görün, neçə illərdir orada müharibə gedir. Cəmiyyət sünnilər, şiələrə, müxtəlif parçalara bölünüb, yüzlərlə insan prezident olmaq iddiasındadır. Burada türk ordusunun baş çıxarması elə də asan məsələ deyil. Həm də hazırda türk ordusunun 20 min personalı Suriya ərazilərindədir və orada da durum yaxşı deyil. İdlibdə durumun necə olduğu, üzü Türkiyəyə 10 minlərlə insanın köç etdiyi bəllidir. Xüsusilə qeyd edim ki, ruslar açıq formada Liviyada general Haftara stavka edirlər. Demək istəyirəm ki, cənab Ərdoğan Ankara, İstanbul, İzmirlə bağlı əmr edə və bu dərhal yerinə yetirilə bilər. Amma Liviya ilə bağlı bunu demək o qədər də ağlabatan deyil.

– Siz demək istəyirsiniz ki, Liviyada rus və türk ordusu üz-üzə gələr və bu daha dəhşətli proseslərə səbəb ola bilər?

– Yox. Liviyada onlar vuruşa bilərlər, amma Suriyada əməkdaşlıq oluna bilər. Mən ehtimal etmirəm ki, bu iki ölkənin ordusu üz-üzə gələ bilər.

Yeri gəlmişkən, qeyd edim ki, İtaliya daxil olmaqla Avropa Birliyi Türkiyənin Liviyaya daxil olmasına qarşıdır və bunu elan edib. Ankaranın mövqeyi belədir ki, əgər daxil ola bilirsənsə, ol. Amma bunun qiymətini ödə. Ödəyə bilərsənmi? Vaxtilə ABŞ da Vyetnama girmişdi. Təsəvvür edə bilməzsiniz ki, həmin vaxt Vyetnam nə qədər kasıb bir ölkə idi. Amma Vyetnamda ABŞ-ın başına itin müsibətini gətirdilər. Nəhayət, ABŞ təslim olmaq haqda razılaşmaya imza atdı. Bu, ABŞ-ın yeganə təslim olduğu müharibədir. Odur ki, müharibəni başlamaq asandır, amma qurtaqrmaq çətindir. Bu mənada hesab edirəm ki, Türkiyənin Liviyaya girmək qərarı səhvdir. Heç kəs Liviyaya görə Türkiyəyə təşəkkür etməyəcək və orden, medal verməyəcək. Üstəlik heç kəs də Türkiyəni Liviyada gözləmir.