Son xəbərlər

 

Prezident İlham Əliyev ötən gün 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə kölgə iqtisadiyyatının həcminin azaldılmasına yönəlmiş tədbirlər və işsizliyin azaldılması üçün həyata keçirilən proqramlar barədə də danışıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzəsi zamanı prezident ötən il 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsini kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm addım adlandırıb. Habelə ictimai ödənişli iş yerlərinin yaradılması barədə irəli sürdüyü proqramın yerinə yetirilməsi zamanı məmurların ciddi pozuntulara yol verdiyini də təəsüflə xatırladıb.

İlham Əliyev  Azərbaycanın qeyri-formal məşğulluqla mübarizə proqramının ötən il Avropada ən yaxşı təcrübə kimi tanınmasına toxunaraq deyib:

-Bu, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində baş verdi. Yəni, bu əmək müqavilələri, sadəcə olaraq, rəsmiləşdirildi. Bu, birinci onu göstərir ki, biz düzgün yoldayıq və aparılan siyasət nəticə verir, amma, eyni zamanda, hələ ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Ona görə kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır. Mən Nazirlər Kabinetinə tapşırıq verirəm ki, bu məsələ ilə bağlı ayrıca müşavirə keçirsin və aidiyyəti qurumlar öz təkliflərini versinlər. Qurumlar arasında da çox ciddi koordinasiya işləri aparılmalıdır. 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi çox böyük hadisədir. Əlbəttə ki, həm şəffaflığa xidmət göstərir, eyni zamanda, pensiya təminatı üçün də bunun çox böyük əhəmiyyəti var.

İctimai ödənişli iş yerləri ilə bağlı bu təşəbbüs mənim tərəfimdən irəli sürüldü, o vaxt ki, dövlət investisiya xərcləri kəskin şəkildə aşağı düşdü. Bunu da biz məcburiyyət qarşısında etdik. Çünki neftin qiyməti dörd dəfə aşağı düşmüşdü, gəlirlərimiz azalmışdı və büdcəmiz ixtisar edilmişdi, o cümlədən investisiya proqramı da böyük dərəcədə ixtisara uğradı. İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. 

Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin.