Son xəbərlər

 


Prezident İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Kürdəmir rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, “ASAN xidmət” mərkəzi istifadəyə verilib, 31 ümumtəhsil məktəbində təmir-tikinti işləri aparılıb. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulub, 4 aqropark, xalçaçılıq, həmçinin digər iri istehsal və emal müəssisələri yaradılıb, 19 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.