Son xəbərlər

 


Aşqabadda ötən gün keçirilən MDB sammiti zamanı əsas hadisə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı oldu. Xəbər verildiyi kimi, gündəlikdə olan məsələ-Böyük Vətən müharibəsində qələbənin əldə edilməsinin 75 iliyi münasibətilə MDB dövlət başçılarının birgə müraciətinin hazırlanması ətrafında çıxışlar zamanı İlham Əliyev Ermənistanda faşist əlaltılarının qəhrəman kimi təqdim edilməsinə toxunub.

 

Bildirib ki, MDB dövlət başçıları dəfələrlə faşistlərin qəhrəman obrazının yaradılmasına qarşı çıxsa da Ermənistanın keçmiş hakimiyyəti faşist Qaregin Njdeyə abidə qoyub və Rusiya Xarici İşlər Nazirliyi də bunu pisləyib.

Əlifba sırası ilə İlham Əliyevdən sonra çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan isə polemikaya girərək sınıq-salxaq, auditoriyanın yaxşı başa düşmədiyi rus dilində özünün dolaşıq fikirləri ilə Azərbaycan prezidentinin çıxışındakı tezisləri təkzib etməyə çalışıb. Hətta Qaregin Njde ilə Stalin repressiyalarının qurbanları, o cümlədən Aleksandr Soljenitsin arasında paralellər aparıb.

Lakin Paşinyanın bu dolaşıq çıxışı cavabsız qala bilməzdi. İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkodan söz xahiş edib və ikinci dəfə MDB dövlət başçılarına, o cümlədən Paşinyanın özünə müraciət edib.

-Mən sadəcə olaraq şərh verməyə məcburam, çünki Ermənistanın baş nazirinin çıxışında mənim barəmdə söhbət getdi, hansı ki, mənim çıxışımda Ermənistan baş naziri və xüsusən də erməni xalqı haqda söhbət getmirdi. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı  ilk növbədə özü əvvəlki rəhbərlik tərəfindən ölkəyə yaxılmış bu ləkəni təmizləməlidir.

 

Əgər baş nazir mənə diqqətlə qulaq asıbsa o zaman yəqin bu məqamı tutub. Habelə hesab edirəm ki, QULAQ və repressiya qurbanlarının saxlanıldığı digər düşərgələrin məhbuslarını faşist əlaltıları və cinayətkarları ilə müqayisə etmək tamamilə yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim, bu sitatları internetdə və kitabxanada da tapmaq olar. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin müdafiə nazri Şoyqunun redaktəsi ilə hazırlanan 12 cildlik nəşrində kifayət qədər aydın göstərilir ki, həmin xadim (Qaregin Njde,-red) kim olub. Habelə mən onun sitatını, nə qədər çirkin olsa da, bir daha təkrarlayıram: “Kim Almaniya uğrunda ölürsə Ermənistan uğrunda ölür”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib.

 

 

Serj Sərkisyan Njdenin abidəsinin açılışında

Ona görə də mən hesab edirəm ki, ilk növbədə özünü demokratik yolla seçilmiş hesab edən yeni hakimiyyət bu ləkədən, bu rüsvayçılıqdan yaxa qurtarmalı və həmin heykəli sökməlidir. Mənim burada dövlət başçılarına hörmətsizlik etməyim barədə deyilənlərə gəldikdə isə yəqin ki, bizim toplantılarda bundan daha absurd tezis eşidən olmamışdı.

Virtualaz.org