Son xəbərlər

 


“Elə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin”...

Bunu prezident İlham Əliyev telekanallara müsahibəsində deyib. Həbs olunan icra başçılsrı ilə bağlı sualı cavablandıran İ. Əliyev bildirib ki, manatın məzənnəsi aşağı düşəndən sonra işsizlik meyilləri artdı. 

“Bunu mən hiss edirdim, görürdüm. Bəzi adamlar işsiz qaldılar. Nə üçün? Çünki vaxtilə dövlət xətti ilə icra edilən layihələrə onlar cəlb olunurdu. İnvestisiyalar kəskin aşağı düşdü. Biz investisiyaları ixtisar etdik. O layihələr də artıq icra edilmədi, insanlar qaldı küçələrdə. 

Biz nə etdik? Düzdür, bu, bazar iqtisadiyyatına uyğun deyil. Ancaq bu, düzgün addım idi. Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. 

O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun”. (Yeni sabah)