Son xəbərlər

 


31 saylı Suraxanı Seçki Dairəsindən deputatlığa namizədlər - tanınmış bloqqer Mehman Hüseynovla Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev arasında yaşanan qalmaqal gündəmin əsas müzakirə mövzularından birinə çevrilib

 

Belə ki, bir müddət əvvəl Fərəc Quliyevin təklifi ilə onunla görüşən Mehman Hüseynov, öz "Feysbuk" səhifəsindən aralarındakı danışığın səs yazısını paylaşıb. Həmin səs yazısından belə məlum olur ki, Fərəc Quliyev rəqiblərindən biri olan bloqqer Mehman Hüseynova namizədliyini geri götürməsi və onun vəkili kimi çıxış etməsi müqabilində pul və gələcəkdə QHT yaratmağa köməklik təklif edib.

Dairənin “buraxılmış dairə” olduğunu bildirən Fərəc Quliyev iddia edib ki, ikisinin də namizəd kimi qalması elektoratı parçalayacaq və bu da YAP-ın namizədinin xeyrinə olacaq. Mehman Hüseynovdan namizədliyini onun xeyrinə geri götürməsini istəməsini də bununla əsaslandırıb.

“Sözümün üstündə duran, ölçülü-biçili biriyəm... Mənim vəkilim ol, mənim arxamda ol və nəticəni birgə qazanaq. Sabah da, deyək ki, mən seçildimsə, dəstəyim arxanda olsun. Gənclər təşkilatı yaradarsansa, QHT yaradarsansa dəstək verim...” - Fərəc Quliyev Mehman Hüseynovu razı salmağa çalışıb.

Mehman Hüseynov komandası ilə, dostları ilə məsləhətləşməli olduğunu dedikdə, Fərəc Quliyev razılaşmayıb, qərarı özünün verməli olduğunu bildirib: “Mən desəm ki, mən bir şeyin qərarını mütləq partiyada məsləhətləşəm, yalan olar. Bu partiyanın rəhbəri mənəm. Sənin komandanın da kapitanı sənsən. Qərarı sən verəcəksən...”

Fərəc Quliyev bloqqerə qərarı indiki mərhələdə (görüşlərə başlamazdan əvvəl –red.) verməli olduğunu deyib. Hansı qərarı verməli olduğuna dair iki yol da göstərib.

Birincisi, müalicəyə getdiyini bildirərək, çəkilir. Bu zaman Fərəc Quliyevə vəkilllik etməsə də, onu dəstəklədiyini bildirir.

Fərəc Quliyev də bu zaman həm müalicə üçün lazımi vəsaiti, həm də Mehman Hüseynovun komandasının xərclərini ödəməyə hazır olduğu mesajını verir.

“Sən bununla razılaşırsan, uşaqlarla danışırsan və çıxıb gedirsən” - o, bildirir.

İkinci yol kimi isə Mehman Hüseynova namizədliyini geri götürərək, onun vəkili kimi qalıb fəaliyyət göstərməyi təklif edir: “Anlaşarıqsa, gələcəkdə komanda olaraq sənə təşkilat qurar, QHT yaradarıq və sair...”

Mehman Hüseynov namizədliyini geri götürmək istəmədiyini, seçkiyə getmək niyyətində olduğunu bildirdikdə isə Fərəc Quliyev bloqqerə praqmatik olmağı, onunla anlaşmağı tövsiyə edir. Hətta M.Hüseynovu razı salmaq üçün ona verə biləcəyi pulun konkret məbləğini də açıqlayır: “Mən sənə əlimdən gələn dəstəyi hər formada eləməyə hazıram... Rüşvət kimi qəbul eləmə. Sənə müalicə üçün nə lazım olsa, 10-15 min manat civarında, ondan əlavə də verməyə hazıram...”

M.Hüseynov isə bundan imtina edib və səs yazısını yayıb.

F.Quliyev geniş ictimai müzakirəyə səbəb olan səs yazısı ilə bağlı açıqlama yayıb.

“AzPolitika.info”-ya göndərilən açıqlamada F.Quliyev M.Hüseynova pul təklif etdiyini təsdiqləyib: “Mehman Hüseynova mənim xeyrimə namizədliyini geri götürməsi və vəkilim olması təklifim bu gün də qüvvəsindədir. Gələcək perspektiv üçün təkliflər də. Əgər seçki qanununa görə namizədin öz namizədliyini müddət olaraq indi geri götürmək imkanı varsa və onun mənim vəkilim kimi indi təqdim imkanı varsa. Səs yazısında deyildiyi kimi, mən sözümü tutan adamam! Amma Mehman Hüseynovun cavabı, dediyi kimi, ən qısa zamanda olmadı. Mətbuatda oldu - o da cavab olmadı. Mən oxşar təklifi keçmiş namizəd, hörmətli Ramazan Bağırova da etdim. Anlaşdıq. Komandamdadı və dəstəyin verir. Bu çox normal təklifdi və istənilən namizədin öz rəqibini dəstəkçisinə çevirərək güclənməsi seçkidə mühüm şərtlərdəndir.

Əsas məsələyə gələk. M.Hüseynovun malı-mala qatmasına. Vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (Şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin) ümumiyyətlə seçkidən çəkiləcəyini bildirdi. Mən ona “konsentrasiyanı pozma, nəticə nə olur olsun (laboratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik", deyərək təsəlli verdim. Bir alimə oxşar vəziyyətdə kömək etdiyimizi də bildirdim (Oxucular yeqin ki, orta məktəbdə əqrəbin çaydan keçirilməsi hekayəsindən xəbərdardı). Əslində montaj olunmuş bu səs yazısının özündə də söhbətin müalicəyə dəstəkdən getdiyi gizlədilə bilinməyib. Nə isə...

Əslində bu məqamlar M.Hüseynovun hazırladığı materialda da qabarıq hiss olunur. Görünür hər cümləni də kəsmək ciddi əlaqəsizlik yaradarmış. Mən bu münasibəti ona görə yazdım ki, gənclərimiz belə olmasın, istedadlarının faydalılıq əmsalını düşünsünlər. Elə Mehman da. O da bizim balamızdı - görünür kifayət qədər hərtərəfli zədələnmiş və ciddi müalicəyə ehtiyacı olan balamız...”

Qeyd edək ki, F.Quliyev başqa cür necə izah etsə də, istənilən halda onun M.Hüseynova namizədliyini geri götürmək qarşılığında, yəni şərt qoşaraq etdiyi təklif rüşvət anlamına gəlir. Bu da F.Quliyevin çətin durumda olduğunu, hətta yenidən deputat mandatı ala bilməyəcəyi ehtimalının yüksək olmasını göstərir.

F.Quliyevin belə təşvişə düşməsi isə tasadüfi deyil. Məsələ ondadır ki, onun əsas himayəçisi - Prezidentin sabiq köməkçisi Əli Həsənov artıq ölkədə söz sahiblərindən biri deyil. Sirr deyil ki, F.Quliyev əvvəlki seçkilərdə Rusiyada yaşayan azərbaycanlı oliqarxın vasitəşiliyi və maddi dəstəyi sayəsində məhz Əli Həsənov tərəfindən dəstəklənmiş və nəticədə 2 dönəm deputat mandatı almışdı.


Əli Həsənov hakim komandadan kənarlaşdırıldığından, nüfuzunu demək olar ki, tam olaraq itirdiyindən F.Quliyevi mandatla təmin etməsi də mümkün deyildi. Bu üzdən F.Quliyevin özünə yeni himayədar tapdığı iddia olunur. Belə ki, "AzPolitika.info"-ya verilən məlumata görə, F.Quliyev növbədənkənar seçki elan olunandan dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovla görüşüb və ondan dəstək xahiş edib. Ancaq Mehman Hüseynovun yaydığı səs yazısı da sübut edir ki, F.Quliyev dəstək vədi alsa da, 100 faizlik mandat sözünü ala bilməyib. Ona görə də, pul gücünə rəqiblərini sıradan çıxarmaq taktikasına üstünlük verib. Lakin göründüyü kimi, bu zaman da hər şeyi alt-üst edib, daha bərbad hala salıb.

Bütün bu biabırçılıqdan sonra iki yol qalır: Ya Fərəc Quliyev üzr istəyib seçkidən çəkilməli, ya da MSK rəqiblərinə rüşvət təklif edən namizədi seçkidən uzaqlaşdırmalıdır.