Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Ər-Riyad şəhərində yaşayan azərbaycanlılarla görüşü keçirilib.

 

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Dövlət Himnimizin səsləndirilməsilə başlayan görüşü giriş sözü ilə açan ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev Dövlət Komitəsinin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirib.

Sonra Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verən Dövlət Komitəsinin sədri Fuad Muradov diqqəti “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Koordinasiya Şuralarının təsis olunmasına, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinə, diaspor xəritəsinə, hazırlanan təbliğati vasitələrin sosial şəbəkələr vasitəsilə yayılmasına və digər məsələlərə cəlb edib. O, həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib.

DİDK nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsindən məmnunluq duyduqlarını bildirən soydaşlarımız qarşılaşdıqları problemlərdən söz açıblar, milli-mədəni dəyərlərimizin təbliği məqsədilə bu ölkədə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar. Səsləndirilən problemlərin bəzilərinə tədbirin gedişi zamanı operativ şəkildə aydınlıq gətirilib.