Son xəbərlər

 


Sentyabrın 7-də Bakıda "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası işə başlayıb.

 

Tədbirdə çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platforma təşkil edir. Cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da ICAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.

Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Əli Əhmədov əmin olduğunu bildirib ki, ICAPP bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.(AzərTAc)