Son xəbərlər

 


Meşələrin kürünməsi “əməliyyatını” aidiyyatı qurumlar prezidentin fərmanı ilə əlaqələndirirlər. Lakin söhbət hansı fərmandan getdiyini bilən yoxdur…

Azərbaycanlı məmur-biznesmenlərin oylaq-yaylaq sevgisi hər bir vətəndaşa məlumdur. Hətta iş o yerə gəlib çatıb ki, xalq arasında filan nazir filan yerdə öz villasını görüb, bu villa kimindir, deyə soruşması ilə bağlı lətifələr də dolaşmaqdadır. Bu öz yerində...

Azərbaycan həm də məmur özbaşınalığı ilə məmur tamahının balanslaşdığı bir ölkəyə çevrilib və bu balansın ağrı-acısını on minlərlə, hətta yüz minlərlə sadə vətəndaşımız bağrına basıb dağ eləməkdədir. İndiyədək yüzlərlə, bəlkə də minlərlə belə hal olub ki, kiminsə torpağı əlindən alınıb, hansısa kəndlinin balaca kafesi böyük otellərin layihəsinin altında əzilərək yox edilib, kimsə hansısa məmurun xoşuna gəlməyib deyə, evi və ya biznes sahəsi buldozer qabağına verilib, kəndlilərin otlaq sahələri əllərindən alınıb məmura peşkəş edilib, min hektarlarla əkinə yararsız dövlət torpaqları qanunsuz özəlləşdirilib və s.

Ölkə prezidenti bütün bu neqativ halları ən kəskin şəkildə tənqid edib və etməkdədir. Lakin buna baxmayaraq bu kimi hallar hələ də davam edir. Çünki məmur tamahı adminstrativ imkanlarına görə davranır və bu tamah öz gücü daxilində hər şeyi özünküləşdirir. Yəni məmurlar qanunlarla öz tamahlarının oyuncağı kimi davranırlar və bu zaman bütün cəmiyyətdə və təbiətdə disbalans yaratmaları onların heç vecinə də olmur.

Azərbaycanda bir çox sahələrdə çoxdan qırmızı həyəcan siqnalı yanır. Lakin biz onları görməməzlikdən gəlirik. Daha doğrusu sıradan vətəndaş olan milyonlarla biz deyil, qirmızı həyacan siqnalına adekvat cavab verməklə məsuliyyətli olan qurumlar o qırmızı həyəcan siqnalını görmürlər və eşitmirlər. Çünki o qurumları təmsil edən məmurlar qırmızı həyəcan siqnalını yaradan səbəbləri özləri ortaya çıxarırlar.

PİA.az “Qırmızı həyəcan” rubrikasından ilk yazısını Azərbaycanın məhv edilən “ağciyərlərinə” həsr edir. Söhbət təbii ki, ölkəmizin məhv edilən bitki örtüyündən gedir. Qeyd edək ki, son bir ildə meşələrin kürünməsi adı altında minlərlə, bəlkə də, on minlərlə hektar meşə sahəsi məmurların əlinə keçib. Və böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bu prosses hələ də davam etməkdədir.

Qeyd edək ki, meşələrin kürünməsi ilə bağlı “Ecofront” adlı “Facebook” səhifəsində kifayət qədər materiallar var və bu yazıda onlara toxunacağıq. Səhifənin idarəçiləri hadisə yerindən videolar, şəkillər çəksə də, bundan əlavə yerli sakinlərdən də əldə edilən bir çox faktlar var. “Ecofront” səhifəsi yazır:

“Son illər meşə fondu torpaqlarının, ETSN-in təbiri ilə desək, “kol-kos” adı ilə bağ salınması məqsədi ilə (aqrobağ deyirlər) uzunmüddətli - 49 illik, iri biznesmenlərə icarəyə verilməsi adi hal alıb. Son bir ildə isə bu prosses ən pik həddə çatıb. Söhbət min hektarlarla kolluq-meşəlik-çay yatağı ekosistemlərindən gedir. Bu ərazilərin zəngin flora və fauna ehtiyatları ilə yanaşı, su, torpaq qoruyucu funksiyaları və seldaşqınlarının dağıdıcı təsirinini minimuma endirmək funksiyası var.

Bu cür hallar Qax Şəki ərazisində özünü daha qabarıq şəkildə göstərir. Qaxın Qaşqaçay ərazisində, Şəkininin Bideyiz və Köbər Zəyzit kəndləri ətrafında razılaşdırılmış 500-1000 hektara yaxın ərazinin demək olar ki, tamamı kürünüb (ərazinin genişlənmə potensialı çoxdur), Şəkinin Cunun və Baş Layısqı kəndləri ətrafında 2500 hektar kolluq ərazinin kürünməsinə razılıq verilib.

Bu ekoloji cinayətdir, coğrafiyamızın səhralaşmasıdır, sel daşqınları təhlükəsinin artması deməkdir!

Ekologoia və Təbii Sərvətlər Nazirliyinə bağlı olan yerli meşə təsərrüfatı işçiləri bu işlərin Prezidentin fərmanı əsasında görüldüyünü iddia edirlər. ETSN-in açıqlamasına görə məhsuldarlıq və məşğulluq adına görülən bu işlər əslində səmimiyyətdən və strateji hədəflərdən çox uzaqdır və yalnızca bir qrup məmur-biznesmenin marağına xidmət edir.

Kənd sakinləri narazılıqlarını bildiriblər, amma daha açıq etirazdan qorxurlar. Aidiyyatı qurumlar prezidentin fərmanını əsas gətirirlər. Söhbət hansı fərmandan gedir bilən yoxdur.

Kənd sakinləri mal qarasını otarmaq üçün otlaqlarını itirir. Vaxtı ilə otarmaya belə maneə yaradan, kənd sakinlərini cərimə edən ETSN isə bu cinayətlərə nəyinki göz yumur, daha böyük ərazilərin kürünməsi üçün investor axtarışındadır.

Kənd təsərrüfatı məhsullarının tədarükü və satışı bir qrup şəxsin əlində cəmlənib və qiymətlər suni şəkildə aşağı salınır. İnsanlar öz məhsullarını ya dəyər dəyməzinı satır ya da sərf etmədiyi üçün heç yığmırlar. Məcbur qalıb, bu cür iri fermalarda əsasən mövsümi işlərdə ucuz işçi qüvvəsi kimi işləməli olurlar.

İstehsalat Məhsularlıq və məşğuluq ən ağlabatan yolu yerli fermerlərə dəstək olmaq olardı.

“Ecofront” olaraq bu ekoloji cinayətin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Sərbəst toplaşmaq hüququmuz da daxil olmaqla bütün sivil etiraz və təbliğat metdolarlarından istifadə edəcəyik. Kompaniyamızı resurslarımıza, prosesə və reaksiyalara adekvat olaraq davam etdirməyə çalışacağıq”.

Hadisə yerində, yəni Şəki Rayonu Köbər Zəyzit kəndi yaxınlığında yüzlərlə hektar meşənin küründüyü yerdən çəkilən fotoşəkillərə baxdıqda məlum olur ki, meşələri kürümək üçün istifadə edilən texnikanın dövlət qeydiyyat nişanı yoxdur. Hətta peyk görüntülərindən də məlum olur ki, ərazi düzənləşdirilib. ETSN də hələ bütün bu baş verən qanunsuzluqları və özbaşınalıqları hansısa prezident fərmanı ilə əlaqələndirir.

Bəlkə, bu gedişatla məmurlar Azərbaycanın ekosistemini tamamilə məhv edəcəklər və ölkənin ekosistemini öldürdükləri kimi, bizi də öldürdülər. Əslində bu məntiqi nəticədir və idarə olunmayan tamah həmişə fəlakətə səbəb olur. Bu adi aksiomadır.

Ölkədə talanan bütün sərvətlərlər bir yana, ekosistemi dağıtmaq gələcək üçün yaşanmayacaq bir diyar yaratmaq deməkdir. Bəlkə də, bəzi məmurlar elə düşünürlər ki, özləri bu torpaqlarda sadəcə talamaq üçün yaşayın başqa ölkələrin cənnət guşələrində özlərinə sığınacaq tapacaqlar deyə belə davranırlar. Onsuz da, bu oliqarx məmurlar çoxdan xarici ölkələrdə səfalı meşələrin qoynunda özlərinə villalar alıblar, övladlarını da bu ölkədən göndəriblər…