Son xəbərlər

 


 “Azərişıq” ASC Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması, enerji verilişində  uzun müddət mövcud olan problemlərin aradan qaldırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.

 

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

O, qeyd edib ki, Ağcabədi rayonunun, xüsusi ilə də şəhər ərazisinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi və perspektiv inkişafı nəzərə alaraq Ağcabədi şəhər ərazisində yerləşən, uzun müddət istismarda olan,  pik vaxtlarda artıq yüklənən 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçməklə yenidən qurulub.

Habelə yarımstansiyada 2 ədəd 110/35/10 kV-luq 20 MVA gücündə transformator, 2 ədəd müasir tipli eleqaz açarlı 110 kV-luq açıq paylayıcı qurğu, məsafədən idarə olunan ayırıcılar quraşdırılıb.  6 ədəd ehtiyat yuva olan 35 kV-luq müasir tipli qapalı paylayıcı qurğu, 2 bölmədən ibarət 10 kV-luq qapalı paylayıcı qurğu inşa edilib. T.Mustafayev deyib ki, yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

T.Mustafayevin sözlərinə görə, yarımstansiyanın dayanıqlı enerji təchizatı məqsədi ilə dairəvi sxem üzrə 330 kV-luq Ağcabədi yarımstansiyasından çıxan 110 kV-luq Beyləqan-1 hava xəttindən  və 330 kV-luq İmişli yarımstansiyasından çıxan 110 kV-luq İmişli-Ağcabədi hava xəttindən 1,4 km 110 kV-luq xətt çəkilərək sxemə qoşulub.

“Yeni tikilmiş yarımstansiya vasitəsi ilə Ağcabədi şəhər əhalisinin, sənaye və kənd təsərrüfatı obyektlərinin keyfiyyətli və fasiləsiz enerji təchizatı təmin edilib. Yarımstansiyadan 5262 əhali abonentinin, 831 qeyri-əhali abonentinin, ümumilikdə 6093 abonentin  enerji təchizatı həyata keçirilir”,-o deyib.  

T.Mustafayev bildirib ki, Beyləqan Elektrik Şəbəkəsinin 110/35/10 kV-luq “Beyləqan-2” yarımstansiyasından çıxan             35 kV-luq Mil-Massiv hava elektrik veriliş xətti Beyləqan Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Kəbirli”, Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Salmanbəyli”, eləcə də  Laçın (Taxta Körpü) ərazisində məskunlaşmış məcburi köçkünlərin enerji təchizatını həyata keçirən 35/10 kV-luq “Mil-Massiv” yarımstansiyasını elektrik enerjisi ilə təmin edir.

“35 kV-luq Mil-Massiv hava elektrik veriliş xəttinin uzunluğu 57,5 km olmaqla uzun illər əvvəl istismara verilmişdi. Xəttin məsafəsinin uzun olması, eləcə də Beyləqan və Ağcabədi rayonları arasında sıx meşə massivindən keçməsi istismarı üçün çətinliklər yaradırdı. Belə ki, qeyri-sabit hava şəraitlərində  meşə massivindən keçən hissədə qəzaların baş verməsi zamanı xəttə maşın-mexanizmlərin yanaşması mümkün olmur. Xəttə yaranmış qüsurların aradan qaldırılması uzun zaman tələb etdiyindən Laçın (Taxta Körpü) ərazisində məskunlaşmış məcburi köçkünlərin enerji təchizatında fasilələrin və narazılıqların yaranmasına səbəb olurdu. Həmçinin, elektrik enerjisinin qeyd olunan uzaq məsafədən verilməsi gərginliyin normalardan aşağı olmasına  və küllü miqdarda texniki itkilərin yaranmasına gətirib çıxarırdı”,-”Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri əlavə edib.

T.Mustafayev görülən işlər haqda onu da bildirib ki, yeni tikilmiş 110/35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası  tikilən zaman layihədə 35 kV-luq çıxış xətti nəzərdə tutulub. Həmin çıxışdan 2,0 km məsafədə 35 kV-luq xətt çəkməklə              1860 abonentin elektrik enerjisi ilə təmin olunduğu 35/10 kV-luq Salmanbəyli yarımstansiyasının, həmin yarımstansiyadan enerji ilə təmin olunan, Ağcabədi rayonunun ən böyük kəndlərindən olan Avşar kəndinin, ərazidə yerləşən subartezian quyularının, nasosların və  Laçın (Taxta körpü) ərazisində 84 obada məskunlaşmış 1748 qaçqın və məcburi köçkün abonentinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı təmin ediləcəkdir.

“Hazırda “Azərişıq” ASC-nin köməkliyi ilə şəbəkənin daxili imkanları hesabına  yeni 35 kV-luq xəttin tikintisi işlərinə başlanılmış, yaxın müddətdə başa çatdırılması planlaşdırılır. Yeni çəkilmiş 35 kV-luq xətt istehlakçıların keyfiyyətli və dayanıqlı enerji təchizatı ilə bərabər, Beyləqan və Ağcabədi rayonlarının  dairəvi sxem üzrə enerji təchizatına səbəb olacaqdır”,-T.Mustafayev bildirib.(Virtualaz.org)