Son xəbərlər

 

Gəncədəki 2 saylı Körpələr evi ilə bağlı bu günlərdə sosial şəbəkələrdə yayılmış qalmaqallı videogörüntü ilə bağlı araşdırma aparılıb.

 

Bu barədə virtualaz.org-a Körpələr evinin direktoru Lətifə Kərimova məlumat verib.

Görüntülərdə körpələrin iplə bir-birinə bağlandığı iddia olunurdu. “Uşaq bezləri dolanda balacalar onu çıxarmağa cəhd edirlər, nəticədə ətrafı bulayırlar”,-görüntülərdə bildirilirdi.

L.Kərimovanın sözlərinə görə, araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təstiqini tapmayıb. Bununla belə uşaqların bezlərinin düşməməsi üçün körpələrin bellərinə uzun corablar bağlanması aşkarlanıb və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb. Digər dayələrə isə ciddi xəbərdarlıq olunub. Direktor deyib ki, hazırda körpələr evində 17 azyaşlı qalır, onlardan ən kiçiyi 1 aylıqdır. “Bəziləri atılıb, bəzilərinin isə ya anası, ya atası var, yaxud nənə-baba himayəsində olub. Müxtəlif səbəblərdən ailələri onları uşaq evinə yerləşdiriblər”,-Kərimova əlavə edib.

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirən direktor əlavə edib ki, müəssisə tam təmirsiz deyil. Hazırda körpələr evində təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Yaxın zamanlarda ya yeni bina ilə təmin olunacaq, ya da əsaslı təmir ediləcək.

Qeyd edək ki, körpələr evində yalnız üç yaşa qədər olan uşaqlar saxlanılır.

Sozazadligi.org